• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tarixçi millət vəkili : “Rəsulzadə kimi tarixi liderlər olmasaydı.."

  • Nida.az
  • 31 Yanvar 2014 12:09
  • 1 259 Baxış
Tarixçi millət vəkili : “Rəsulzadə kimi tarixi liderlər olmasaydı.."

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Publika.Az –a müsahibəsində tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yubileylə bağlı sərəncamının əhəmiyyəti, Məhəmməd Əmin Rəsulzadənin dövlətçilik tarixində rolu və digər məsələlərlə bağlı danışıb.

-Musa müəllim, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı verdiyi sərəncamı və yubileyin keçirilməsini necə qiymətləndirirsiniz?

-Sərəncamın birinci əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlətçiliyinin varislik prinsipinə sadiqdir. 1991-ci ildə qəbul olunan Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin hüquqi varisidir. Təbii ki, ondan sonrakı addımlarımız da varislik prinsiplərinə uyğun olub. İstər 28 May tarixinin Respublika Günü kimi qeyd olunması. İstər 26 İyun tarixində ordu gününün qeyd olunması, istərsə də milli bayrağımızla bağlı qərar həmin dövrdən başlanır. Heç şübhəsiz ki, Məhəmməd Əmin Rəsulzadə də Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasında müstəsna əhəmiyyəti olan şəxslərdən biridir. Bu baxımdan onun yubileyinin qeyd olunması Azərbaycanın dövlətçilik ənənələrinə hörmətindən irəli gəlir, müasir Azərbaycanın Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olduğunu siyasi və hüquqi baxımdan təsdiq edir. Cənab prezidentin bu sərəncamı eyni zamanda həm də dünyaya bir mesajdır ki, Azərbaycan 1991-ci ildən müstəqil bir dövlət deyil, Şərqdə iyirminci əsrin əvvəllərində müstəqilliyini elan etmiş ilk demokratik respublika, ilk hüquqi müsəlman dövlətidir. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsi çox əhəmiyyətlidir.

-Ümumiyyətlə, müstəqillik illərində Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsi üçün görülən işlər qaneedicidirmi?

-Mən hesab etmirəm ki, Məhəmməd Əmin Rəsulzadə irsini onun silahdaşlarından ayırmaqla öyrənmək doğrudur. Onlar bir komanda şəklində fəaliyyət göstəriblər. Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edən, demokratik parlamentini formalaşdıran, hökumətdə təmsil olunanların, daha sonra xarici ölkələrdə ömrünü başa vurmağa məcbur olanların, ağır məhrumiyyətlərə düçar olanların bütövlükdə irsinin öyrənilməsinin tərəfdarıyam. Ayrı-ayrı tədqiqatçılar istədiyi liderə üstünlük verə bilər. Rəsulzadə irsini öyrənilməsi də Azərbaycanda uğurla həyata keçirilir. Şirməmməd Hüseynov, yaxud da Nəsiman Yaqublu və Xaləddin İbrahimlinin tədqiqatları kifayət qədər böyük mənbədir. Eyni zamanda Türkiyədə də Məhəmməd Əmin Rəsulzadənin irsi öyrənilib və onlar da gətirilərək çap olunmalıdır. Bəlkə də onun üzə çıxmayan məktubları və yazıları var. Onlar da dərc olunmalıdır. Yalnız müsbət deyil, o dövrdəki tənqidi fikirlərin də üzə çıxarılması əhəmiyyətlidir. Rəsulzadənin Türkiyə dövrü çox maraqlıdır. Orada mühacir Azərbaycan hökumətinin qurulması, hökumətin tərkibindəki müəyyən qüvvələrin tərəfdarlarına müxalifət təşkil etməsi çox maraqlı məsələlərdir və onların öyrənilməsi üçün hələ çox işlər görülməlidir.

-Rəsulzadənin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması və dünyada tanınmasında xidmətləri barədə nələri söyləmək olar?

-Bu bir proses idi və prosesin də hazırlıq mərhələləri olmuşdu. Məhəmməd Əmin Rəsulzadə də prosesin liderlərindən biri idi. Tərəfdarı deyiləm ki, Məhəmməd Əminin fəaliyyəti tam qabarıq verilməli, digərləri kölgədə qalmalıdır. O, təkbaşına cümhuriyyəti qurmamışdı və təkbaşına lideri də deyildi. Çar Rusiyasının dağılması, üç respublikanın yaranması prosesi tarixi bir zərurət idi. Amma həmin tarixi zərurətdə Məhəmməd Əmin Rəsulzadə kimi hazır tarixi liderlərin olmaması Azərbaycanın dövlətçiliyinin tamamilə məhv olmasına səbəb ola bilərdi. Məhəmməd Əmin Rəsulzadə Müsavat fraksiyasının da lideri olaraq tarixdə öz sözünü demiş şəxsiyyətdir.

-Rəsulzadənin həyatının xeyli hissəsini mühacirətdə yaşayıb. Bu illərdə onun səsi Azərbaycanda nə dərəcədə eşidilirdi?

-Onun mühacirətdə yaşadığı dövr Azərbaycanda bir irtica dövrünə təsadüf edir. Stalin repressiyaları, müharibə dövrü və müharibədən sonrakı repressiyalar. Həmin dövrdə təbii ki, çox ciddi qadağalar var idi. Amma bütün bunlara baxmayaraq, Məhəmməd Əmin Azərbaycan ilə əlaqə saxlamışdı, fikirlərini çatdırmışdı. O, nə vaxtsa Azərbaycanın müstəqilliyini əldə edəcəyinə son gününə qədər inanırdı. Onun bütün fəaliyyəti də Azərbaycanın müstəqilliyinin bərpa olunmasına yönəlmişdi. Amma onun Azərbaycan təsir imkanları təbii ki, həmin dövr yox idi.

-Qeyd etdiniz ki, cümhuriyyət dövrünün öyrənilməsi zamanı yalnız müsbət deyil, o dövrdəki tənqidi fikirlərin də üzə çıxarılması əhəmiyyətlidir. Tənqidi məqamlardan biri də İrəvanın paytaxt olaraq Ermənistana güzəşt edilməsi ilə bağlıdır. Bu məsələdə sizin fikirləriniz necədir?

-Bu məsələyə o dövrün reallığından çıxış edərək qiymət vermək lazımdır. Mayın 28-də Tiflisdə müstəqilliyimizi elan etsək də, müstəqilliyimizi qoruyacaq və başqa güclərə qarşı duracaq gücümüz yox idi. Nə ordumuz, nə də iqtisadi gücümüz var idi. Bu baxımdan da bizim İrəvanı paytaxt olaraq verməkdən başqa yolumuz yox idi. Amma həmin qərar İrəvandan olan millət vəkillərinin iştirakı olmadan qəbul olunmuşdu və sonradan onların etirazları da nəzərə alınmadı. Düşünmürəm ki, ya Məhəmməd Əminin, ya da İstiqlal Bəyannaməsini qəbul edən digər liderlərin bunun qarşısını almağa gücü çatardı. Burada əsas rolu Rusiya və Türkiyə oynayırdı, onların qərarları da bu cür olmuşdu. Yəni, bu tarixi bir zərurət idi və Azərbaycanın bunun qarşısını almaq üçün gücü yox idi. Bu həm də yalnız Məhəmməd Əminin qərarı ilə olmamışdı. Amma tənqidi fikirləri başqa məqamda söyləmək istəyirdim. Məsələn, 1920-ci il 28 Aprel ərəfəsində hakimiyyətin bolşeviklərə verilməsi, müstəqilliyi qorumaq üçün bütün diplomatik vasitələrdən istifadə olunub-olunmaması, mühacirət dövründə mühacir Azərbaycan hökumətinin qurulması zamanı silahdaşlarının bir qrupunun Məhəmməd Əmin Rəsulzadəyə qarşı iddialarının nə qədər haqlı olub-olmaması araşdırılmalıdır. Ancaq bütün bunlar tarix elmi üçün əhəmiyyətlidir. Yəni, nə siyasi, nə də hüquqi qiymət vermək doğru deyil.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR