• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda şadlıq evləriylə bağlı qanun qəbul oluna bilər

  • Nida.az
  • 18 Sentyabr 2014 12:46
  • 773 Baxış
Azərbaycanda şadlıq evləriylə bağlı  qanun qəbul oluna bilər

“Yas və toy mərasimlərində israfçılığa yol verilməsi artıq ölkə vətəndaşlarını da narahat edir. Ona görə də bu məsələ ilə bağlı sosial sifariş yaranıb”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib.

Hələ bir neçə il öncə parlamentdə bununla bağlı məsələ qaldırdığını vurğulayan J.Əliyeva deyib ki, sosial sahədə hər bir qanunun qəbulu üçün cəmiyyətdən sifariş olur:

“Hesab edirəm ki, bu gün də bu vətəndaşlar tərəfindən sifariş var. Son günlər yas və toy mərasimlərinin bu qədər aktual məsələ kimi gündəmə gəlməsi onu göstərir ki, bununla bağlı müvafiq qanun qəbul olunarsa, o zaman bu yerlərdə insanların dəstəyini alacaq. Biz insan hüquqlarının qorunduğu cəmiyyətdə yaşayırıq. Yəni, elə istisnalar var ki, qanunların qəbul edilməsi ilə müdaxilə etmək mümkün deyil. Amma bu məsələ ilə bağlı hər hansı addım atılsa, yəqin ki, bunun müsbət nəticəsi olacaq və vətəndaşların israfçılığa yol verməyin doğru olmadığını kollektiv şəkildə başa düşəcəklər”.

Deputat turizm sahəsində fəaliyyət göstərən sosial obyektlərdə israfçılığın qarşısının alınmasını vacib sayıb:

“Bir neçə ildir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərinə, istirahət mərkəzlərinə və otellərə “ulduz” qiymətləndirməsi tətbiq edilir. Bu isə bütün dünyada mövcuddur. Amma bu qiymətləndirmənin özü daha da təkmilləşdirilməlidir. Yəni, “ulduz” qiymətləndirməsindən başqa da ölçülər tətbiq edilməlidir. Çünki bəzən istirahət mərkəzlərinə verilən “ulduzlar” və orada göstərilən xidmətlər, onların müştərilərə təklif etdiyi qiymətlərə uyğun gəlmir. Burada da müəyyən israfçılığa yol verilir və sairə. Misal üçün, bəzən elə otellər olur ki, orada verilən yeməklərin və otağın qiyməti “5 ulduz” standartları qiymətində olur. Halbuki, həmin istirahət mərkəzində o qədər pulun qarşılığında göstərilən xidmət heç “1 ulduz”a da layiq deyil. Bütün bunlarla yanaşı, istirahət mərkəzlərində çalışan işçilərdə xidmət səviyyəsi də çox aşağıdır. Yaxşı olar ki, bu işçilər turizm treninqləri keçsinlər. Əsasən də regionlarda mövcud olan bəzi istirahət mərkəzlərində turizm işini o qədər də bilməyən yerli əhalidən istifadə olunur. Təbii ki, bu yerlərdə olan əhalinin iş yerləri ilə təmin olunması üçün yaxşıdır. Ancaq digər tərəfdən isə onların istirahətə gələn insanlara xidmət səviyyəsi, demək olar ki, çox aşağı olur. Bütün bunları aradan qaldırmaq lazımdır”.

J.Əliyeva Azərbaycanda turizmlə bağlı müvafiq qanunun qəbul olunmasının və bütün bu məsələlərin orada yer almasının vacibliyini vurğulayıb:

“Hər hansı bir sahədə ortaya çıxan və çıxa bilən problemlərin aradan qaldırılması və o sahəni tənzimləmək üçün müvafiq qanunların qəbuluna ehtiyac var. İndiyədək Azərbaycanda qəbul edilən hər bir sahə qanunu həmin sahənin inkişafına yönələn qanunlardır. Artıq son illər Azərbaycan da turizm ölkəsi kimi tanınmağa başlayıb. Hesab edirəm ki, bu sahədə də müvafiq qanunun qəbulu və mövcud olan problemlərin qanunla tənzimlənməsi həm ümumi işin xeyrinə, həm də ölkə üçün faydalı ola bilər”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR