• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlılar rus ordusunda? - Kremldən ilginc qərar

  • Nida.az
  • 15 Aprel 2014 13:45
  • 2 472 Baxış
Azərbaycanlılar rus ordusunda? -  Kremldən ilginc qərar

Rusiya Dövlət Duması orduda təcili xidmət keçmək əvəzinə vətəndaşlığın verilməsi məsələsini gündəmə gətirib.

Publika.Az rus mediasına istinadən xəbər verir ki, Dumanın Müdafiə məsələlər üzrə komitəsində yaxın günlərdə “Hərbi borc və hərbi xidmət haqqında” qanuna düzəliş layihəsi müzakirəyə çıxarılacaq. Qanuna təklif olunan düzəliş xarici vətəndaşların Rusiyada təcili hərbi xidmət keçməsi ilə bağlıdır. Hansı ki, bu şəxslər Rusiya ərazisində doğulublar. Çünki Rusiyada yaşayan miqrantların orda doğulan uşaqlarının əksəriyyəti bu ölkənin vətəndaşlığını ala bilməyib. Deputatlar bu şəxslərə hərbi xidmət əvəzinə dərhal vətəndaşlıqla bağlı pasportun verilməsini təklif edirlər.

Daha bir diqqət çəkən düzəlişlə bağlı təklif isə Rusiyada yaşayan miqrantların da rus ordusunda hərbi xidmətdən keçməsi və qarşılığında vətəndaşlıq almasıdır. Belə ki, bu şəxslər öz ölkələrində hərbi xidmət keçməyiblər və Rusiyada doğulmasalar da, rus torpaqlarında yaşayırlar, onlara bu imkan tanınacaq.

Parlamentin aşağı palatası “Rusiya miqrantları ittifaqı”nın bununla bağlı hökumətə müraciətindən sonra məşğul olmağa başlayıb. Dumanın müdafiə məsələlər üzrə komitəsinin üzvü Viktor Vodolaskiy məsələni şərh edərkən deyib ki, Rusiya ordusunda xidmət keçmək miqrant uşaqları üçün kifayət qədər problemli məsələdir. Onun fikrincə, bu qanunvericilikdə həllini tapmalıdır: “Rusiya vətəndaşlığını almamış, amma bizim ölkənin ərazisində doğulmuş miqrant uşaqları orduda xidmət keçmək, hətta zabit olmaq istəyirlər. Biz bu məsələni komitənin ən yaxın iclaslarında müzakirə edəcəyik”. O, hərbi xidmət əvəzinə miqrantlara Rusiya pasportu verməyi təklif etdiklərini açıqlayıb.

Orduda Fransa modeli

Deputat Frans Klinseviç isə bildirib ki, Rusiyada artıq Tacikistanda sınaq üçün 201-ci diviziya var: “Orda müqavilə üzrə Tacikistan və Özbəkistan vətəndaşları xidmət edirlər. Bu fransızların xarici legionuna bənzər formada yaradılıb. Təcili xidmətə əcnəbilərin qəbuluna gəldikdə isə biz bunu müzakirə edirik və mümkün olduğunu hesab edirik. Əgər buna ehtiyac olduğu sübut edilsə, qanunvericilikdə dəyişiklik edilə bilər”.

Miqrantların hərbi xidmətə qəbul edilməsi ilə hökumətə müraciət edən “Rusiya miqrantları ittifaqı”nın rəhbəri Məhəmməd Amin bildirib ki, bu yaxşı təşəbbüsdür və o, deputatların müsbət reaksiyasının yüksək qiymətləndirir: “Rusiya ərazisində doğulmuş uşağın valideynlərindən biri Rusiya vətəndaşıdırsa, ona vətəndaşlıq avtomatik verilir. Amma hər iki valideynin vətəndaşlığı yoxdursa, burda problemlər yaranır. Bu baxımdan, məsələ ilə bağlı əməkdaşlıq yaxşı addımdır. Hakimiyyətdən bizim müraciətimizə daha yaxşı baxmağı və nəzərə almağı xahiş edirik. Çünki Rusiyada yaşayan miqrant vətəndaşlıq, mənzil hüququ və digər hüquqları tələb edirsə, Rusiya ordusunda xidmət keçməlidir”.

Qeyd edək ki, bu miqrantlar üçün stimul verici təklif olsa da, Moskvanın post-sovet ölkələri üçün yeni ssenarisi kimi də qəbul edilməlidir. Konkret Azərbaycanı götürsək, hazırda Rusiya torpaqlarında 2 milyondan çox azərbaycanlı işləyir. Onlardan 600 minə qədər rəsmi qeydiyyatdadır, amma vətəndaşlıq alanların sayı 200 minə çatmır. Yəni bu dəyişiklik qüvvəyə minsə- hansı ki, yüksək ehtimaldır- Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlıların Rusiya ordusuna axınına səbəb olacaq.

Digər tərəfdən bu, Azərbaycan Ordusunda potensial çağırışçı problemini yaradacaq. Belə ki, əvvəlki illərə nisbətən azalma tendensiyası müşahidə olunsa da, bu gün hərbi xidmət keçmək istəməyənlərin Rusiyaya üz tutduğu məlumdur.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR