Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Gün.Az saytına
müsahibə verib.
Publika.az millət vəkilinin müsahibəsini təqdim
edir.
- Çingiz müəllim, son günlərin qalmaqallı hadisələrindən
biri hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun jurnalist Rauf
Mirqədirovun həbsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən
dindirilməsidir.
Sizcə, bu məsələ niyə birdən-birə meydana çıxdı, eyni
zamanda L.Yunusun bu məsələ ətrafında gözlənildiyindən daha çox
hay-küy yaratmasının kökündə nə dayanırdı?
- Əvvəla qeyd edim ki, bu məsələ birdən-birə ortaya çıxmadı, yəni,
Rauf Mirqədirovla bağlı məsələdə Leyla Yunus ilk öncə cəmiyyətə
belə bir açıqlama verdi ki, onu Ermənistana mən göndərmişəm.
Görünür, istintaq və xüsusi xidmət orqanları da bunu bilirdi. O da
dedi, onu mən göndərmişəm, lazımdırsa məni tutun. Belə olan halda
da təbii ki, istintaq bu hərəkətləri araşdırmalıydı və dərhal sonra
da o sözünü dəyişdi, müsahibə verməkdən qaçdı və ölkədən çıxmağa
üstünlük verdi.
Bilirsiniz ki, mən hüquq müdafiəçisi olmaqla bərabər, həm də
hüquqşünasam və həmişə qanunlara hörmətlə yanaşmanın tərəfdarı
olmuşam və baxımdan hesab edirəm ki, Leyla Yunus şahid qismində
istintaq orqanlarına dəvət edilməsinə reaksiya vermək, yəni,
çağırışa getmək əvəzinə ölkədən çıxmağa üstünlük verdi.
Azərbaycanın hüquq-mühafizə orqanları da onun ölkədən çıxmasına
yasaq qoydular və geri qaytardılar.
Bundan sonra isə onun evində axtarışın aparılması, daha doğrusu,
özünü şübhəli aparan, istintaqdan yayınan şəxsin evində, ofisində
axtarışın aparılması da qanunauyğun idi.
Leyla Yunusu yaxşı tanıyan insanlar da bilirdi ki, Leyla Yunus
yaranan situasiyadan öz xeyrinə şou düzəltməklə istifadə etməyə
çalışacaq.
Xatırlayırsınızsa, bir müddət öncə Füzuli küçəsi ərazisində evlərin
sökülməsi zamanı Leyla Yunus məhz özünün evinin kandarına hadisə
gəlib çıxanda hansı oyunları düzəltdi, hansı şouları
quraşdırdı...
Demək, bu adam həmişə yaranan situasiyadan bəhrələnə bilir. Burada
da gördüyünüz kimi, o, bir əzabkeş obrazı yaratdı, polis
əməkdaşlarına qarşı təxribat xarakterli hərəkətlər, onları təhqir
etdi, əli ilə gənc polis əməkdaşını itələdi və sonda da papağını
götürüb yerə atdı.
Belə hesab edirəm ki, söhbət polisin papağından getmir və polis
haqlı olaraq ona reaksiya vermədi, hər hansı bir təxribata uymadı.
Amma söhbət papağın üstündəki dövlət atributumuz olan gerbdən,
dövlətimizin simvolundan gedir ki, onu yerə atdı.
İndi bu hadisələrə müxtəlif yanaşmalar və təbii ki, hüquq
müdafiəçiliyindən çox müxalifətçiliklə, xüsusilə, radikal
müxalifətçiliklə məşğul olan Leyla Yunusu dəstəkləyən müəyyən
qüvvələr var.
Eyni zamanda, bir qrup hüquq müdafiəçi də yaranan, baş verən hadisə
ilə bağlı istintaqın obyektiv və qanunauyğun formada aparılmasını
arzu edir. Mən özüm də onların içərisindəyəm. Yəni, Novella
Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı, digər hüquq
müdafiəçiləri – hamımız istəyirik ki, bütün qanunauyğun prosessual
qaydalar pozulmadan bu işin araşdırılması davam etsin və gələcəkdə
bilmək olmaz hansı hüquqi qiymət veriləcək.
... Amma sizin də dediyiniz kimi, heç nəyin, yəni, baş verənlərin
əsl mahiyyətinə, fərqinə varmadan Leyla Yunusun birbaşa müdafiəsinə
qalxan insanlar, qüvvələr də var və onlar məlum olayları tamam
başqa rəngdə təsvir etməyə cəhd göstərirlər...
Ona görə də soruşmaq istəyirəm ki, Milli Məclis tərəfindən müxtəlif
qanunlar qəbul etmişik, o cümlədən QHT-lərin maliyyələşməsi ilə
bağlı, indi necə ola bilir ki, yüz minlərlə pul müxtəlif xarici
təşkilatlardan Azərbaycanda qeydə alınmış başqa bir təşkilatın
hesabına daxil olur? Bu yüz minlərdən Leyla Yunus hansı böyük
layihələri həyata keçirib ki, siz jurnalistlər və yaxud da biz
hüquq müdafiəçiləri bunu bilmirik?
Sadəcə, hamısını yalandan, yəni, 5-3 nəfəri ofisə toplayıb şəkil
çəkdirib hesabat verməklə, əslində isə tamamilə başqa yönə yönəlmiş
bir fəaliyyətlə məşğul olur. Bu baxımdan, Leyla Yunus olduqca
ziddiyyətli adam olduğu kimi, hərəkətləri də ziddiyyətlidir və belə
hesab edirəm ki, hüquq-mühafizə orqanları təmkinlə
hüquqi-prosessual normalar çərçivəsində bu işin istintaqını
aparacaqlar və nəticəsi olacaqsa, gələcəkdə bunu siz də, biz də
biləcəyik.
- Onu da qeyd edək ki, L.Yunus evində, ofisində axtarış
aparılarkən ona qarşı Azərbaycan mentalitetinə uyğun olmayan
hərəkətlərin edildiyini, eyni zamanda, ona yönəlik addımların
qanunsuz olduğunu, ölkədə müxalif düşüncəli kəsimin yeni “ovuna”
start verildiyini iddia edir. Siz bu iddialar barədə nə
deyərdiniz?
- Bilirsiniz, orada nə baş verdiyini Leyla Yunusdan başqa heç kim
bilmir. Bunu hələ Leyla Yunus deyir ki, mentalitetə uyğun olmayan
davranış olub, əl yumağa və yaxud da harasa gedərkən izlənilib və
sairə. Ola bilər ki, ümumiyyətlə, bu, böhtandır, ola bilər ki,
Leyla Yunus heç, ümumiyyətlə, o vanna otağına getmək istəməyib,
bundan da bir şou düzəldib...
Bu yerdə bir məqamı da deyim ki, olduqca səbir və təmkinlə hər
hansı bir istintaq hərəkətinin aparılmasına imkan yaradılsaydı,
yəqin ki, Leyla Yunusun üzərindəki nəzarət də o qədər güclü
olmazdı.
Amma Leyla Yunus xarici səfirlərin iştirakı ilə ölkədən qaçmağa
cəhd edir, evində axtarış aparmağa imkan vermir, nə bilim birinin
ürəyi gedir, biri hay-küy salır, belə olan şəraitdə də, təbii ki,
bu şəxsin üzərində nəzarət güclü olmalı idi və hüquq-mühafizə
orqanları da axtarış apararkən onu gözdən qoymayıblar.
Yəni, bu adam hər şey edə bilər. Tutaq ki, venasını kəsərdi və
bilirdi ki, dərhal ona yardım olunacaq və heç bir problem
olmayacaq. Əslində isə bu prosesdən olduqca bəhrələnə, divident
əldə edə də bilərdi...
Bu baxımdan onun nəzarətdə saxlanması olduqca normaldır və əgər
burada qərəz, yaxud da ki, qeyri-normallıq olmuş olsaydı, onda heç
evində axtarış aparılarkən Leyla Yunusun istədiyi sayda hal
şahidlərinin onun evinə buraxılmasına da imkan verməzdilər.
Siz də görürsünüz ki, bir tərəfdən onun tələbləri hamısı yerinə
yetirilir, digər tərəfdən isə bu adam hazırladığı ssenari üzrə
hay-küy salmaqla, səs-küy yaratmaqla, çəkilişlər etməklə, bir obraz
yaratmaqla məşğuldur və bu baxımdan, mentalitetə uyğun olmayan
hansısa bir formanı hələlik bir Leyla Yunusdan başqa bilən
yoxdur.
- Yeri gəlmişkən, L.Yunus və onun dəstəkçiləri eyni
zamanda, “xalq diplomatiyası”nda hansısa qanunsuzluq, qəbahət
görmədiklərini, o cümlədən, bəzi iqtidaryönlü şəxslərinin də bu
işlə məşğul olduqlarını, ermənilərlə tez-tez bu və ya digər formada
təmas qurduqlarını iddia edirlər...
- Axı, Leyla Yunus kimi təmsil edir ki, o, “xalq diplomatiyası”
adından bu tədbirləri keçirir? Ona kim səlahiyyət verib, hansı
statusla bu hərəkəti edir? Onun əməkdaşlıq etdiyi insanlar da -
artıq bizim rəsmi qurumlar açıqlama verdi ki, müəyyən xüsusi xidmət
orqanları, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən
şəxslərdir.
Bu baxımdan, Leyla Yunus hansı statusla, hansı şəxsləri cəlb
etməklə nəyə nail olmaq istəyir? Bir də ki, mən özüm də
qeyri-hökumət təşkilatının rəhbəriyəm və bilirəm ki, bu layihələrin
arxasında nə durur. Hər bir layihənin arxasında müəyyən maddi
maraqlar durur. Və bu maraqlar normal olarsa, təbii ki, bunu biz
normal qarşılayırıq.
Çünki QHT-də çalışan müəyyən insanlar var, onlar da əmək haqqın
almalıdırlar, onlar da ailəsini dolandırmalıdırlar. Amma bir-iki
adamın adını ora yalandan yazmaqla yüz minlərlə pul əldə etmək,
saxta arayışlar hazırlamaqla o pulu göndərən təşkilatlara layihəni
reallaşdırdım deyə hesabat verməklə, əslində digər işlərlə məşğul
olmaq, bu, yolverilməzdir. Mən bunu qətiyyətlə pisləyirəm.
İstər Leyla Yunus olsun, istər başqaları olsun, hər hansı bir QHT
öz təşəbbüsü ilə “xalq diplomatiyası” adı altında Ermənistan
tərəfinin nümayəndələri ilə əməkdaşlıq edir, onlarla birgə layihə
reallaşdırırsa, bu, əslində ermənilərə köməklik deməkdir. Bu
layihələrin bir hissəsi də Ermənistan tərəfinə, Ermənistan
vətəndaşlarının maliyyələşməsinə yönəlib. Və bu ikili birlikdə bu
layihəni həyata keçirirsə, onun müəyyən hissəsi də ermənilərə
gedir.
Bu gün biz maraqlıyıq ki, Ermənistanı iqtisadi blokada da boğaq.
Onlar da dərk etsinlər ki, başqa dövlətin ərazisini əldə etməklə
heç nəyə nail ola bilməyəcəklər və bu sıxıntının nəticəsində onlar
heç olmasa obyektiv bir addım atmağa cəsarət göstərsinlər.
Biz başqa dövlətləri Ermənistanı maliyyələşdirməkdə
günahlandırırıq, İranı, nə bilim Amerikanı və sair. Bəs necə ola
bilir ki, biz Azərbaycan vətəndaşı olaraq Ermənistan tərəfindən
20-30 nəfərin bəhrələnə biləcək bir layihənin reallaşdırılmasına
maraqlıyıq?
Mən dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, mən o erməni ilə
bir masa arxasında o halda oturaram ki, hər hansı bir tədbirdən
öncə həmin erməni Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu
rəsmən elan etsin. O, bunu bildirsin və yalnız bundan sonra
əməkdaşlıq etmək olar.
Amma sənin qarşında oturan, sənin torpağına iddialıdır, sənin
xalqına düşmən münasibət bəsləyir və sən “xalq diplomatiyası” adı
altında yüz minlərlə pulun dövriyyəsi nəticəsində hansısa yalançı
bir layihəni reallaşdırırsansa, bu, vətəndaşlıq deyil, bu,
Azərbaycansevərlik deyil. Hər şeydən öncə vətəndir.
Vətəndən sonra artıq maddiyyat ola bilər, vətəndən sonra artıq
hansısa bir imtiyazlar da ola bilər və bu baxımdan, Leyla Yunusun
“xalq diplomatiyası”nı həyata keçirərəm” adı altında bərqərar edən
fikirlərini, cəmiyyətə təbliğ etdiyi fikirlərini mən özünümüdafiə
xarakterli hesab edirəm.
Eyni zamanda belə hesab edirəm ki, vətəninin, torpağını sevən hər
bir azərbaycanlı düşünür və düşünməlidir ki, erməni ilə əməkdaşlıq
etmək olmaz. Çünki torpaqlarımız hələ də işğaldan azad olunmayıb.
Əslində biz erməni xalqı ilə savaş aparmırıq. Biz bu gün Ermənistan
siyasi hakimiyyəti, Ermənistan, erməni separatçıları ilə mübarizə
aparırıq ki, onlar torpaqlarımızı boşaldıb, rədd olub öz
ərazilərinə çəkilib getsinlər.
- Necə hesab edirsiniz, başladılan məlum istintaq işinin
gedişatında L.Yunus həbs oluna və ya həbslər daha geniş çevrəni
əhatə edə bilərmi?
- Əgər imkan varsa sualdan daha geniş ətrafa çıxardım və bəzi
fikirlərimi bildirərdim, sonra o hüquqi müstəviyə söykənən
sualınıza cavab verərdim.
Leyla Yunus uzun illərdir qeyri-hökumət təşkilatına guya rəhbərlik
edir. İlk öncə 1993-1994-cü illərdə mən Demokratiya və İnsan
Hüquqları Komitəsinə gələrkən və ora sədrlik edərkən, məndən əvvəl
bu komitəyə Leyla Yunus rəhbərlik etmişdi. O vaxt bizim gözəl,
ziyalı bir alimimiz – Ədalət Rəhimli, həmçinin digər vətənsevər,
torpaqsevər xanımlarımız tərəfindən o həmin komitədən
qovulmuşdu...
- Nəyə görə?
- Çünki həmin komitənin fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünü
parçalamağa xidmət edən Ələkrəm Hümmətov, Rəhim Qazıyev kimi
adamların müdafiəsinə yönəltdiyinə görə onun rəhbərliyindən
qovulmuşdu.
Özü də fikir verin, Leyla Yunus kiminlə əməkdaşlıq edibsə, hamı
ondan uzaqlaşıb. Məsələn, bir zamanlar Arzu Abdullayeva ilə birgə
fəaliyyət göstərirdi, sonra onunla dalaşaraq oradan
kənarlaşdırıldı.
Ondan sonra Səidə Qocamanlı ilə birlikdə fəaliyyət göstərdi, onunla
da yolları ayrıldı. Yəni, bu adam iddialı və öz sirrini kənara
vermək istəməyəndir. Onun fəaliyyətinin iyrənc hissəsi üzə çıxan
kimi də normal insanlar bundan uzaqlaşıb gedib.
Müdafiə Nazirliyində çalışdığı dövrdə Arzu Abdullayevanı həbs
edəcəyi, nə bilim, onun üstünə desant göndərəcəyi ilə bağlı etdiyi
hərəkətlər, ziddiyyətli mövqelər, Moskvaya Rəhim Qazıyevlə şübhəli
səfərləri və sairə bizə bu gün də deməyə əsas verir ki, bu adam
Azərbaycana deyil, başqa-başqa qurumlara, başqa-başqa dövlətlərə
xidmət etməkdə şərəf duyur və bu da onun fəaliyyətinin acı bir
nəticəsidir.
Mən belə hesab edirəm ki, onun həbsi ilə bağlı məsələni
hüquq-mühafizə orqanları dəqiq bilərlər. Hələlik o şahid qismində
dəvət edilib. İndi gələcəkdə onun axtarış zamanı ofisindən, evindən
tapılmış sənədlərdə, nə bilim kompüterlərdə nələr üzə çıxacaqsa,
bununla bağlı hansı formada araşdırılmalar aparılacaqsa, bunu zaman
göstərər.
Amma həmişə qanunun ali olduğunu, qanunun hamıya bərabər şamil
ediləcəyini bəyan edən Leyla Yunus əgər bu dəfə qanunun ona qarşı
şamil olunacağı və hansı formada tətbiq ediləcəyi nəzərdə
tutulacaqsa, o zaman onunla barışmalıdır. Çünki özü bəyan edib ki,
Azərbaycanda qanunlar hamıya bərabər şamil edilməlidir və
sairə.
Mənim demək istədiyim odur ki, Leyla Yunus kimi adamlar zaman
gəldikcə özləri-özlərini ifşa edirlər. Eyni zamanda, QHT-lərin
maliyyələşməsi ilə bağlı son vaxtlar Milli Məclis tərəfindən qəbul
etdiyimiz çoxsaylı qanunlar var ki, onlardan irəli gələn
məsələlərin icrası şəffaf olmalıdır, bunlar gizlədilməməlidir və
məlumat verilməlidir. Bütün bunlar Leyla Yunusa da şamildir və o da
öz fəaliyyəti ilə bağlı doğru-dürüst hesabat verməlidir...
|