Nida.az
“Donuz Başı” nəyi sübut etdi: Qafqazda dini savaş - TƏHLİL
Ötən həftə Batumidə Quran kursunun qarşısından donuz başı asılması şok effekti yaratdı. Ötən il ölkənin cənub-qərbindəki Samtsxe-Cavaxetiya bölgəsindəki Çala kəndində bir məscidin minarəsinin səlahiyyətlilər tərəfindən zorla sökülməsindən sonra bu, Gürcüstanda müsəlmanlara qarşı ikinci qeyri-insani davranışdır. Lakin medianın diqqətindən yayınan belə hadisələr də zaman-zaman təkrarlanır. Bundan başqa, Marneulidə və Bolnisidə məscid tikintiləri ilə bağlı yaranmış səs-küy də artıq həyəcan siqnallarının ilk eşidilən səsləri idi.
Ötən həftədə baş vermiş hadisənin Türkiyə Diyanət İşləri başçısı Mehmet Görmezin Gürcüstana səfəri ərəfəsində olması da təsadüfi deyil.
Lakin əvvəlcə ötən ildə baş vermiş minarə insidentinə nəzər salmaq
lazımdır. Belə ki, Gürcüstanın Adigeni rayonunun Çala kəndində
məscid minarəsinin sökülməsi yerli müsəlmanların etirazın səbəb
oldu və nəticə etibarilə qarşıdurma yarandı. Hökumət minarənin
sökülməsini Türkiyədən gətirilən materialların gömrük rüsumlarının
ödənilməməsi ilə əsaslandırırdı. Qarşıdurmanın sonunda isə hökumət
güzəştə gedərək, sökülərək Tiflisə aparılmış minarəni yerinə
qaytaracağına söz verdi. Lakin bu dəfə qərara pravoslavlar etiraz
etdi. Müsəlmanların əhalisi əsasən gürcü müsəlmanlarından ibarət
olan Acarıstana üz tutaraq mitinqlərini muxtar respublikanın
paytaxtı Batumidə davam etdirməsinə də qarşı çıxan pravoslavlar
yolları belə bağladılar. Gürcü hökumətinin məlum qərarından sonra
Axaltsexidə keşişlərin iştirakı minə yaxın radikal pravoslavın iki
gün davam edən etirazında bütün yollar bağlanmaqla yanaşı,
“minarəni yalnız bizim meyitlərin üzərindən apara bilərsiniz” şüarı
da səsləndi.
Son olaraq hökumət ortalığı sakitləşdirə bildi, amma bu günə qədər
minarə məsələsinin fonunda həllini tapmayan məsələ müsəlmanlara
təzyiqlərin olmasıdır. Əslində bu, indinin, yaxud yaxın keçmişin
təzyiqləri də deyil.
Pravoslavların baş verən minarə hadisələrində Türkiyəni ittiham
etməsi də sıradan bir məsələ deyildi. İttihamlarsa birbaşa Türkiyə
Baş naziri (o vaxt baş nazir idi-red) Rəcəp Tayyib Ərdoğana
ünvanlanmışdı. Pravoslavlar iddia edirdilər ki, əslində, bütün
bunları Ərdoğana bağlı xüsusi xidmət orqanları ortalığı
qarışdıraraq bölgədə islam dininin təsirini artırmaq məqsədi
daşıyır.
“Ərdoğan Acariya və Samsxe-Cavaxetiya bölgəsini Gürcüstandan zorla qoparıb islamın gücünü artırmaq istəyir”. İttihamlar əsasən bu səpkidə idi.
Publika.az Acariyada baş verənlərin altqatını şərh
edir, əslində “nə baş verir?” sualına cavab tapmağa çalışır.
Acarıstan: pazlın tamamlanmayan hissəsi
Bu hadisələrin ardından bir il keçir və Türkiyənin dini məsələlərə baxan nazirinin səfəri ərəfəsində “donuz başı” insidenti yaşanır. Bütün bunlar sıradan bir məhəlli insident ola bilərmi? Bəlkə də, məişət zəminində baş vermiş dini qarşıdurma hesab etmək olar, lakin sökülən minarə, hazırda azlıqda qalan müsəlmanların etirazı, pravoslavların radikal dirənişi, “donuz başı” insidenti, proseslərdə kənar izlərin axtarışı belə düşünməyə əsas vermir.
Bölgənin dini mənzərəsində şəkilləndirmələr, proseslərin axınına
müdaxilələrlə dəyişdirilənlər məlum olayların bütöv pazlın kiçik
hissəsi olduğunu göstərir. Hansı ki, pazl kimi təsəvvür etdiyimiz
dini şəkilləndirməni daha öncə, uzun illərdən bəri bütövləşdirmək
üçün işlər gedir. Amma bunu tamamlanmış hesab etmək olmaz. Bu, o
zaman tamamlana bilər ki, Cənubi Qafqazın başıbəlalı – məhz belə adlandırmaq olar –
bölgələrindən olan Acarıstan tamamilə xristianlaşdırılmış olsun.
Ona görə başıbəlalı ki, bu bölgə zamanında Osmanlı və Çar
imperiyaları, daha sonra Türkiyə və Rusiyanın üstünlük qazanmaq
uğrunda mübarizə meydanlarından biri olub. Belə ki, XVI əsrin
ortalarından Osmanlı imperiyasının nüfuzuna daxil olan Acarıstanda
əhalinin çox hissəsinin müsəlmanlığı qəbul etməsi də həmin dövrə
təsadüf edir. 1878-ci ildə müharibəni Çar Rusiyasına uduzan Osmanlı
bölgəni güzəştə getməyə məcbur oldu, lakin bu, onun ərazidən
birdəfəlik əl üzdüyü demək deyildi. Məhz I Dünya müharibəsi
gedişində və sonra da Cənubi Qafqaz, eləcə də onun daxilində olan
Acarıstan Türkiyə və Rusiyanın mübarizə obyekti idi. Acarıstanın
muxtar respublika olmasına səbəb də əslində bu mübarizə olmuşdu.
Belə ki, 1921-ci il martın 16-da Moskvada
imzalanmış Türkiyə-Rusiya müqaviləsinin və həmin il oktyabrın 13-də
Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında imzalanmış
Qars müqaviləsinin müddəalarına
əsasən Acarıstan Gürcüstanın tərkibində muxtar respublika oldu.
1991-ci ildə SSRİ-nin
dağılmasının ardından Gürcüstanın müstəqillik əldə etməsi ilə
bərabər Acarıstan da onun tərkibində muxtar respublikaya çevrildi.
Bu zamandan etibarən, 1878-ci ildən sonra Rusiya imperiyasında
bölgənin xristianlaşdırılması siyasəti daha kəskin forma aldı ki,
nəticədə bu gün gürcülər üçün müsbət mənzərə yaranıb.
1991-ci ilin məlumatına görə, Cənub-Qərbi Gürcüstanda etnik azlıq
olan acarların 75 faizi müsəlman idi. Bu yaxınlarda açıqlanmış
rəsmi sənədlərə görə isə, Acariya Respublikasında Batumidə və
ətraflarda yaşayan sakinlərin 75 faizi Gürcü pravoslav kilsəsinə
aiddir. Son 22 ildə dəyişən bu mənzərə haqqında İtaliyanın “Vatican
Insider” nəşrində dərc olunmuş məqalədə maraqlı faktlara toxunulub.
Nəşr Gürcü hökumətinin Acarıstan üzərindəki dini siyasətinə
toxunaraq yazır ki, bölgədə bu gün keşişlərin çoxu islam
ailələrindən çıxır. Onu demək kifayətdir ki, Batumi seminariyasının
rektoru İstanbulda təhsil almış mollanın nəvəsidir.
Acarların pravoslavlığa kütləvi axını haqqında danışan Mitropolit
Dimitriy hələ ötən il bildirib ki, 1991-ci ildə beş min insan
– müsəlman və ateistlər pravoslavlığa
keçdi. Bununla da Xoluda ən yüksək teoloji məktəb açıldı ki, bu,
SSRİ məkanında ilk dini məktəb idi.
Hazırda Acarıstanda kiçik islam anklavları qalır ki, onlar da regionun mərkəzi hissəsinə yaxın kəndlərdədir. Xuloda isə məscid və mədrəsələr var, yaşlı nəsil də türkcə danışır.
Qeyd edək ki, bu ilin avqust ayında Batumidə olan Publika.az-ın
müxbiri maraqlı bir mənzərəni müşahidə edib. Belə ki, bu bölgədə
gənclərin əksəriyyətinin, demək olar ki, hamısının boynundan xaç
asılıb. Sanki onlar, xristian olduqlarını nümayiş etdirmək üçün
sıraya durublar. Nəzərə alsaq ki, Acariya müsəlman kökənli
bölgədir, o zaman bu, xüsusi diqqət çəkir. Lakin müsəlman yaşlı
nəsil gənclərin “xaç sevgisindən” heç də razı görünmür. Onlar bunu
hökumətin apardığı siyasətlə əlaqələndirir. Hansı ki, gənclər xaç
asmaqla xristianlardan seçilmək istəmirlər, beləliklə də, gizli
ayrı-seçkilik problemindən uzaqda qalırlar.
Göründüyü kimi, gürcü hökuməti öz dini bütövlüyünü qoruyub
saxlamaqda maraqlıdır. Lakin bölgədə dini şəkilləndirməni öz
təsirinə almaq istiqamətində yerli hökumətlə yanaşı, Rusiya, İran
və Türkiyə də fəal çalışır. Son dövrlərə qədər də Azərbaycan
müəyyən addımlar atmaqda maraqlı görünürdü. Ermənistan isə
özünəməxsus formada daha çox iddialı çıxışlar edir ki, bu da təsir
qüvvəsi baxımından zəif görünür.
İran isə son bir neçə ildə daha aktiv şəkildə bölgəyə müdaxilə edir. Xüsusən də dini mədrəsələrin açılması, dini təbliğatın gücləndirilməsi prosesi fonunda. Amma Tehranın dini müdaxiləsi Acariyadan daha çox Borçalı bölgəsinə, azərbaycanlıların yaşadığı məkanlaradır. Çünki Acariya uzun illər Türkiyənin təsirində qalmaqla daha çox sünni məzhəbinin dominantlığını qazanıb. Borçalı bölgəsi isə QMİ-nin təsiri altında idi. QMi burdan çıxarıldıqdan sonra boş qalmış yeri İran doldurmağa çalışırdı.
Rusiya: hədəfləri və ehtiyat etdikləri
Burada Rusiya və Gürcüstan İslamı hədəf olaraq seçdikləri üçün eyni
müstəvidə yer alır. Düzdür, bu müstəvidə onlar qarşılıqlı olaraq
bir-birinə də hədəf olaraq yanaşırlar.
Türkiyə və Azərbaycan isə ayrıca, daha çox İslamın bölgədəki mövcud təşəkkülündə maraqlı qüvvələr kimi eyni müstəvidədirlər.
Əvvəlcə Rusiyanın siyasətinə nəzər salaq, çünki bu ölkə həm gücü,
həm də amansız siyasəti baxımından digərlərindən olduqca
fərqlənir.
Rusiya sovetlərdən sonra iki dinin - İslam və xristianlığın mövcud
olduğu bölgədə daha çox İslam faktorundan ehtiyatlanır. Çünki
xristianlığın pravoslav icması Gürcüstanda kifayət qədər geniş
təsirlərə malikdir ki, bu da rus cəmiyyəti ilə eynilik təşkil edir.
Ermənistan isə Qriqoryanlığı ilə idarəolunan səviyyədə
saxlanılıb.
İslam faktorunu diqqətdə saxlamaq Moskva üçün həm də ona görə
vacibdir ki, etnik mənzərəsi ilə müxtəliflik kəsb edən Şimali
Qafqazda bu din hakimdir. Qafqazın Şimalındakı hakim din üzərində
təsir gücü saxlamaq üçün Kreml “Rusiya Müsəlmanları Birliyi”,
“Rusiya Müftilər Şurası”, “Rusiya Müsəlmanları Ali Ruhani İdarəsi”
strukturlarını yaratdı. Bu strukturların hər birinin baş idarəsi də
Moskvada yerləşirdi. Bunun ardınca yaradılan “Şimali Qafqaz
Müftilər Şurası”nda konfederativ əsaslarla fəaliyyət göstərən
strukturlar formalaşdı.
Tiflisin demarşı: Rus və erməni kilsəsinin ardınca QMİ təsirini itirdi
Gürcüstan isə dinin gürcü dövlətinin monopoliyası altına alınması
prosesini 2003-cü ilin “qızılgül inqilabı”ndan sonra başladı. Buna
qədər, islam faktorunu bir kənara qoysaq, Rusiya və Ermənistanın
xristianlıqdan yetərincə yararlandığını görmək olar. Həmin dövrdən
başlayaraq Gürcüstan Rusiyanın bütün təsirlərini öz üzərində
azaltmaq siyasətini seçdi, o cümlədən “Rus və Moskva Provoslov
Kilsəsi Patriarxlığı”nın gürcü cəmiyyətindəki rolunu azaltmağa
başladı. Burda Tiflisdən bütün Gürcüstan üzrə fəaliyyətini quran
“Erməni Apostol Kilsəsi”nin də təsir dairəsi geniş idi. Məhz buna
görə Gürcüstan-Ermənistan, Gürcüstan-Rusiya münasibətlərində dini
şəbəkələrin idarəolunması uğrundan mübarizə gedirdi. Rəsmi Tiflis
bunun hüquqi tərəfinə istinad edərək hər iki tərəfi Gürcüstandan
müəyyən qədər sıxışdırmağa nail oldu və gürcü patriarxlığının
hegemonluğunu təmin etdi. Amma Abxaziya və Cənubi Osetiya üzərində
“Rus və Moskva Pravoslav Kilsəsi Patriarxlığı”nın təsiri
qalmaqdadır.
Əslində, lap əvvəldən Gürcüstan ərazisinin bu bölgələrində Rus kilsəsinin təsiri digərləri ilə müqayisədə daha çox idi. 2008-ci ilin dördgünlük müharibəsində bu bölgələrin Rusiya tərəfindən işğal edilməsində, həmçinin yerli əhalinin əksər hissəsinin Rusiyadan yana olmasında da məhz Rus kilsəsinin rolu, yəni dini faktorun gücü danılmazdır.
Son 10 ildir başlanan bu prosesdə Rus kilsəsinin, Erməni Apostol
kiləsinin üzləşdiyi problem Azərbaycanın bölgədəki dini təsirini
yerinə yetirən Qafqaz Müsəlmanları İdarəsini də gözləyirdi. Ağrılı
keçən bu prosesdə – gürcü dövlətinin
sərhədləri daxilində hegemonluğunu qurması prosesində QMİ özünü
kənarda saxlamağı bacarmışdı. Amma əvvəldən baş verənlər bir gün bu
məsələ ilə QMİ-nin də qarşılaşacağınına dair kifayət qədər
ehtimallar yaradırdı.
Belə bir problem 2011-ci ildə QMİ-yə alternativ olaraq Gürcüstan
Müsəlmanları İdarəsi (GMİ) adlı qurum yaradılmaqla ortaya çıxdı.
Əslində, bu qurumun yaradılması prosesi 2009-cu ildən başlamışdı.
Lakin Azərbaycan tərəfinin ciddi etirazı və qarşılıqlı görüşlər bir
qədər vaxt qazanmaqdan başqa heç nəyə yaramadı. Nəticə etibarilə
QMİ öz səlahiyyətlərini Gürcüstanda itirdi.
Faktiki sınma nöqtəsi: Acarıstan
Gürcüstan artıq öz sərhədləri daxilində dini hegemonluğu ələ almağı
bacarıb, lakin bu hegemonluq müəyyən qədər axsayır. Məhz bu
baxımdan, pazlın tamamlanmayan hissəsi də budur. Acarların dirənişi
onu göstərir ki, onlar heç də iddia edildiyi kimi, İslamı məcbur
qəbul etməyiblər. Bu dirənişdə ən böyük rol oynayan amillərdən biri
də muxtar respublikanın rəhbəri Aslan Abaşidzenin siyasətidir.
Təsadüfi deyil ki, gürcü mətbuatı 2003-cü ildə hakimiyyətə gələn
Saakaşvilinin “Acarıstan Aslanı”na qalib gəlməsə, hakimiyyəti
saxlaya bilməyəcəyini yazırdı. Həmin dönəmdə Saakaşvili Abaşidze
ilə müəyyən kompromislərə nail olmuşdu. Amma Mişanın hakimiyyəti
illərində ən çox təzyiq etdiyi bölgə də Cənubi Osetiya ilə yanaşı,
Acarıstan olub. Və bu gün Gürcüstanda islam dinini dirənişlə
qoruyub saxlayanlar da acarlardır. Təbii ki, onların müəyyən
hissəsi boyunlarından xaç asmağa çoxdan razılıq verib, amma bölgədə
kompakt şəkildə islamın mövcudluğu da bu bölgəyə aiddir. Bir çox
müsəlmanın xristianlığa üz tutması Gürcüstanda qalan islam azlığı
üçün təhlükə hesab edilir. İslam daşıyıcıları Çeçenistan və
Dağıstanla sərhəddə yaşayan çeçenlər, eləcə də Azərbaycanla sərhəd
yaxınlığında yaşayan Şərqi Gürcüstanın şiələridir.
Türkiyə və Azərbaycan: hesabda geri qalmamaq üçün hansı
addımlar atılmalıdır?
Bu gün acarların yeganə ümidi, bəlkə də, Türkiyə və Azərbaycandır.
Türkiyə Gürcüstanda dini siyasətini əvvəldən humanitar istiqamətdə
aparırdı. Türkiyə ilə cənubda həmsərhəd olan Acarıstanda islamın
inkişafını ən çox dəstəkləyən də elə Ankaradır.
Azərbaycanın QMİ-nin Gürcüstan üzərində imtiyazının ləğvi ilə
itirdikləri Acarıstandakı müsəlmanlara da təsirsiz ötüşmür. Bu,
Azərbaycanın Gürcüstana kapital yatırımları etdiyi bir dövrdə, yəni
iqtisadi faktorunu gücləndirdiyi bir vaxt baş verdi ki, bununla
Azərbaycan bir tərəfdən qazandığı halda, digər tərəfdən böyük bir
itkiyə məruz qaldı.
Hazırda hesabın Türkiyə və Azərbaycanın xeyrinə olmadığı ortadadır. Dini təsirin itirilməsi isə sıradan bir məsələ deyil, əksinə, olduqca mühüm faktorun əldən çıxması kimi qəbul edilməlidir. Misal üçün, Abxaziya və Cənubi Osetiya xalqının Rus kilsəsinin təsiri altında Moskvaya yaxın olması 2008-ci il müharibəsində Kremlin işinə yaradı. Bundan başqa, Ukraynada Rusiyayönümlü Yunakoviçin hakimiyyətə gəlməsində də Rus kilsəsinin təsiri güclü olub.
Dini təsirin qorunması üçün atılan addımlara ən bariz nümunə kimi, Azərbaycanda çox az sayda olan katoliklərə Vatikandan dəstək göstərilməsi, onların kilsələrinin inşa edilməsinə birbaşa Papa səviyyəsində qatılmaların olmasını göstərmək olar.
Acarıstanda itirilən dini təsir isə iqtisadi tərəfdən də
Gürcüstanın xeyrinə işləyir. Belə ki, bölgənin gözü hesab edilən
Batumi limanı regiondakı iri transmilli layihələrin, o cümlədən
Avropa-Asiya nəqliyyat dəhlizinin əsas qovşaqlarındandır. Əslində
aparılan mübarizənin digər bir səbəbi də bununla bağlıdır.
Bu baxımdan, Türkiyə və Azərbaycan hərəkətə keçməsi lazımdır.
Acarıstanda islamın dominantlığının qorunması Azərbaycana itirilmiş
təsirini qaytara, eləcə də Borçalıdakı soydaşlarımızın da dini
aşınma siyasətindən kənarda qalmasına kömək edə bilər. Türkiyənin
də burda qazancı dini faktorun oynaya biləcəyi rol, həmçinin
bununla Batuminin əldən çıxmamasıdır. Bütün hallarda hər iki ölkəyə
Acarıstanda islamın təzyiqlərdən qorunması divident gətirə bilər.
Təbii ki, burda dini təəssübkeşlik də əsas amildir.
Asif Nərimanlı
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO