• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şeyxə yaxın şəxs danışdı: " İnsanların inancından sui-istifadə edib varlanmaq istəyirlər”

  • Nida.az
  • 31 Yanvar 2014 12:45
  • 592 Baxış
Şeyxə yaxın şəxs danışdı: " İnsanların inancından sui-istifadə edib varlanmaq istəyirlər”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Suriyaya gedənlərin sayının artmasından narahat olaraq yaydığı fətva güniş müzakirələrə səbəb olub. Publika.Az Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Mirəziz Seyidzadənin bu məslə ilə bağlı “Kaspi”yə verdiyi müsahibəni kiçik ixtisarla təqdim edir.

- Qafqaz Müsəlmanları İdarəsinin Suriyaya gedənlərlə bağlı fətvasına münasibətiniz necədir?

- Qafqaz Müsəlmanları İdarəsinin yanvar ayının 27-i verdiyi fətvanı çox vacib məqam kimi qiymətləndirirəm. Hərçənd ki, bəziləri bu fətvanı “gecikmiş” adlandırdılar, mən belə düşünmürəm. Bu, elə ən uyğun zamanda verildi. Qeyd edim ki, uzun müddət maariflənmə işi aparılıb. Mətbuatda da bu mövzuda söhbətlər açılıb. Hər zaman bildirilib ki, Suriyada gedən döyüşlər din uğrunda aparılan mübarizə, cihad deyil. Orada vəfat edənlər şəhid adlandırıla bilməz. Çünki bu, müxalifətlə dövlət arasında gedən vuruşmadır. Hətta bu vuruşmanı dövlətlərarası münaqişə adlandırardım. Ona görə də heç kim belə döyüşlərə getməklə öldükdən sonra şəhidlik zirvəsinə ucalacağına ümid bəsləməsin. Təəssüf doğuran məqamdır ki, döyüşlərdə iştirak edənlər yəni, hər iki tərəf müsəlmandır. Ölən də, öldürən də “la ilahə illallah” deyib meydana atılır. Hansı tərəfdən baxsaq, bu döyüşü cihad, öldürülənləri isə şəhid adlandırmaq mümkün deyil. Təəssüf ki, həyata keçirilən maariflənmə işləri nədənsə təsir etmədi. Bəzilərinin dini savadı çox olmadığı üçün xarici müdaxilələr onları aldatmağa, yanlış yola çəkməyə müvəffəq olur. Aparılan təbliğat nəticəsində kimlərinsə fikirləri dəyişir, islamdan uzaq əməlləri əsl din kimi qəbul edirlər. Bunun nəticəsidir ki, gənclər Suriyaya getməyi, orada vuruşmağı özlərinə fəxr bilirlər. Düşünürlər ki, ölsələr şəhidlik zirvəsinə yüksələcəklər. Onlara “cənnət müjdəsi” veriləcəyinə inanıb normal həyatlarından vaz keçirlər. Ona görə də hesab edirəm ki, bu, çox yerində verilmiş fətvadır. Qazılar Şurasının üzvləri deyilən məsələlər üzrə ciddi araşdırma apararaq bu fətvanı ictimaiyyətə təqdim etdi. Hesab edirəm ki, ruhanilərimiz də, savadlı din xadimlərimiz də bu məsələlərlə əlaqədar aktiv maarifləndirmə aparmalıdırlar. İnsanları oyatmaq lazımdır. Ana-bacılarımızın gözləri yaşlı qalmamalıdır. Bizim Qarabağ kimi dağ boyda dərdimiz var və torpaqlarımız hələ də işğaldan azad edilməyib. Həmin şəxslər bu barədə düşünməlidirlər. Burdan gedib başqa ölkədə şəhid adı üçün vuruşmaq heç bir azərbaycanlıya yaraşmaz.

- Sizcə, radikallığı təbliğ edən kimlərdir? Onlara qarşı apardığınız mübarizənin effektli olacağına inanırsınızmı?

- Radikallığı təbliğ edənlərin çox zaman xaricdə təhsil alanlar olduğunu müşahidə etmişik. Onlar üz tutduqları ölkələrdə müəyyən dini mərkəzlərə gedir, müxtəlif cərəyanlara qoşulurlar. Həmin şəxslərin orada təhsil almalarına şübhə edirəm. Xaricdə bir-iki il gəzib gəlib burada dini öz bildikləri kimi təbliğ edirlər. Xaricdə gördüklərini burada yaymaqla özlərinin düşdüyü bataqlığa digərlərini də çəkirlər. Guya, bunlar dindardırlar. Əslinə baxdıqda, radikal şəxslər olduqları aydınlaşır. Onlar insanların dini inancından sui-istifadə edib varlanmaq istəyirlər. Bu cür məkrli işlərinə bizim gəncləri də bulaşdırırlar. Sözün əsl mənasında ruhani olsaydılar, bu cür işlər görməzdilər. Şəhid Allah yolunda, Vətən, din və ailəyə verilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxsdir. Suriyada gedən döyüşlər şübhəsiz ki, cihad deyil. Sadəcə, o adamlar özləri də bilmədən təsir altına düşürlər. Gənclərimizi aldadanlar nə onların analarını, nə övladlarını, nə də digər yaxınlarını düşünürlər. Anlamırlar ki, kiminsə ailə üzvlərini gözü yolda qoymaq heç bir ədalətli deyil. Çalışacağıq ki, bu məsələləri tezliklə aradan qaldıraq.

- Fətvadan sonra şeyxə qarşı kompromat yayılması barədə nə deyə bilərsiniz?

- Şübhəsiz ki, bu addımı atarkən müəyyən dini qurumların mənfi reaksiya verəcəyini bilirdik. Bəlkə də, bunu, normal qəbul etmək olar. Çünki həmin adamların qazanc yerləri bağlanır. Onların kimliyi xalqa açıqlanır, bir növ ifşa olunurlar. Camaat həmin şəxsləri tanıyır və gənclərimiz yavaş-yavaş bu yoldan çəkinirlər. Bir məqamı da vurğulayım ki, fətvanı təkcə şeyx verməyib. Bunu, Qazılar Şurası hazırlayıb. Qazılar Şurası 23 qazıdan ibarətdir ki, onlar da bu fətvaları şəriət qanunlarına əsasən verirlər. Şeyx idarə rəhbəri olduğu üçün təzyiqlər hamısı onun üzərinə yönləndirilir. Həmin şəxslərə isə demək istəyirəm ki, belə məsələ var idisə, bunu xeyli əvvəldən niyə demirdiniz? Bu gün onların yollarını kəsən həqiqətlər bəyan olunandan sonra şeyxə zərbə vurmağa çalışırlar. Amma onlar bilsinlər ki, bu cür yalanlarla ona təzyiq edə bilməzlər. Şeyx öz çıxışında da demişdi ki, “bilirəm ki, bundan sonra mənə qarşı hücumlar olacaq, söz-söhbətlər yayılacaq. Haqq-ədalət naminə bu işi görürəm və heç nədən qorxmuram”. Deyilən sözlərin heç birinin şeyxə aidiyyəti yoxdur.

- Hadisələrin gələcək inkişafını necə proqnozlaşdırırsınız?

- Həm bir ruhani kimi, həm də sıravi vətəndaş olaraq ümidvaram ki, bütün bu məsələlər yoluna qoyulacaq. Xalq hər şeyi görür və eşidir. Hər kəsin öz seçimi var. Lakin düzgün istiqamət seçməkdə insanlara yardımçı olmaq lazımdır. İstərdim ki, bu işdə media işçiləri, bəzi dövlət qurumları və digər şəxslər bizə kömək etsinlər. Cavanlarımızı, gənclərimizi, tez təsir altına düşən vətəndaşlarımızı maarifləndirmək, qorumaq lazımdır. Onlara anlatmalıyıq ki, Vətən adlı bir məfhum var. Gedib başqa ölkələrdə mücahidlərə qoşulmaqdansa, öz vətənini qorumalısan. Özlərini dindar kimi qələmə verən radikallara qoşulanlar həm də ailələrini pis durumda qoyurlar. Ümid edirəm ki, deyilənlərin nəticəsini görəcəyik. Gəlin, əl-ələ verib bu böyük bəlanı ölkəmizdən uzaqlaşdırmaq üçün var gücümüzü ortaya qoyaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR