Fuad Muradov: “Aparılan islahatlar bu yüksəlişə səbəb olub”
Bizi izləyin

Nida.az

Fuad Muradov: “Aparılan islahatlar bu yüksəlişə səbəb olub”

“Azərbaycanın rəqabətə davamlılıq reytinqində irəliləməsi çox təbii haldır. Burda müxtəlif istiqamətlər araşdırılır, təkcə mikro və makro iqtisadi göstəricilər yox, həm də iş şəraitinin yaradılması nəzərə alınır. Son illər Azərbaycanda aparılan islahatlar bu yüksəlişə səbəb olub”.


Publika.az-a açıqlamasında millət vəkili Fuad Muradov Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olması və irəliləyərək 144 ölkə arasında 38-ci yeri tutmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aparılan islahatlar ölkədə rəqabət mühitini yaxşılaşdırmaq üçün yeni istiqamətlər açıb: “Bu baxımdan, Azərbaycanın irəliləməsi təbiidir. Eyni zamanda, Avropada son illər böhranın olması Azərbaycana öz məhsul bazarını genişləndirmək və böyük dövlətlər rəqabətə girmək üçün yaxşı imkanlar yaradıb. Prezident İlham Əliyevin düzgün istiqamət seçməsi ona səbəb olub ki, Azərbaycan pillə-pillə irəliləyir. Bu göstəricilər ötən ilin sonu və bu ilin əvvəli üçündür. Mən əminəm ki, bu ilin sonunda açıqlanacaq hesabatda Azərbaycan daha da irəliləyəcək”.


F. Muradov innovativ inkişaf və texnoloji yüksəliş artımına münasibət bildirərkən deyib ki, bu, dövlət başçısının texnoloji inkişafa verdiyi töhfədir.
“Ölkədə texnoparkların yaradılması, sənayenin inkişafı müsbət haldır. Dövlət başçısı bu məqamları həmişə vurğulayıb. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan daha da inkişaf edəcək”.

Qeyd edək ki, Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olub və 144 ölkə arasında 38-ci olub.
Ötənilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini bir pillə yaxşılaşdırıb.

UİF-in makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə, Azərbaycan ilk onluğa daxil olaraq 9-cu pillədə qərarlaşıb. Hesabata görə, əmək bazarının effektivliyinə görə, Azərbaycan 33-cu yerdə mövqe tutur.
İnnovasiya potensialının göstəricilərinə görə, Azərbaycan 72-ci, texnologiya səviyyəsinə görə 56-cı, təsisatların keyfiyyətinə görə 60-cı yeri tutur.

Azərbaycan rəqabətə davamlılıq indeksinə görə artıq altı ildir ki, MDB ölkələri arasında liderdir. Ermənistan hesabatda 85-ci yerdə qərarlaşıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm