Kimlər bələdiyyə seçkisinə gedir, kimlər istefaya?
Bizi izləyin

Nida.az

Kimlər bələdiyyə seçkisinə gedir, kimlər istefaya?

Kimlər bələdiyyə seçkisinə gedir, kimlər istefaya?

Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Sonuncu bələdiyyə seçkiləri 5 il öncə, 2014-cü ilin dekabr ayının 23-də keçirilib. Növbəti bələdiyyə seçkiləri isə 2014-cü ilin dekabr ayından baş tutacaq. Seçki Məcəlləsində görə, bələdiyyə seçkiləri üçün kampaniya seçki gününə ən azı 60 gün qalmış elan olunmalıdır.

Publika.Az siyasi partiyaların bələdiyyə seçkiləri haqda nə düşündüyünü öyrənib.

Ötən bələdiyyə seçkilərinin qalibi Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, hakim partiya növbəti bələdiyyə seçkilərində də aktiv şəkildə iştirak edəcək: “Bu ilin yanvar ayından etibarən partiya daxilində seçkilərə hazırlığa başlanılıb. Bununla bağlı müvafiq tapşırıqlar da verilib”.

S. Novruzov bildirib ki, 20 minə yaxın bələdiyyə üzvü var ki, onların da əksəriyyəti YAP nümayəndəsidir: “Ötən bələdiyyə seçkilərində YAP qələbə çalmışdı. Növbəti bələdiyyə seçkilərində onlardan hansılarının yenidən istifadə edilməsi və digər məsələlər üzrə işlər aparılacaq. Bu geniş bir tədqiqat işidir”.

YAP rəsmisi əlavə edib ki, növbəti seçkilərdən sonra bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə baxıla bilər.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, partiyanın Məclisi bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun hesab edib: “Mərkəzi İcra Aparat da bütün rayon təşkilatlarında iş aparır. 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar araşdırma zamanı rayon təşkilatlarının gücünü, fəaliyyətini dəyərləndirmək işi başa çatıb. Burada həm də Müsavat strukturlarının bələdiyyə seçkilərində iştirak imkanları da araşdırılıb. Müsavat Məclisinin son toplantısında bununla bağlı qərar qəbul olunub. Yəqin ki, seçkilər yaxınlaşdıqca bu mövzunun aktuallığı artacaq. Seçkidə iştirakla bağlı son qərar da Məclisin növbəti toplantılarının birində veriləcək”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu ilki bələdiyyə seçkilərinə tək qatılmayacaqlarının açıqlayıb. Onun sözlərinə görə, ADP Ümid partiyası ilə birgə seçkilərə “Qarabağ” bloku olaraq gedəcəklər.

“Hazırda bunun üçün müəyyən işlər həyata keçirilir. Seçkilərdə iştirak edəcək üzvlərimizin siyahısı hazırlayırıq. Həmçinin bələdiyyələrin statusu ilə bağlı layihə üzərində də işləyirik”- deyə ADP sədri bildirib.

Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı yayın sonlarında verəcəklərini bildirib: “İnsanların bu seçkiyə həvəsi azdır. Lakin biz mənfi qərarımızla seçkidə iştirak etmək istəyənlərin üstündən də xətt çəkə bilmərik. Partiya üzvlərindən iştirak etmək istəyənlər var. Məsələ bir qədər həssasdır. Ona görə də yerlərdə əhval-ruhiyyəni öyrənir, imkanları dəyərləndiririk”.

Partiya sədri qeyd edib ki, bələdiyyələri statusu qeyri-müəyyən olduğu üçün bununla bağlı seçki də o qədər önəmli deyil.

“Ən vacib seçki kimi 2015-ci il parlament seçkilərini görürük. Bu ilin ikinci yarısında parlament seçkilərində iştirak üçün koalisiya da yarada bilərik. Bu baş verəcəksə, güman ki, bələdiyyə seçkilərində sınaq xarakterli iştirak edə, gücümüzün hansı səviyyədə olduğunu müəyyənləşdirə bilərik”- deyə VİP sədri vurğulayıb.

Bu ilki bələdiyyə seçkiləri müxalif düşərgədəki birliklərdə qopmalara da səbəb ola bilər. Belə ki, potensial parçalanma Milli Şurada gözlənilir. Çünki quruma üzv olan KXCP bələdiyyə seçkilərində iştirakda israrlıdır. Partiya sədrinin müavini Xəzər Teyyublu bildirib ki, onların bu seçkidə iştirakla bağlı qərarı qətidir: “Hazırda hazırlıq işləri gedir. 2014-cü ildə partiyanın Ali Məclisi bələdiyyə seçkilərində iştirak qərarının verib. Bütün respublika boyu namizədlərimiz hazırdır, seçkilərə ciddi hazırlıq işi gedir. Regionlarda iclaslar keçirilib, seçkilərlə bağlı təlimatlar hazırlanıb, bütün şöbələrə çatdırılıb və buna uyğun ciddi hazırlıq işləri həyata keçirilir. İstəyirik ki, bələdiyyə seçkilərində öz gücümüzü ortaya qoyaq”.

Amma eyni qərar Milli Şurada yoxdur. Bu baxımdan KXCP-nin qurumdan ayrılma perspektivi görünür. Hansı ki, eyni proses qurumun sonuncu sessiyasında yaşanmışdı. Lakin son anda KXCP-nin istefa qərarını dəyişdirdilər.

X. Teyyublu isə qeyd edib ki, KXCP Milli Şuranın seçkilərlə bağlı hansı qərarı verməsindən asılı olmayaraq qərarını qüvvədə saxlayacaq.

“Milli Şurada bu məsələlər müzakirə olunmayıb. İstərdik ki, onlar da öz qərarını versin. Çünki əgər Milli Şura parlament seçkilərində iştirak etməyi düşünürsə, bələdiyyə seçkilərində də iştirakı məqsədəuyğun hesab etməli və qərar verməlidir. Bu yalnız işin xeyrinə olar. Yox, qərarları başqa cür olacaqsa, KXCP-nin qərarı qüvvədədir və bu qərar icra olunacaq”-deyə partiya rəsmisi bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm