• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Mirzə Xəzər: “Heç bir siyasi bloka qoşulmaq niyyətində deyiləm” - Müsahibə

  • Nida.az
  • 23 Aprel 2014 11:25
  • 1 071 Baxış
Mirzə Xəzər: “Heç bir siyasi bloka qoşulmaq niyyətində deyiləm” - Müsahibə

Tanınmış jurnalist, “Amerikanın səsi” və “Azadlıq” radiolarının Azərbaycan bölməsinin keçmiş rəhbəri Mirzə Xəzərin Publika.Az -a müsahibə verib.


- Mirzə bəy, hər kəs sizi radiodan danışan adam kimi xatırlayır. Hazırda nə işlə məşğulsunuz?


- Artıq on ildir əsas etibarı ilə yazmaqla məşğulam. Öz saytım üçün şərh və məqalələr yazıram. Sosial mediada fəal iştirak etməyə çalışıram. “Facebook” və “Twitter”də hesablarım var. Minlərlə dost və "təqibçim" var. Hər gün onlarla ünsiyyətdəyəm. Keçən il ilk kitabım çıxdı. “Söz uçar yazı qalar” kitabına 2004-2011-ci ildə yazdığım şərhlər, esselər, məqalə və müsahibələrim daxildir. Hal-hazırda ikinci kitabımı nəşrə vermək üzrəyəm. İkinci kitaba 2011-2013-cü illərdə yazdığım məqalə və şərhlər daxildir. Demək olar ki, vaxtım səmərəli keçir.

- Zamanında hər kəs sizi dinləyirdi. İndi yəqin ki, efirlərə baxırsınız. Telekanalların, radioların durumunu məqbul hesab edirsinizmi?

- Bəlkə bir çoxlarına gülməli, təəccüblü gələcək, amma mən Azərbaycan telekanallarını seyr etmirəm və radiolara qulaq asmıram. Mənim üçün əsas məlumat mənbəyi türk, alman və ingiliscə olan telekanallar, Azərbaycanın qəzet və saytlarıdır. Çox vaxt Türkiyə televiziyasına baxıram. Azərbaycan telekanallarına qiymət verə bilmərəm. Yalnız mətbuatda gedən yazılardan belə nəticə çıxarda bilərəm ki, televiziya verilişlərinin səviyyəsi aşağıdır. Azərbaycanda dilində efirdə səslənən xarici radiostansiyaları dinləmirəm. Buna ehtiyac da duymuram.

- Jurnalistika fəaliyyətinizi hansısa media qrupunda davam etdirmək fikriniz var, yoxsa...?

- Yox, elə bir planım yoxdur. Açığı, heç bir media qrupundan təklif almamışam. Lakin təklif alsam belə qəbul etmək niyyətində deyiləm. İndiki sərbəstliyim mənə dəyərlidir. Hansısa media qrupunda işləmək o qrupun qayda-qanunlarına riayət etməyi tələb edir. Mən öz yaradıcılığımı hər hansı bir çərçivəyə salmaq istəmirəm. Belə bir dar çərçivədə, hansısa qayda və göstərişlərdən asılı vəziyyətdə işləməyə meylim olsaydı, vaxtı ilə mən də yaltaqlıq edib təzyiqlərə boyun əyərək, 2003-cü ildə qürurumu yerə vuraraq radiostansiyada işləməyə davam edərdim. Amma mən bu yolu seçmədim və seçmək niyyətində deyiləm. Mən yaltaqlanmağı bacarmıram. Riyakarlıq və ikiüzlülük təbiətimə yaddır.

- Bir müddət əvvəl sizin Milli Şuraya üzv olmağınız xəbəri yayıldı. Maraqlıdır ki, siz dəvət olunmuşdunuz, yoxsa təşəbbüs özünüzdən gəlmişdi?

- Bu məsələni media nümayəndələri bir az qarışdırıblar. Bir portal məndən müsahibə alanda sual verdi ki, Milli Şuraya üzv olmaq istəmirsiniz? Cavab verdim ki, məni Milli Şuraya heç kim cürət edib dəvət etməz. Bir az sonra Cəmil Həsənli mənə yazdı ki, sizi mən dəvət edirəm. Əvvəl təklifə müsbət yanaşdım. Cəmil müəllimə də yazdım ki, oldu. Lakin çox düşündüm. Və bir gün keçəndən sonra Cəmil müəllimə yazdım ki, mənim düşünmək üçün vaxta ehtiyacım var, üzvlük məsələsini dayandırsın. Cəmil Həsənli nəzakətlə cavab verdi ki, oldu, narahat olmayın, siz Milli Şuraya üzv olmasanız da sizə böyük hörmətim var. Anlayış göstərdiyi üçün ona təşəkkür edirəm. Əvvəldə dediyim kimi hər hansı bir təşkilata üzv olmaqla insan öz müstəqilliyinin tamını və ya bir hissəsini güzəştə getməlidir. Mən bunu bacarmıram.

- Bundan sonra Milli Şuraya, yaxud hansısa partiyaya, siyasi bloka qoşulmaq kimi fikriniz varmı?

- Xeyr, belə bir niyyətim yoxdur. Mən heç bir partiyaya, siyasi bloka və yaxud Milli Şuraya qoşulmaq niyyətində deyiləm. Mən özümü, fəaliyyətimi və yaradıcılığımı hansısa bir çərçivəyə salıb azadlığımı və müstəqilliyimi məhdudlaşdırmaq istəmirəm və bunu etmərəm.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR