• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kiyev hücuma keçdi, Kreml nədən susur? – Şərh

  • Nida.az
  • 3 İyun 2014 14:03
  • 1 060 Baxış
Kiyev hücuma keçdi, Kreml nədən susur? – Şərh

Ukrayna ordusu separatçıların qərarlaşdığı Slavyansk, Donetsk və Luqanska qarşı hücuma keçib. Bu gün səhər saatlarından başlayan hücumdan ağır zirehli texnika da istifadə olunur. Separatçılar kifayət qədər sıxışdırılıb. Lakin burada diqqət çəkən məqam Rusiyanın susmasıdır. Çünki bu şəhərlərdəki separatçılar Krımın ilhaqından sonra ayaqlandı və Moskvaya söykənərək müstəqilliklərini elan etdilər. Buna görə də məsələyə ilk münasibət də Moskvadan gəlməli idi.
Publika.az Kremlin susmasının səbəblərini araşdırıb.

“Kremlin susması daha ağır nəticələrə səbəb olacaq”

Politoloq Fikrət Sadıqov hesab edir ki, Kremlin susması daha ağır nəticələrə səbəb olacaq. Onun sözlərinə görə, maydan hadisələri zamanı da Rusiya susurdu, nəticədə isə Krım işğal olundu: “BMT Təhlükəsizlik Şurasında növbəti sədrlik Rusiyaya veriləcək. Güman edirəm ki, Rusiya bu məsələni orda qaldıracaq. Bununla yanaşı, Rusiya sussa da, Ukraynadakı separatçılar məhz Moskvanın yardımı ilə Kiyevə müqavimət göstərir. Rusiya ora hərbi sursat yardımı edir, həmçinin orada rus diversiya qrupları, muzdlu döyüşçülər, o cümlədən çeçenlər də vuruşur. Kadırov özü çeçenlərin Kiyevə qarşı döyüşdüyünü etiraf etdi. Düşünürəm ki, Rusiyanın bu dəstəyi davam edəcək”.
Politoloq qeyd edib ki, hazırda Rusiya üçün vəziyyət pik həddinə çatmayıb. Onun sözlərinə görə, pik həddə Kreml bölgəyə qoşun da yeridə bilər.

“Rusiyanın mövqe bildirməsi Ukrayna siyasətinin iflası deməkdir”

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiyanın susmasının Ukrayna siyasətinin iflasa uğramasından çəkinməsi ilə əlaqələndirir. Onun fikrincə, Rusiya ya Ukraynanın yeni rəhbərliyi ilə münasibətlər qurmalı, ya da separatçıları təhrik etməkdə davam etməlidir: “Lakin bununla Ukrayna boyda dövlətə təzyiq etmək mümkün olmayacaq. Rusiya hazırda müşahidəçi qismində iştirak edir. Eyni zamanda, separatçılarla təzyiq etmək siyasətinə paralel olaraq Kiyevlə münasibətlər qurmağa çalışır. İndiki məqamda Rusiyanın mövqe bildirməsi onların Ukrayna siyasətinin iflası demək olardı”.

“Ruslarla ukraynalıları üz-üzə qoyan qüvvə var”

Avrasiya İnstitutu ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov isə bir qədər fərqli düşünür. Onun fikrincə, Azərbaycanla Türkiyə kimi qardaş olan ruslarla ukraynalıları bir-birinin üzərinə getməyə təhrik edən qüvvələr var: “Onlar slavyan köklü qardaş xalqlardır və hazırkı məqamda bu xalqları üz-üzə qoyan qüvvə var. Bu qüvvənin də regionda öz maraqları, məqsədləri var. Onlar bu vəsilə ilə regionda stabilliyin pozulmasına və maraqlı tərəflərin daha asan manipulyasiya etməsinə xidmət edirlər”.

A. Məmmədov hesab edir ki, Azərbaycan və ümumiyyətlə, post-sovet ölkələr hazırkı situasiyada yalnız sülhün tərəfində olmalı, tərəflərin razılığa gəlməsinə çağırışlar etməlidirlər.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR