İsa Qəmbərdən Əli Kərimliyə yeni “jest”: qalib kim olacaq?
Bizi izləyin

Nida.az

İsa Qəmbərdən Əli Kərimliyə yeni “jest”: qalib kim olacaq?

Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılan Birləşmiş Müdafiə Komitəsi AXCP sədrinə yenidən dəvət göndərib.


Publika.az xəbər verir ki, komitənin bu gün keçirilən iclasında çıxış edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, hazırlanan xartiyaya AXCP-nin də qoşulması təklif olunsun.

Azadlıq partiyasının sədri Əhməd Oruc isə deyib ki, ümumiyyətlə, AXCP iclaslara dəvət edilsin: “Biz iclaslara dəvət edək, gəlməsələr, özləri bilərlər”.

AXP sədri Pənah Hüseyn AXCP sədri Əli Kərimli ilə danışdığını bildirib və söyləyib ki, xartiyanı müzakirə edə bilərlər.


Qeyd edək ki, məhbusların hüquqlarının müdafiə məsələsi müxalifəti ikiyə parçalayıb. İsa Qəmbərin təşəbbüsü ilə yaradılan 14 siyasi partiyanın təmsil olunduğu komitə Əli Kərimliyə dəvət göndərsə də, AXCP sədri bunu qəbul etməyib. Əvəzində onun təşəbbüsü ilə Milli Şura da ayrıca komitə yaradıb.


Komitələr bir-birini fəaliyyətsizlikdə də ittiham edirlər.


Belə ki, Milli Şuranın yaratdığı komitənin həmsədri Vidadi Mirkamal Publika.az-a açıqlamasında qarşı tərəfi ittiham edərək bildirir ki, özlərinə sığışdırıb Milli Şuranın yaratdığı Müdafiə Komitəsinə gəlmədilər.


“Onların komitəsində təmsil olunanlar Milli Şuradan ayrılandan sonra kənarda qalanlardır. Komitənin adında beynəlxalq sözü olsa da, üzvləri elə Müsavatın üzvləridir. Həmçinin KXCP-çilər, Arif Hacılı, Gülağa Aslanlı kimi adamlar və Milli Şuraya üzv olanlar orda təmsil olunur. Onların bəziləri həm də Milli Şuranın yaratdığı komitənin üzvləridir. Milli Şuranın təşəbbüsü ilə yaradılan komitə onların komitəsindən 10-15 gün əvvəl yaradılıb. Biz yaranan kimi vəkillərlə görüşür, həbsxana şəraiti haqda maraqlanır, beynəlxalq təşkilatları məsələ ilə bağlı məlumatlandırırıq. Həmçinin səfirliklərlə bu məsələni müzakirə edirik. Onlar nəsə müsbət iş görürlərsə, bu yaxşıdır. Amma indiyə qədər heç nə etməyiblər. Hər halda belə görünür”, - deyə komitə sədri bildirib.


İsa Qəmbərin təşəbbüsü ilə yaradılan komitənin üzvü Xəzər Teyyublu isə qarşı tərəfin ittihamını qəbul etmir. O, “danışmaqdansa, işləmək lazımdır” deyə bildirir.

İndi Əli Kərimliyə yenidən dəvət göndərməklə, görünür, münasibətlərdəki buzları əritmək istəyirlər. Amma Ə. Kərimli bunu qəbul edəcəkmi? Çünki söhbət təkcə müdafiədən yox, nüfuz savaşı və Qərb təşkilatlarının müdafiəyə görə dəstəyini və ayıracağı maliyyəni kimin almasından gedir. Bu, kimin özünü daha yaxşı göstərməsi kimi bir şeydir.

Asif Nərimanlı






Oxumağa davam et
Reklam
Reklam

Gündəm