“Ankara Bakıya yeni siyasi ittifaq təklif edir” – Şimaldan Ərdoğanın səfərinə baxış
Bizi izləyin

Nida.az

“Ankara Bakıya yeni siyasi ittifaq təklif edir” – Şimaldan Ərdoğanın səfərinə baxış

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra birgə bəyanatlarla çıxış edib.

“Türkiyə və Azərbaycan arasında münasibətlər bundan sonra başqa formada inkişaf edəcəklər. Regiondakı hazırkı problemləri iki ölkə birgə həll etməlidir. Azərbaycan və Ermənistan arasında münaqişə nizama salınarsa, Türkiyə və Ermənistan arasında problem də öz həllini tapacaq. Əks təqdirdə, erməni-türk münasibətləri əvvəlki səviyyədə qalacaq. Azərbaycanla münasibətlərimizin inkişafı üzrə səylər əvvəlki qətiyyətlə davam etdiriləcək”, - R.T.Ərdoğan bildirib.

Beləliklə, Ərdoğan Azərbaycan dövlət başçısı ilə rəsmi danışıqlar səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Türkiyənin yeni rəhbərliyinin siyasi kursunu açıqladı. Bundan əvvəl isə yeni baş nazir Əhməd Davudoqlu ölkənin xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin prioritet olduğunu bildirdi. Ölkənin yeni xarici işlər naziri Mövlud Çavuşoğlu isə yeni postunda həm də Azərbaycanın xarici işlər naziri kimi işləyəcəyini bildirdi.

Təbii ki, Rusiyanın xüsusi maraq dairəsində olan Cənubi Qafqaz ölkəsinə Türkiyə prezidentinin səfəri rus ekspertlərinin də xüsusi maraq dairəsindədir. Rusiyalı ekspertlər Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ istiqamətinin gücləndirilməsi haqqında bəyanatları şərh ediblər.

İkinci dərəcəli dövlət müşaviri, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi Şuranın eksperti Stanislav İvanov Ərdoğanın Azərbaycan səfərində Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatı ritorika hesab edir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin postsovet məkanın öyrənilməsi üzrə analitik bölmənin rəhbəri Andrey Petrov isə həmkarı ilə razılaşmır. “Məsələ ondadır ki, son zamanlar Azərbaycanla qardaş əlaqələr və strateji əməkdaşlıq haqqında Türkiyə hakimiyyətinin ənənəvi dost ritorikasına yeni notlar əlavə olundu. Yeni prezident, yeni baş nazir və xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barəsində hərəkətlərin koordinasiyası, eləcə də “erməni soyqırımı” iddialarına qarşı birgə mübarizədən danışdılar. Bu, hələ ki yalnız ayrı-ayrı məsələlərdir. Amma onu demək olar ki, Türkiyə Azərbaycana hansısa yeni siyasi ittifaq təklif edir”, - A.Petrov qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin xarici siyasətində Azərbaycan istiqamətinin gücləndirilməsi R.T.Ərdoğanın seçilməsi ilə bağlıdır. Rusiyalı ekspert bildirir ki, Prezident İlham Əliyevlə Ərdoğanın şəxsi dostluq əlaqələri artıq heç kim üçün sirr deyil.

“Türkiyənin Avropa Birliyi ilə siyasi münasibətlərdə soyuqluq bu gün göz qabağındadır. Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin prioritet hesab olunması başadüşüləndir. Münaqişənin nizama salınması Qafqaz regionunun iqtisadi çiçəklənməsi üçün qapıları açacaq və Avropada məyus olan Türkiyəyə münasibətlərini şərq istiqamətində inkişaf etdirməyə imkan verəcək”, - politoloq vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm