“Rus xalqı cahil və dözümlüdür” – Rəylər
Bizi izləyin

Nida.az

“Rus xalqı cahil və dözümlüdür” – Rəylər

“Rus xalqı cahil və dözümlüdür” – Rəylər

Ukrayna Krımdan sonra ölkənin şərq regionlarını da itirmək təhlükəsi ilə üz-üzədir. Donetskdə bir neçə inzibati bina Rusiya tərəfdarlarının nəzarəti altındadır. Rəsmi Kiyev isə terrorçuların Rusiya agentlərinin rəhbərliyi altında fəaliyyət göstərdiyini iddia edir. Ukrayna hakimiyyətinin bir başqa iddiasına görə, Moskva Rusiya tərəfdarı olan Ukrayna vətəndaşlarına daha çox silah paylamağa çalışır.

Ukraynanın şərqində baş verən hadisələrə Qərbin reaksiyası necə olacaq, bu Krım hadisələri zamanı göstərilən reaksiyadan fərqli olacaqmı?

Publika.Az – a açıqlamasında politoloqlar Zərdüşt Əlizadə və Fikrət Sadıxov Ukraynanın şərqində baş verən hadisələri şərh edib.

Qərbin Krım hadısələrinə görə, Rusiyaya sanksiyalar tətbiq etdiyini xatırladan F.Sadıxov indiki halda Qərbin daha sərt addımlar atacağını güman edir. İndiyə kimi Rusiyaya qarşı sərt reaksiyanın göstərilməməsinə gəlincə, o, bunu Avropanın ciddi tələbatının olduğu Rusiyanın enerji ehtiyatları ilə izah edir: “Qərb hələlik beynəlxalq təşkilatlar müstəvisində Rusiyanın hərəkətlərinə münasibət bildirir. Məsələn, BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü tanıyan qətnamə qəbul olunub, Rusiya ilin sonuna kimi AŞPA-da səsvermə hüququndan məhrum edildi. Amma bunların hamısı Rusiya üçün ciddi bir zərbə hesab olunmur. Hesab edirəm ki, Moskva bütün bunlara hazır idi. Bundan sonra isə hansısa sərt embarqolar tətbiq oluna bilər. Amma Qərb üçün bunu etmək də çətindir, çünki Rusiyanın təbii ehtiyatları onları düşündürməyə vadar edir. Bununla belə, NATO-nun Rusiya sərhədlərinə daha da yaxınlaşması müşahidə oluna, eyni zamanda Ukraynanın NATO ilə əməkdaşlığı daha da genişlənə bilər. Düşünürəm ki, Qərb bunları edəcək”.

Vəziyyətin həddindən artıq gərgin olduğunu deyən politoloqun sözlərinə görə, yaxın günlərə qədər parçalanma ərəfəsində olan Ukrayna hazırda vətəndaş müharibəsinin astanasındadır: “Rusiya Şərqi Ukraynada konkret addımlar atır. Burada Rusiyanın gizli silahlı dəstələri var və rusdilli əhaliyə dəstək göstərilir. Düzdür, açıq işğaldan çəkinirlər, amma gizli şəkildə silah paylayır, inzibati binaların tutulmasında hansısa formada iştirak edirlər. Digər tərəfdən isə rəsmi bəyanatlar verirlər ki, Ukrayna hakimiyyətinin antiterror əməliyyatları keçirməsinə imkan verməyəcək və bunun qarşısını alacaqlar. Rusiya əlindən gələni edəcək ki, Şərqi Ukraynadakı rusdilli əhalini əhatə dairəsinə cəlb etsin”.

Zərdüşt Əlizadə isə Rusiyanın etnik məsələdən istifadə edərək Ukraynanı əlində saxlamaq istədiyini deyib: “Soyuq müharibə” vaxtı imperialist SSRİ məğlub oldu və imperialist Qərb qalib gəldi. Bundan sonra Qərb Şərqi Avropanı Rusiyanın nəzarətindən çıxardı, üç Baltikyanı respublikanı NATO və Avropa İttifaqına daxil etdi, digər respublikalarda isə özü üçün dayaqlar yaratdı. Qərb indi də Ukraynanı qopartmaq istəyir. Rusiya isə buna əvvəlcədən yaratdığı etnik münaqişələr vasitəsilə müqavimət göstərir. Bunu əvvəlcə Moldova, Gürcüstan və Azərbaycanda etdi, indi isə Ukraynada edir. Rusiya məqsədlərinə çatmaq üçün Qərb kimi beynəlxalq hüquqa tüpürür. Qərb də keçmiş Yuqoslaviyanı bombalayanda və Kosovanın müstəqilliyini tanıyanda beynəlxalq hüquqa eyni cür yanaşmışdı. Yəni vaxtilə Qərbin etdiyi həyasızlığı indi Rusiya edir. İki həyasız qüvvə arasındakı qarşıdurmada bədbəxt, cahil Ukrayna xalqı əziyyət çəkir. Ümid edək ki, üçüncü dünya müharibəsi olmayacaq, bəşəriyyətin sonu gəlməyəcək. Amma kim daha cəsarətlidirsə, o qanunu pozub mənafeyini müdafiə edəcək”.

Politoloq hesab edir ki, Ukraynanın şərqində baş verən hadisələrə Qərbin reaksiyası Krım hadisələri zamanı göstərilən reaksiyadan heç nə ilə fərqlənmir: “Qərbin özünün strateji maraqları var, Ukrayna isə burada bir alətdir. Qərb Rusiyaya qarşı tədbirlər sistemi həyata keçirirlər. Bunun özü də qarşılıqlı cəzadır. Məsələn, Fransadan tələb edirlər ki, “Mistral” hərbi gəmilərinin Rusiyaya satışı ləğv edilsin. Onların qiyməti isə 2 milyard dollardır. Bu Fransa hərbi sənaye kompleksi üçün yağlı tikədir. Fransa deyir ki, satışdan imtina etsəm, ziyanımı ödəməlisiniz. Latviya da deyir, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulsam, Avropa İttifaqı ziyanımı ödəməlidir. Onların ziyanını kim ödəyəcək? Heç kim. Sanksiyalar iki tərəfli silahdır. Rusiya böyük və zəngin ölkədir. Xalqı dözümlü və cahil xalqdır. Bütün bunlardan istifadə edən hakim zümrə iqtisadi sanksiyalara məhəl qoymaya bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm