“Milli Şura hakimiyyətlə dialoqa getsin”
Bizi izləyin

Nida.az

“Milli Şura hakimiyyətlə dialoqa getsin”

“Milli Şura hakimiyyətlə dialoqa getsin”

Sabiq Baş Prokuror İxtiyar Şirinov Ukrayna hadisələri ilə bağlı Azərbaycan müxalifətini, o cümlədən, Milli Şuranı iqtidarla həmrəy olmağa və gözlənilən təhlükələrdən qorunmaq üçün birgə mübarizə aparmağa çağırıb.

İ.Şirinov publika.az-a açıqlamasında bildirib ki, Ukrayna hadisələrindən sonra yaranan vəziyyət Azərbaycan üçün də çox təhlükəlidir. Onun sözlərinə görə, bu məqamda müxalifət Azərbaycanın mənafeyinə zidd olan heç bir addım atmamalıdır: “Düşmən dəyirmanına su tökmək lazım deyil. Milli Şurada təmsil olunanlar dünyada gedən proseslərdən ibrət dərsi almalıdır. Ümumiyyətlə, təkcə Milli Şurada olanlar deyil, elə müxalifətdə və hakimiyyətdə olanlar da dünyada və Ukraynada gedən proseslərdən ibrət götürməlidir. Azərbaycan kimi ölkədə müxalifətin iqtidarla demokratik məsələlərdə razılığa gəlməyi vacibdir.

Ukraynada baş verən hadisələr göz qabağındadır, 2008-ci ilin Gürcüstan hadisələri yəqin ki, bu ölkəyə dərs oldu. Düşünülməmiş heç bir addım atmaq olmaz. Hakimiyyətə gəlmək və hakimiyyətdə qalmaq əsas məqsəd olmalı deyil. Məqsəd insanlara və dövlətimizə xidmət olmalıdır. Ona görə də hamımız çalışmalıyıq ki, Azərbaycanda siyasi böhran yaratmayaq. Bu hamıya aiddir”.

İ.Şirinov Milli Şuraya qoşulmaması ilə bağlı məsələni də şərh edib: “Milli Şurada yoxam və orada gedən proseslərdən yaxından məlumatım yoxdur. Milli Şura ilə bağlı məlumatları ancaq mətbuatdan oxuyuram. Milli Şuraya qoşulmaq niyyətim yoxdur. Əgər belə niyyətim olsaydı, əvvəlcədən bildirərdim. Düzdür, mənə Milli Şuradan dəvət də olmayıb. Ancaq mənim özümdə də Milli Şuraya qoşulmaq həvəsi yox idi. Siyasətlə məşğul olan adamlar üçün danışmağa çox məsələ var. Lazım deyil ki, gedib ancaq Milli Şurada danışasan. Milli Şurada olan adamlara yalnız uğurlar arzu edirəm. Arzu edirəm ki, bub qurum şəffaf və demokratik fəaliyyət göstərsin, milli maraqlara xidmət etsin, bu təşkilatdan ölkəmizə və millətimizə heç bir ziyan gəlməsin, süni qarşıdurmalar yaranmasın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm