• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Üçüncü dünya müharibəsi başlaya bilər” - AÇIQLAMA

  • Nida.az
  • 8 Aprel 2014 16:09
  • 569 Baxış
“Üçüncü dünya müharibəsi başlaya bilər” - AÇIQLAMA

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Ukrayna ilə Rusiya arasında yaranan böhranın üçüncü dünya müharibəsinə gətirib çıxarma ehtimalının olduğunun bəyan edib.

Deputat F.Ağamalı Publika.Az-a açıqlamasında bildirib ki, Ukrayna ilə bağlı Rusiya daha çox dərinə gedir: “Görünür ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünə yönəlmiş daha ciddi planları var. Krımdan fərqli olaraq Ukraynanın Şərq vilayətlərində ukraynalılar əhalinin ən azı 50 faizini təşkil edir.

Buna baxmayaraq Rusiya qoşunları artıq sərhədi keçərək Şərqi Ukrayna vilayətlərində yerləşdirilib. Ancaq hələ ki, Ukraynanın Şərq vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən mitinqlər kütləvi deyil. Burada daha çox aqressiv xarakter daşıyan hərəkətlər müşahidə olunur ki, bunun da arxasında şübhəsiz Rusiya dayanır”.

F.Ağamalı deyib ki, hazırda vəziyyət çox mürəkkəbdir: “İnana bilmirəm ki, ABŞ və Qərb beynəlxalq münasibətlərə zərbə vuran və böyük çatlar yaradan Rusiyanın bu hərəkətini sonadək müdaxilə etməyəcək. Çünki bu presidentdir ki, beynəlxalq münasibətlər sistemində II dünya müharibəsindən sonra yaradılmış olan ərazilərin pozulmaması prinsipi indi Rusiya tərəfindən sözün həqiqi mənasında açıq-aşkar pozulmaqda davam edir. Bu isə dünyada böyük problemlər və təhlükələr yarada bilər.

Nəzərə alsaq ki, dünyada ayrı-ayrı ölkələrin bir-birinə qarşı ərazi iddiaları var. Lakin bunların əksəriyyəti hələ ki, böyük qarşıdurma xarakteri daşımır. Ancaq Rusiyanın bu hərəkətləri ola bilsin ki, dünyada bu cür ölkələrin də hərəkətini stimullaşdırar və nəticədə yeni münaqişə ocaqları yaranar. Hətta, NATO ilə Rusiya arasında da münaqişə yarada və bu da üçüncü dünya müharibəsinə qədər gətirib çıxara bilər.

İnanmıram ki, Rusiyanın Şərqi Ukraynanı ələ keçirməyə çalışması dünya dövlətləri, o cümlədən Qərb tərəfindən biganə qarşılansın. Ukraynanın rəsmi hakimiyyəti ölkənin suverenliyinə qarşı addım kimi dəyərləndirdiyi bu cür addımların qarşısını almaq üçün kütləvi şəkildə anti-terror əməliyyatlarının aparılması barədə qərar qəbul edib. Yəqin ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etmək üçün daha ciddi hərəkətə keçmək niyyətindədir. Biz bunun yaxın günlərdə şahidi də olacağıq.

Anti-terror əməliyyatların başlanması isə Rusiya ilə Ukrayna münasibətləri hərbi münaqişəyə qədər gətirib çıxara bilər. Ukrayna ilə Rusiya arasında müharibənin başlanması isə üçüncü dünya müharibəsinə qədər gətirib çıxara bilər”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR