• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Sərkisyan Qarabağla ətrafındakı rayonları dəyişmək istəyir, Bakı isə…”

  • Nida.az
  • 8 Avqust 2014 11:19
  • 12 078 Baxış
“Sərkisyan Qarabağla ətrafındakı rayonları dəyişmək istəyir, Bakı isə…”

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 31 iyul tarixində başlayan şiddətli döyüşlərdən sonra hər kəsin diqqəti prezidentlərin Soçi görüşünə yönəlib. Moskvanın təşəbbüsü ilə keçiriləcək görüşlə bağlı gözləntilər də birmənalı deyil.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın vestikavkaza.ru saytında gedən “Rusiya Qarabağı sakitləşdirir” başlıqlı yazıda da Soçi görüşü və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə toxunulub.

Həmin yazını ixtisarla təqdim edirik.

Müharibə kimə sərf edir?

Rusiya Ukrayna böhranı ilə bağlı çətin vəziyyətə baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində təşəbbüsü özünə qaytarır. Hamıya çoxdan aydındır ki, yalnız Rusiyanın diplomatik potensialı münaqişəni yekun razılaşma ilə nəticələndirə bilər. ATƏT-in Minsk Qrupunun həmsədri Fransanın cəhdi, yəni Azərbaycan və Ermənistan prezidentlərinin sammitini təşkil etmək istəyi müvəffəqiyyətlə nəticələnmədi. Başqa cür də ola bilməzdi. Görüntü xatirinə danışıqlar Azərbaycana çoxdan lazım deyil, Ermənistana isə status-kvonun saxlanılması hava kimi lazımdır.

Rusiya diplomatiyası üçün “ikinci cəbhə” avqustun 8-9-da Soçidə açılacaq. Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, bu tarixlərdə Rusiya prezidentinin Azərbaycan və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşləri təyin edilib. Prezidentlərin iştirakı ilə birgə görüşün keçəriləcəyi isə dəqiq deyil.

Regionda gərginliyin pozulması iyul ayının sonu – avqust ayının əvvəllərinə təsadüf etdi. Hər iki tərəfdən onlarla hərbçi həlak oldu. Bu 20 illik atəşkəs dövründə ilk böyük itki idi. Mətbuatda isə fitnəkar bəyanatların sayı hədsiz dərəcədə artmağa başladı. Bu bəyanatların mahiyyəti isə münaqişəni daha da alışdırır və sülh danışıqları üçün qapıları bağlayırdı.

Amma burada maraqlı sual yaranır. Ukraynada, İraqda, Liviyada, Suriyada, İsraildə və Fələstində müharibənin olduğu bir vaxtda Qarabağda müharibə kimə lazımdır? Rusiyanın ən cənub sərhədlərində, Moskvanın strateji müttəfiqi və strateji partnyoru arasında müharibəni alovlandırmaq kimə sərf edir?

Danışıqlar stolunda sülh razılaşmasının konturlar çoxdan var

Danışıqlar stolunda münaqişənin üzünmüddətli və hərtərəfli həllinə gətirib çıxara bilən konturlar var. Diplomatlara yeni nəsə ixtira etmək laqzım deyil. ATƏT-in Minsk Qrupunun diplomat-vasitəçiləri hərəkət proqramına artıq öz dövlət başçılarının dəstəyini də təmin ediblər. Və bundan sonra planın icrasına başlamaq olardı. İlk addımlardan biri odur ki, Ermənistan Dağlıq Qarabağ ətrafında işğal edilmiş Azərbaycan rayonlarını azad edir, Azərbaycan və Türkiyə tərəfindən kommunikasiyalar bərpa olunur və Ermənistan blokadadan çıxarılır və regionda genişmiqyaslı iqtisadi əməkdaşlığın təməli qoyulur. Daha sonra isə azad edilən rayonlara, həmçinin Qarabağa qaçqınlar qayıdırlar. Yekunda isə referendum perspektivi açılır və hər iki icma regionun gələcək statusunu müəyyən edir.

Ermənistandan ilk addımı gözləyirlər: heç olmasa işğal edilmiş iki rayonun azad edilməsinə razılaşmaq. Bundan sonra isə regional ziddiyyətlərin yumağı tədricən açılmağa başlayacaq. Yerevan isə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını tələb edir. Başqa sözlə, Ermənistan Qarabağın statusu ilə ətrafındakı rayonları dəyişmək istəyirlər. Öz növbəsində, Bakıda isə belə bir güzəşt anlayışı tamamilə yoxdur.

Serj Sərkisyana hər tərəfdən böyük təzyiq var: Paris, Vaşinqton və Moskva ondan aydın və birmənalı cavab gözləyirlər. Hansı ki Yerevanda bunu sadəcə tələffüz edə bilmirlər. Aydındır ki, Ermənistan indiki halda Qarabağ üçün müstəqillik statusunu ucuza almamağa, eyni zamanda, sərhədləri açmağa və təhlükəsizlik zəmanəti almağa çalışır.

Ermənistan əhalisinin qırılmasının qarşısının alınması necə mümkündür?

Azərbaycana indiki şəraitdə müharibə lazım deyil. Amma heç də ona görə yox ki, orada “sülh göyərçinləri” daha çoxdur. Bakı da daha praqmatikdir və həqiqətən də əmindir ki, münaqişəni sülh danışıqları ilə həll etmək olar. Sülh planı tamamilə səmərəlidir və Azərbaycan tərəfinin ədalət barədə təsəvvürlərinə uyğundur. Yerevandakı indiki hakimiyyət status-kvonu saxlamaq istəyir. Ermənstan Dağlıq Qarabağ ətrafındakı rayonları bufer zona kimi saxlamağa və bu torpaqların “davakar azərbaycanlılara” ötürülməsinin qeyri-mümkünlüyünü “təkzibedilməz sübutlar”la göstərməyə çalışır. Serj Sərkisyan yalnız belə hansısa vaxta istənilən status-kvonu, eyni zamanda, hakimiyyətini saxlaya biləcək. Əks təqdirdə, Manvel Yeqiazaryan (erməni terror təşkilatı “Arabo”nun komandiri) və onun “silahdaşları” artıq bu gün “qorxaq və bacarıqsız insanlardan siyasi səhnədən çəkilməyi xahiş etməyə” hazırdır.

Öz partnyorları olan Fransa və ABŞ-dan fərqli olaraq, Rusiya böhran vəziyyətində yenidən öz qabiliyyətini nümayiş etdirdi. Ancaq Moskvada ATƏT-in Minsk Qrupunun verdiyi suallara Serj Sərkisyandan anlaşılan cavab gözləyir. Rusiya üçün son dərəcə əhəmiyyətlidir ki, Avrasiya İttifaqına üzv olacaq müttəfiqi münaqişənin ağır yükü və kip bağlanmış sərhədlərlə yüklənməsin. Əks təqdirdə, yaxınlaşma və inteqrasiya barədə deyilənlər pafosdan başqa bir şey olmayacaq. Ermənistanın iqtisadiyyatının, demək olar ki, yarısı Rusiya biznesidir. Vladimir Putinə Serj Sərkisyanı yenidən inandırmalıdır ki, yalnız Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə Türkiyə və Azərbaycanla sərhədlərin açılışı, erməni zavodları və fabriklərin nəfəs alması, ölkə əhalisinin işlə təmin olunması, demoqrafik faciənin qarşısının alınması və Ermənistan əhalisinin qırılmasının qarşısının alınması mümkündür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR