“Rusdilli təbəqəyə yarınan müxalif siyasətçilər...”- Müxalifətdə “rus dili” davası
Bizi izləyin

Nida.az

“Rusdilli təbəqəyə yarınan müxalif siyasətçilər...”- Müxalifətdə “rus dili” davası

REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadəni kəskin tənqid edib.

Publika.az xəbər verir ki, A. Qasımlı Hacızadənin “Azadlıq” radiosunun “Pen klub” verilişində “rus bölməsi yaxşıdır, yoxsa Azərbaycan bölməsi” ətrafında açdığı müzakirədəki fikirləri ilə razılaşmadığını bildirib: “Hikmət bəy, xətrinizə dəyməsin, sizin bildiyiniz bir iş yoxdur. Bir daha 1992-də sizlərin nədən hakimiyyəti əldə saxlaya bilmədiyiniz məlum oldu. Adınızı “milli demokratik qüvvələr” qoymusunuz, amma danışdığınız manqurtluqdan başqa bir şey deyil. Allah eləməsin ki, bu hakimiyyətdən sonra sizlər hakimiyyətə gələsiniz. Nöqtə. Bir sözlə - gedin pensiyaya, yeriniz oradadır! Xalqımıza yazığım gəldi... Milli siyasət anlayışından uzaqdırlar. Tutuquşu kimi bir sözü on dəfə təkrarlayırlar, amma məzmun sıfırdır”.

H. Hacızadə tədrisin ana dilində olmasının vacibliyini vurğulasa da, söyləyib ki, mütləq şəkildə pilot dili olmalıdır: “Pilot dili olmasa, intellektual cəhətdən zəifləyəcəyik”.


Qeyd edək ki, sözügedən verilişdə REAL-çı Erkin Qədirli də iştirak edib. H. Hacızadə deyib ki, E. Qədirli rus bölməsini qurtardığı üçün onun bu barədə danışmağa haqqı yoxdur.


E. Qədirli rus bölməsində təhsil alsa da, rus və ingilis dilinin xarici dil kimi keçirilməsinin tərəfdarı olduğunu deyib: “Rus bölməsində təhsil alanlar ruslaşırlar və ana dilində danışa bilmirlər, Azərbaycan dilində ancaq məişət səviyyəsində danışırlar. Rus bölməsində milli ruh yoxdur. Çoxdan rus bölməsi bağlanmalı idi. Əlifba və milli valyuta kimi radikal şəkildə bağlanmalı idi. Sovet vaxtı və bir müddət sonra da “rus bölməsi Azərbaycan bölməsindən yaxşıdır” fikri hakim idi, Amma bugünkü halda o fərq həlledici deyil. Artıq Azərbaycan bölməsi rus bölməsini üstələyir. Burada türk liseylərinin, özəl kursların da rolu olub. Azərbaycan bölməsində tədrisin keyfiyyəti rus bölməsinin mövcudluğuna birbaşa bağlıdır. Rus bölməsi bağlanmayana qədər Azərbaycan bölməsində keyfiyyət artmayacaq. Azərbaycan vergiödəyicilərindən yığılan pullar hesabına övladlarımızı başqa dövlətin dilində tədris edirik. Söhbət dövlət təhsil sistemindən gedir. Kimsə özəl fondlar hesabına rusdilli məktəb açmaq istəyirsə, buyursun. Söhbət dövlət məktəblərindən, dövlət büdcəsindən xərclənən pullardan gedir. Siyasəti bu iki şeyə bağlamaq lazımdır”.

H. Hacızadənin “Dünyadan informasiyanı necə, hansı dildə alaq?” sualına E. Qədirli belə cavab verib: “Köhnə nəsil rus dilindən, yeni nəsil ingilis, fransız, alman dilindən, kim hansı dildə istəsə, ala bilir”.


Hacızadə isə etiraz edib: “İndi rus dilinə nə qədər vəsait xərclənibsə, bir o qədər ingilis dilinə xərcləmək lazımdır. Onu bacarırsınızmı, yoxsa, onu da itirəcəyik, bu da gəlməyəcək. Əlimizdə Cəlil Məmmədquluzadə qalacaq”.


Erkin Qədirli isə söyləyib ki, söhbət 200 ildə xərclənmiş puldan gedirsə, onu biz yox, Moskva xərcləyib: “Moskvanın etdiyi mədəni siyasət deyil. İndi internet dövründə məlumatın qarşısını alan yoxdur. Lap dili bilməyən “google translate” ilə oxuyacaq. Vəziyyətdən çıxmaq istəyən çıxış yolunu tapacaq. Azərbaycan hökuməti rus dilini qorumalıdır? Bu nə yanaşmadır? Rus dili bizə təbii yolla gəlməyib. Təbii yolla dilimizi sıxışdırsaydı, siz deyən olardı, amma siyasətlə gəldi”.


H. Hacızadə dialoqu lağlağı müstəvisinə keçirib, buna isə E. Qədirli etiraz edib: “Hikmət bəy, sizinlə ciddi danışmaq olmur, vallah hər şeyi lağa qoyursunuz”.


Bu məsələ sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Tərəflər qarşılıqlı ittihamlar da irəli sürüblər.


Azər Qasımlı isə REAL-ın dil siyasəti ilə bağlı atmaq istədiyi addımları sadalayaraq bunu edə biləcəklərini deyib.

“Buna inanmayanlar isə gedib başqa işlərlə məşğul olsunlar, dövləti dağıtmasınlar, xalqın da başını mənasız arqumentləri ilə aldatmasınlar. Rusdilli təbəqəyə yarınmaq istəyən müxalif siyasətçilərin isə strateji məsələlərdə populizmlə məşğul olmaları təəssüf doğurur”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm