“İnəklərimin Maliyyə Nazirliyinə dəxli yoxdur”– hesabat verməyənlər danışdı
Bizi izləyin

Nida.az

“İnəklərimin Maliyyə Nazirliyinə dəxli yoxdur”– hesabat verməyənlər danışdı

“İnəklərimin Maliyyə Nazirliyinə dəxli yoxdur”– hesabat verməyənlər danışdı

Maliyyə Nazirliyi hesabat verməyən siyasi partiyaların adlarını açıqlayıb. Məlumata görə, 11 siyasi partiya bu günə qədər maliyyə hesabatı verməyib.


“Olmayan şeyin hər il hesabatını necə verək?”

Maliyyə hesabatı verməyən “Azadlıq” Partiyasının sədri Əhməd Oruc Publika.az-a açıqlamasında deyib ki, onların heç bir maliyyəsi yoxdur: “Partiya üzvlük haqqı yığmır, digər mənbələrdən ianələr toplamırıq. Hökumətdən də maliyyələşmirik. Bununla bağlı Maliyyə Nazirliyinə məlumat vermişik. Olmayan şeyin hər il hesabatını necə verək? Nazirliyə bildirmişik ki, maliyyə olarsa, bununla bağlı özümüz məlumat verəcəyik. Əgər verməsək, məsuliyyətini də özümüz daşıyırıq”.

Ə. Oruc bildirib ki, partiyası şəxsi maliyyə hesabına maliyyələşir.

“Bəzən tədbir keçiririk, o zaman maliyyə lazım olur ki, bunu da mən, partiya rəhbərliyinə daxil olan digər şəxslər şəxsi vəsaiti hesabına həll edirik. Mənim şəxsi təsərrüfatım var, ordan qazandığım vəsaitdən partiya üçün də xərcləyirəm. İndi bunun hesabatını verməliyəm. Mənim inəklərimdən Maliyyə Nazirliyinə nə dəxli var? Olmayan şeyin hesabatını verməzlər”,– deyə Ə. Oruc bildirib.

“Hesabımız sıfırdır”

“Azərbaycan Liberal Demokrat Partiyası”nın (ALDP) sədri Fuad Əliyev də Publika.az-a açıqlamasında hesablarının sıfır olduğunu deyib: “Maliyyə hesabımız sıfırdır. Kim dövlət tərəfindən maliyyələşirsə, hesabatı da o verməlidir. Biz ictimai əsaslarla işləyirik. Vergilər Nazirliyinə də hesabımızın sıfır olduğu barədə məlumat veririk”.

Qeyd edək ki, nazirlik “Azərbaycan Azad Respublikaçılar Partiyası”, “Azərbaycan Demokratik Maarifçilik”, “Azərbaycan Demokrat Sahibkarlar”, “Azərbaycan Xalq Cəbhəsi”, “Azərbaycan Kəndli”, “Azərbaycan Liberal Demokrat”, “Azərbaycan Milli Demokrat”, “Azərbaycan Naminə Alyans”, “Azadlıq”, “Azərbaycan Respublikaçılar”, “Azərbaycan Vətənpərvərlər partiya”ları indiyə qədər maliyyə hesabatı verməyiblər.

Nazirlik aktual.az saytının sorğusuna cavabında bildirib ki, hesabatlarını təqdim etməyən siyasi partiyalara inzibati məsuliyyətə cəlb olunmaqla bağlı bildirişlər göndərilib: “Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan siyasi partiya maliyyə hesabatlarını təqdim etməkdən azad edilmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir”.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilib. Belə ki, müəyyən olunmuş vaxt ərzində sözügedən hesabatı təqdim etməyən vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm