Görün, nə qədər rasist və faşist mövqeli insanlardır
Bizi izləyin

Nida.az

Görün, nə qədər rasist və faşist mövqeli insanlardır

“Biz indi Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirik. Bu yaxınlarda Strasburqda olarkən sədrliklə bağlı öz prioritetlərimizi ifadə etdim, təkrar etmək istəmirəm. Eyni zamanda, ümumiyyətlə bu təşkilat çərçivəsində fəaliyyətimizlə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması var və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcək. Görün nə qədər rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar var və heç kim bunu dana, inkar edə bilməz”. Musavat.com xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki çıxında deyib.

Prezident bildirib ki, onların arxasında dayanan erməni lobbisidir: “Çünki siz yaxşı bilirsiniz ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Onların nümayəndələri əlbəttə ki, mediada, başqa ölkələrin hökumətlərində, ictimai qurumlarda var. Onlar möhkəm kök salıblar və Azərbaycanı bir nömrəli hədəf seçiblər, çalışırlar ki, bizi hər tərəfdən vursunlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?! Ona görə, erməni lobbisi, eyni zamanda, Azərbaycana qarşı qərəzli mövqedə olan deputatlar əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasında var”.

İlham Əliyev bəyan edib ki, Azərbaycanla məntiq üzərində mübahisə aparmaq mümkün deyil: “Yalan danışmaq olar, ancaq biz orada olanda o yalanın üstünü açırıq, çünki yalan yalandır. Yenə də deyirəm, tənqid əsaslıdırsa, biz bunu alqışlayırıq və bu, bizə kömək göstərir. Ancaq əsassız tənqid sadəcə olaraq ölkəmizə qarayaxma cəhdidir”.

“Nə üçün biz yenə də Avropa siyasətimizi prioritet kimi hələ ki, xarici siyasət prioritetləri sırasında saxlayırıq?! Mən həmişə deyirəm ki, biz öz hədəfimizə doğru getməliyik və gedirik”, -deyən Azərbaycan prezidentinin sözlərinə görə, “əgər biz oradan-buradan ayağımıza dolaşmaq istəyənlərə fikir versək hesab edirəm ki, bu, düzgün olmaz: “Çünki mahiyyət etibarilə bu gün bizim Avropa ölkələri ilə çox möhkəm və sağlam ikitərəfli münasibətlərimiz var. Mənim Avropa ölkələrinə çoxsaylı səfərlərim, Avropa dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu göstərir. Mən sizə açıq deyə bilərəm ki, ikitərəfli səfərlər zamanı, Avropa liderləri ilə ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt. Burada özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib. Bu gün mən bunu ilk dəfə deyirəm. Əlbəttə beynəlxalq təşkilatlar deməlidir. Yəni, bunların siyasi həyat tərzi belədir. Biz bunu sadəcə olaraq bilməliyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm