• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Killer tutub məni öldürmək istəyirdilər”– 1992-ci il seçkiləri haqda Şok faktlar

  • Nida.az
  • 7 İyun 2014 15:20
  • 1 152 Baxış
“Killer tutub məni öldürmək istəyirdilər”– 1992-ci il seçkiləri haqda Şok faktlar

AXC-nin Azərbaycanda hakimiyyətə gəldiyi 1992-ci il 7 iyun seçkilərindən 22 il keçir. Həmin dövrdə seçkini ikinci yerdə başa vuran Azərbaycan Ziyalılarının Demokratik İttifaqının prezidentliyə namizədi Nizami Süleymanov Publika.az-a müsahibəsində olduqca ilginc faktlar açıqlayıb.

- Nizami müəllim, 7 iyun seçkilərində ikinci oldunuz. Amma iddialar var idi ki, siz qalib idiniz.

- Mən 90 faizdən çox səs toplamışdım. Seçkini udduğum 5 rayonda təsdiq olunmuşdu. O cümlədən Mingəçevirdə də təsdiq olundu. Mənə görə Mingəçevirin icra başçısını işdən çıxardılar. Çünki o demişdi ki, Elçibəyi istəyir, amma Nizami Süleymanov seçildi və saxtakarlıq etmək istəmir. O dövrdə məndə olan məlumata görə, Elçibəyə Nizami Süleymanovun seçildiyini deyəndə o, “demokratiyadır, əgər o seçilibsə, çağıraq gəlsin” deyib. Ətrafındakılarsa buna qarşı çıxdı. Bildiriblər ki, biz küçələrdə döyülmüşük, mitinqlər etmişik, həbs olunmuşuq, indi öz əlimizlə hakimiyyəti təhvil verək.

- Yəni, seçki saxtalaşdırılmışdı?

- Bəli, respublikanın bütün rayonlarında seçki total saxtalaşdırıldı.
Mən Əhmədlidə yaşayırdım. Bizim evimizin yaxınlığında seçki məntəqəsinin olduğu məktəb var idi. Seçkidən bir gün sonra mənə dedilər ki, məktəbin ətrafındakı kolluqlar bülletenlərlə doludur. Gedib baxdım, bir topa bülleteni mənə də verdilər. Yəni o qədər primitiv saxtakarlıq olmuşdu ki, bülletenləri yandırmamışdılar belə. Tökmüşdülər küçələrə. Əminliklə deyirəm ki, 1992-ci ildə prezident mən seçilmişdim. Amma mənə 33 faiz səs yazdılar. Həmin vaxt öz kabinetimdə köməkçilərim Hacıqabula zəng edib AXC-nin qərargahı adından danışdılar. Mikrafona qoymuşduq, hamı eşidirdi. Hacıqabulun icra başçısı öz dili ilə dedi ki, Nizami Süleymanov 90 faizdən çox səs toplayıb, amma belə olsa, bizi qırarlar. Şeyx Əbdül Allah şahididir.
Çox dəhşətli günlər idi. Bir günün içində üstümüzə dəfələrlə prokurorluq gəldi. “Kristal” elmi mərkəzində yoxlamalara başladılar, bizi təqib edirdilər. Müstəntiqlərin əlindən sakit dura bilmirdik. Hətta məni öldürmək istəyirdilər.

- Buna cəhd olmuşdu?

- Bəli. Məni öldürmək üçün killer tutmuşdular. Bir dəfə iki maşınla evə gedirdik, gecə idi, qar yağırdı. Botanika bağına bitişik evimiz var idi. Ora yaxınlaşanda qabağımızı bir maşın kəsdi. İçində iki adam düşüb, əllərində silah bizə doğru gəlirdilər. Həmin vaxt yaxınlıqdan polis maşını yavaş-yavaş keçirdi. Polisi görən kimi geri qayıdıb qaçdılar. Mənim yanımda qorumalar, bir də tanınmış simalar da var idi. Bundan başqa, dəfələrlə təqiblərə, təzyiqlərə məruz qaldım.

- Sizi necə təqib edirdilər, məqsəd nə idi?

- Daxili İşlər Nazirliyinin 7-ci şöbəsində işləyən yaxın bir adam var idi. O, bizə hər şeyi açıqlayırdı. 7-ci şöbə siyasi şöbə idi. Öyrəndim ki, hər gün məni evə qədər kimlər izləyir, onlar hansı ünvanlara gedirlər. Bəzən telefonda müxalif fikirlər deyəndə araya girib söyüş söyürdülər. Sonra mən MTN-nin o vaxtkı sədri ilə əlaqə saxladım. Dedim ki, əməkdaşınızın birini göndər gəlib otursun mənim yanımda. Onun maaşını da özüm verəcəm. Amma belə təqiblər, söyüş söymələr olmasın. MTN sədri bu məsələdən xəbərsiz olduğunu dedi. Amma 7-ci şöbənin əməkdaşları bizi daima izləyirdi. Hətta Ziyalılar İttifaqının iclası keçirilən vaxt yaxınlıqda bir “Moskviç” gördük. Yaxınlaşıb baxanda gördük ki, xüsusi cihazlarla iclası izləyirlər. Ümumiyyətlə, həmin vaxt böyük təhlükələrdən keçdik.

- Amma özünüz deyirsiniz ki, Elçibəy sizin qalibiyyətinizlə razılaşmışdı.

- Bəli, mənə verilən məlumata görə, Elçibəy razı idi və məni çağırmalarını demişdi.

- Bəs kim buna mane olub. Hər halda, bütün bu işlərin başında bir nəfər olub.

- Kimlərin olduğunu yaxşı bilirəm. Amma ad çəkmək istəmirəm. Onlar bu gün müxalifətdə yüksək postlarda təmsil olunur. Amma bu adamlar gecə ilə təzə bülleten hazırlayıb vertolyotla rayonlara göndərmişdilər. Qutulara topa-topa Elçibəyin adı yazılmış bülletenlər atırdılar. Yadınızdadırsa, 1993-cü il 4 iyun qiyamı ərəfəsində Milli Məclisin otaqlarından birində yanğın oldu. Bax həmin bülletenlər, saxta protokollar həmin otaqda idi. Onu yandırmışdılar. Mənim halallıqla qalib gəldiyim seçkini beləcə saxtalaşdırdılar. Hətta qanuna zidd olsa da, seçki günü belə Elçibəyin təbliğatını aparırdılar. Xalqa da 7 iyunda Elçibəyin ad gününün olduğunu deyirdilər ki, xalq ona səs versin. Amma Elçibəy iyunun 24-də anadan olub.

Onu da deyim ki, o vaxt qalib gələcəyim təqdirdə hakimiyyətə Heydər Əliyevi dəvət edəcəyimi demişdim.

- Sizə qarşı olanların səbəbləri sırasında bu da ola bilərmi?

- İstisna etmirəm. Amma dəqiq bilmirəm. Millət isə mənə səs vermişdi. Hətta canlı yayımda keçirilən sorğuda xalq mənə səs verdiyini deyirdi. AzTV-nin arxivində bu kadrlar qalır. Bir dəfə bərbərə gedəndə qadının biri hönkür-hönkür ağlayırdı ki, biz sizə səs verdik, amma bunlar hakimiyyətə gəldi. Gəlib ölkəni xaraba qoyacaqlar. Hər kəs bilir ki, sonradan nə oldu. Maşın sürənləri zavod direktoru, “Kamaz” şoferlərini icra başçısı qoydular. “Kristal” elm mərkəzində AXC-nin bir nümayəndəsi var idi. Seçkidən 4-5 ay sonra mənə dedi ki, onu keçmiş “Razin” qəsəbəsində (indiki Bakıxanov-red) vəzifəyə təyin etmək istəyən yuxarıdakıların biri “50-50”-ə işləyəcəklərini deyib. Məndən üzr istədi. Dedi ki, səhvlərini bağışlayım. Həmin vaxt Avropadan jurnalistlər gəlib bizdən müsahibə alırdı. Yunanıstan televiziyasının jurnalisti mənə dedi ki, siz Avropaya səs salmışınız. Hər kəs siyasətə yeni gələn bir elm adamının illərin siyasətçilərinə qarşı mübarizəsindən danışır. Mən ona dedim ki, seçkini mən udmuşam, xalqdan soruşub bunu təsdiqləyə bilər.
Buna görə də mən həmişə deyirəm ki, hər kəsin demokratiyadan danışmağa haqqı var, amma indi özlərinə müxalifət deyən AXCP və digərlərinin demokratiyadan danışmağa mənəvi haqqı çatmır. Məhz buna görə də mən son 10 ildə İlham Əliyevə səs verirəm. Çünki onun səviyyəsi, siyasi təcrübəsi ilə bunlar müqayisə oluna bilməzlər. İlham Əliyev xalqın əksəriyyətinin rəğbətini qazanıb. Bu gün ölkədə İlham Əliyevi əvəzləyəcək ikinci şəxs yoxdur. Hökumət belə olar, yoxsa onlar kimi. Küçələrə çıxmağa qorxurdu camaat. Daxili işlər naziri canlı yayımdan baş nazirə hücum çəkirdi. Buna görə də onların hökuməti uzun çəkmədi. Əslində, 4 iyun qiyamı təbii proses idi. Surət olmasaydı, başqası olacaqdı. Nə fərqli var. Onların hökuməti daxildən çürümüşdü və çürümüş ağac kimi yıxılacaqdı. Elə yıxıldılar da. Xalq Heydər Əliyevi istəyirdi, bu istəklə də Heydər Əliyev hakimiyyətə gəldi.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR