Avropa Məhkəməsi azərbaycanlı kürdlərin şikayətinə baxır
Bizi izləyin

Nida.az

Avropa Məhkəməsi azərbaycanlı kürdlərin şikayətinə baxır

“Çıraqov və başqaları Ermənistana qarşı” olan iş üzrə Məhkəmə müsbət qərar verərsə, qarşı tərəf şikayətçilərə maddi təzminat ödəməlidir.Amma qərar təkcə maddi-mənəvi zərər dəyməsinin hüquqi status almasına görə deyil, “siyasi” mənasına görə əhəmiyyət daşı

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında Laçında yaşamış kürd əsilli azərbaycanlı məcburi köçkünlərin işi üzrə "son" dinləmə keçirilir.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, rəsmi adı “Çıraqov və başqaları Ermənistana qarşı” olan iş üzrə Məhkəmə müsbət qərar verərsə, qarşı tərəf şikayətçilərə maddi təzminat ödəməlidir.Amma qərar təkcə maddi-mənəvi zərər dəyməsinin hüquqi status almasına görə deyil, “siyasi” mənasına görə əhəmiyyət daşıyır.

“Azərbaycanın xeyrinə olan bir prosesdir. Siyasi cəhətdən böyük əhəmiyyəti var ki, Avropa Məhkəməsi ermənilərin Laçın rayonunu işgal etməsini bir daha təsdiq edir”, Laçın rayon icra hakimiyyətinin baş məsləhətçisi və sənədlərin toplanmasında yardımçı olan Akif Hüseynov BBC Azərbaycancaya deyib.2005-ci il, aprelin 6-da altı nəfər Avropa İnsan Haqları Məhkəməsinə Avropa İnsan Haqları Konvensiyasının özəl və ailə həyatına hörmət hüququ, mülkiyyətin qorunması və effektiv hüquqi müdafiə hüququ barədə maddələrini nəzərə almaqla şikayət göndərib.

Şikayətin ümumi mətnində deyilir ki, azərbaycanlı məcburi köçkünlər Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılov 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Laçın rayonundakı evlərini tərk etmək məcburiyyətində qalıb və Ermənistan dövləti onların itkilərini kompensasiya etmək üçün hər hansı addım atmayıb.Biri Laçın şəhərindən olmaqla, digərləri eyniadlı rayonun Ağbulaq, Kamallı və Çıraqlı kənd sakinləri münaqişə nəticəsində əmlaklarının məhv olduqlarını bildirib.

Avropa İnsan Haqları Məhkəməsinin mətbuat xidmətinin BBC-yə verdiyi məlumata görə, qərar “bir neçə ay ərzində” gözlənilir. Amma bu, unikal bir məhkəmə işidir deyə, bilmək çətindir”, AİHM mətbuat xidmətindən Nina Salomon deyib.O həmçinin deyib ki, bu dinləmə “prinsipcə” sonuncu dinləmə olmalıdır, amma bunu da “100 faiz dəqiqliklə demək olmaz”.

Bu dinləmədə üç tərəfin – Çıraqov və başqaları, Ermənistan, və Azərbaycan hökuməti – şikayətlər üzrə bəyanatları eşidiləcək.Bundan savayı, hakimlərin tərkibi barədə qərarın da açıqlanması gözlənilir.

“Laçın dağ rayonudur. Çox fərqli mühitdə yaşayırdıq, əmlakımız yox olub və xeyli insanımız həyatını itirib, vətənimizdən didərgin düşməyimiz genimizə pis təsir edib, nəvələrim, qohum-qonşularım anadan gəlmə xəstəliklər qazanıb”, şikayətçilərdən biri Adışirin Çıraqov BBC –yə deyir.Əvvəlki həyatlarının arzusunda olduğunu vurğulayan Çıraqovun sözlərinə görə, yeddi nəvəsindən 4-ü anadangəlmə ürək-böyrək xəstəlikləri qüsuru ilə doğulub, amma “o vaxt onların kəndində belə xəstəliklər olmazmış”.

AİHM-ə müraciət fikrinə onlar təxminən 8-9 il öncə İngiltərə vətəndaşı, kürd əsilli Türkiyəli Kerim Yıldızla bir tədbirdə “rastlaşdıqdan” sonra gəlib.“Kerim Yıldız Bakıya qeyri-hökümət təşkilatları ilə bağlı tədbirə gəlmişdi. Onunla rastlaşanda məqsədimizi dedik, o da dedi ki, gəlin AİHM-ə şikayət verin. Dedi ki, Məhkəmədə o belə işlərdə vəkillik edib”, cənab Çıraqov bildirib.Məhkəmə işləri üçün çəkilən xərclərə gəlincə isə, müxtəlif fikirlər səsləndirilir. Çıraqov deyir ki, vəkillə razılaşmaları belə olub ki, iş udulsa, zəhmət haqqı ödəniləcək, çünki maliyyə durumları "aşağıdır".

Amma şikayətçilərdən hər dəfə iki nəfərinin Fransaya səfər xərclərini isə “iş adamları hökümətin tapşırığına əsasən ödəyir”. Şikayətçilər bundan öncə, iki dəfə Məhkəmədə iştirak üçün səfər edib. Başqa məlumatlarda isə, xərclərin birbaşa Azərbaycan höküməti tərəfindən ödənildiyi iddia edilsə də, rəsmilər yalnız sənəd hazırlanmasında iştirak etdiyini bildirir.

Azərbaycanın AİHM-də səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bundan əvvəl mediaya bildirib ki, Azərbaycan hökuməti üçüncü tərəf kimi şikayətin baxılması prosesində iştirak hüququndan istifadə edib.“Dövlət başçısının göstərişi ilə Azərbaycan hökuməti tərəfindən dəlillərin toplanması istiqamətində böyük iş aparılıb, bu prosesdə insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər də iştirak ediblər”.Cənab Əsgərov deyib ki, iddiaçıların vəkillərinin zəruri materialları toplamaq üçün imkanları olmadığını nəzərə alaraq, Avropa Məhkəməsinə bütün əsas sənədlər Azərbaycan hökuməti tərəfindən toplanaraq təqdim olunub.

İllərlə sürən iş üzrə ilk dinləmə 2010-cu il sentyabrın 15-də keçirilib. 2012-ci il yanvarın 9-da şikayət baxılmaq üçün məqbul sayılıb."İlk hissəni udmuşuq. Bu dəfə isə kompensasiya məsələsinə baxılacaq. Onu da udmaq əzmindəyik", Çıraqov bildirir.Çıraqov özü isə, məhkəməyə getməyib. Çərşənbə axşamı Strasburqa Akif Həsənov və Fəxrəddin Paşayev yola düşüb.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm