• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bahar Muradova ATƏT PA-nın prezidentinə məktub göndərdi

  • Nida.az
  • 18 İyul 2014 18:40
  • 697 Baxış
Bahar Muradova ATƏT PA-nın prezidentinə məktub göndərdi

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova işğal altında olan Kəlbəcər rayonuna getmiş 3 azərbaycanlının ermənilər tərəfindən girov götürülməsi ilə bağlı ATƏT PA-nın prezidenti İlkka Kanervaya məktub ünvanlayıb.

Gün.Az xəbər verir ki, müraciətdə öncə Assambleyanın Bakıda keçirilmiş 23-cü illik sessiyasının uğurlu nəticələrindən, xüsusilə sənədlərdə Helsinki yekun aktının 10 prinsipinin pozulmasına qarşı yönəlmiş əlavə müddəanın da yer aldığından məmnunluq ifadə olunur. Lakin, eyni zamanda bu prinsiplərin yerinə yetirilməsində problemlərin mövcud olduluğuna diqqət yönəldilir.

Bununla bağlı məktubda qeyd olunur:

“Sizin də çox fəal şəkildə qatıldığınız bu müzakirələr bir daha sübut etdi ki, assambleyamız lazım gəldiyi anda hamımız üçün vacib olan məsələlər ətrafında çox prinsipial qərarlar qəbul edə bilir. Amma təəssüf ki, onların yerinə yetirilməsinə gəldikdə yenə də acizlik nümayiş etdiririk. Ukraynadakı son faciəli hadisələr bunu bir daha sübut edir. Axıdılan qardaş qanı təkcə üz-üzə duran tərəflərin deyil, eləcə də onları qızışdıran dairələrin, o cümlədən bu hadisələrə laqeyd qalan beynəlxalq qurumların da vicdanını sınağa çəkir. Ermənistan Respublikasının təcavüzkar siyasəti nəticəsində zorən cəlb olunduğumuz Dağlıq Qarabağ münaqişəsinin 22 illik tarixindəki acı təcrübəmiz mənə bunu söyləməyə əsas verir”.

Bunun ardınca vitse spiker məktubda Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş azərbaycanlıların taleyi ilə bağlı dərin narahatlığını ifadə etmişdir: “Heç bir halda düşünmək istəməzdim ki, Bakı deklarasiyası da əhəmiyyətsiz fikirlər yığnağına çevriləcək. Faktlar isə düşüncələrimin doğruluğunu bir daha isbat edir. Sessiyadan sayılı günlər keçməsinə baxmayaraq Ermənistan tərəfi yenə də bu prinsipləri kobud şəkildə pozaraq cari il iyunun 10-da ata-baba yurdu Kəlbəcəri görmək və əzizlərinin qəbirlərini ziyarət etmək üçün doğma kəndinə getmiş 3 azərbaycanlını girov götürmüş, erməni mətbuatında deyildiyi kimi, dəhşətli işgəncələrə məruz qoymuşdur. Ermənistan Müdafiə Nazirliyi öz saytında yerləşdirdiyi bəyanatında isə qeyd edir ki, azərbaycanlı girovlara qarşı “sərhədi qanunsuz keçmək, qətl törətməyə cəhd və s. maddələr üzrə cinayət işi qaldırılacaq”, çünki bu 3 nəfər azərbaycanlı “beynəlxalq hüquqda təsbit edilmiş qanunları və müharibə ənənəsini kobud şəkildə pozmuşdur”. Sual olunur: beynəlxalq hüququ və Helsinki yekun aktının prinsiplərini Kəlbəcər rayonu da daxil olmaqla, Azərbaycana qarşı Ermənistanmı pozub, yoxsa öz doğulduğu kəndi ziyarət edən Azərbaycan vətəndaşımı? Erməni hərbiçisinin Kəlbəcərdə və digər 6 rayonda nə işi var? Kəlbəcərlə Azərbaycanın digər regionları arasında sərhədi kim çəkib? Və bu “sərhədin pozulması” barədə niyə Ermənistanın müdafiə naziri məhz Ermənistan prezidenti Sarkisyana hesabat verir? Bu, özü-özlüyündə “Dağlıq Qarabağ Respublikası” deyilən oyuncaq qurumun müstəqil fəaliyyət göstərdiyi və 20 % Azərbaycan ərazisinin işğalı ilə Ermənistanın heç bir əlaqəsinin olmadığı haqda deyilənlərin bir mif olduğunu sübut etmirmi? Və ərazidə baş verən bütün qeyri-qanuni hərəkətlərə görə məhz Ermənistanın məsuliyyət daşıdığını aşkar şəkildə göstərmirmi?”.

Sonda Bahar Muradova ATƏT PA prezidentinin bu müraciətə biganə qalmayacağına inamını ifadə etmiş və bütün imkanlardan istifadə edərək girovluqda olan azərbaycanlıların azad olunmasına çalışmasını və Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin baş vermiş bu hadisəyə münasibət bildirməyi təmin etməsini xahiş etmişdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR