Ukrayna Əli Kərimliyə qulaq asmadığı üçün Krımı itirib? - Qəribə məntiq
Bizi izləyin

Nida.az

Ukrayna Əli Kərimliyə qulaq asmadığı üçün Krımı itirib? - Qəribə məntiq

Ukrayna Əli Kərimliyə qulaq asmadığı üçün Krımı itirib? - Qəribə məntiq

AXCP sədri Əli Kərimlinin Ukrayna inqilabçılarını qətiyyətsizlikdə günahlandırması müxalif düşərgədə yeni polemika mövzusu açdı. REAL funksioneri Altay Göyüşov Əli Kərimliyə “20 ildir hakimiyyətə gələ bilməyən birisinin qətiyyətdən danışmağı qəribədir” deməsi cəbhəçiləri hiddətləndirdi və sosial şəbəkələrdə REAL-a qarşı hücum başladı. Ardınca REAL-çılar hücuma keçdi və beləliklə, Ukrayna məsələsi Azərbaycan müxalifətini parçaladı.

“Bu, ən yaxşı halda siyasətə çox səthi yanaşmadan doğa bilər”

Publika.Az xəbər verir ki, cəbhəçilərin ittihamlarına cavab olaraq A. Göyüşov son olaraq bildirib ki, onun məqsədi Əli Kərimlini tənqid etmək olmayıb: “Qərəzsiz yanaşan hər bir insan anlaya bilər ki, mənim məqsədim Ukrayna inqilabçılarının Əli Kərimli tərəfindən, əsassız ittiham edilməsinə etiraz idi. Çünki mən hesab edirəm ki, bu insanlar qətiyyətlərini barrikadalar üstünə getməklə, meydanlarda olmaqla və 100 nəfər itkidən sonra nailiyyətlərini əldə etməklə sübut ediblər. Bunları qətiyyətsizlikdə ittiham etmək qətiyyən adekvat münasibət deyil.

İddia edirlər ki, biz Ukraynanın yeni hökumətini inqilab dövründəki hadisələrə görə deyil, hakimiyyətə gəldikdən sonra Krımın itirilməsinə bais olduqlarına görə qətiyyətsiz adlandırırıq. Bəs dünən müxalifət olduğu dövrdə topdan-tüfəngdən istifadə edən hakimiyyətə qarşı qətiyyətli olan müxalifət necə oldu ki, qətiyyəti hakimiyyətə gələndən sonra buxarlandı? Deməli, burada hadisələrə səthi deyil, daha dərindən yanaşmaq lazımdır.

Krımın itirilməsini yeni Ukrayna hakimiyyətinin qətiyyətsizliyi kimi qiymətləndirmək, hansısa başqa məqsəd yoxdursa, ən yaxşı halda siyasətə çox səthi yanaşmadan doğa bilər”.

“5 rayonu Rusiya işğal etdi”

Oxşar hadisələrin Kəlbəcərlə də baş verdiyini deyən A. Göyüşov qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdə olarkən Kəlbəcər itirilib. Onun sözlərinə görə, bu cəbhə hakimiyyətinin qətiyyətsizliyi üzündən baş verməyib: “Kəlbəcər Rusiyanın hərbi dəstəyi ilə işğal olunub. Yaxud Heydər Əliyev artıq hakimiyyətə gələndən sonra 5 rayon işğal olunub. O 5 rayonun işğalı da Rusiyanın müdaxiləsi ilə baş verib. Dnestryanı, Mirçe Snequrdan bu tərəfə Moldova hakimiyyətlərinin qətiyyətsizliyi səbəbi ilə işğal olunmayıb, onu Rusiya işğal edib. Yaxşı, tutaq ki, Azərbaycanı dəyərləndirmək bir az qəlizdir. Amma heç olmazsa, qonşu Gürcüstanın yaxın tarixini yada salmaqla daha hərtərəfli mənzərəni təsəvvür etmək olar. Qamsaxurdiya qətiyyətsiz idi? Döyüşə-döyüşə çıxdı parlamentdən, döyüşə-döyüşə də öldü. Nə hakimiyyətini qoruya bildi, nə də Abxaziya ilə Osetiyanı. Şevardnadze hakimiyyətə gələn kimi Abxaziyaya hücuma keçdi və əslində, qələbə ərəfəsində idi, Rusiyanın hücumu ilə məğlubiyyətə uğradıldı. Saakaşvili gecə ilə Tsxinvalini tutdu, amma Putinin müdaxiləsi ilə az qala Tbilisini də itirirdi. Nə qətiyyət a kişi? İndi bütün bunları biləndən sonra “Ukrayna hökuməti Rus ordusunun bazası yerləşən Krımın müdafiəsində qətiyyət göstərmədi” demək bilərəkdən, ya bilməyərəkdən reallıqları göz ardına vurmaqdır”.

“Rusiyanı necə üstələyəcəksiniz?”

REAL rəsmisi bildirib ki, ölkəni Rusiyaya satmaq istəyənlərə qarşı inqilab edib qətiyyət və şücaət göstərənləri ədalətsizcəsinə qətiyyətsizlikdə günahlandırmaq olmaz: “Ona görə deyirdim ki, siz heç bu öyündüyünüz qətiyyətinizlə Azərbaycan hökumətini 20 ildir üstələyə bilmirsiniz, Rusiyanı nə təhər üstələyəcəksiniz? Ukrayna müxalifəti ən azı qətiyyəti ilə 100-dən çox itki verərək toplu-tüfəngli, öldürməyə hazır olan və öldürən hakimiyyəti devirmişdi. Onlara qətiyyətsiz demək Ukraynada baş verənləri gözdən salmaq istəyənlərin dəyirmanına bilərəkdən, ya bilməyərəkdən su tökməkdir”.

Əli Kərimli REAL-çıları həvəskar adlandırdı

Bu arada Əli Kərimli dediyi fikirləri təsdiq etmək üçün bir çox sitatlar gətirib və “siyasət həvəskarların yeri deyir” deməklə REAL-a atmaca atıb: “7 apreldə yazdığım yazıda qeyd etmişdim ki, siyasət ilk növbədə lazım olan vaxtda, lazım olan qərarları vermək peşəsidir. Bu yazıda isə əlavə etmək istəyirəm ki, bütün digər peşələr kimi siyasət də peşəkarlığı sevir, həvəskarların yeri deyil”.

Ukrayna Krımı niyə itirdi?

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə məsələyə olduqca qəribə reaksiya verib. Onun fikrincə, Ukrayna müxalifəti AXCP-nin sözünə qulaq asmadı, bu üzdən də bütün bunlar baş verdi: “Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm