Bakı-Tiflis-Ankara vahid hərbi qərargah yaradır: “İkinci cəbhə” ssenarisi reallaşır?
Bizi izləyin

Nida.az

Bakı-Tiflis-Ankara vahid hərbi qərargah yaradır: “İkinci cəbhə” ssenarisi reallaşır?

Azərbaycan, Gürcüstan və Türkiyə “Cənub qaz dəhlizi” kəmərinin müdafiəsini birgə təşkil edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu məqsədlə üç ölkənin vahid beynəlxalq qərargahı yaradılacaq və komanda-qərargah təlimləri keçiriləcək. Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan kəməri də müdafiə olunacaq.


“Təlimlərin məqsədi boru kəmərlərinin müdafiəsi üçün çoxmillətli briqada qərargahının formalaşmasıdır”, - deyə gürcü hərbçilər bildirib.


Komanda-ştab təlimləri Gürcüstanda keçirilir. Təlimlərə 24 gürcü zabit, Azərbaycan və Türkiyədən isə 12 zabit qatılıb. Həmçinin üç ölkənin magistral boru kəmərlərini qoruyan təşkilatın nümayəndələri də iştirakçılar arasındadır.


Qeyd edək ki, bu məsələ avqustun 18-də Naxçıvanda hər üç ölkənin müdafiə nazirlərinin görüşündə razılaşdırılmışdı. Görüşdə xüsusi hərbi vəziyyətlərdə ölkələrin kommunikasiya infrastrukturunun mühafizəsi, neft-qaz kəmərlərinin, dəmir yolu, rabitə infrastrukturunun mühafizəsi ilə bağlı tədbirlər planı müzakirə olundu. Görüşdə tədbirlər planının həyata keçirilməsi üçün razılaşma sazişi də imzalandı.

Bu baxımdan, üç ölkənin vahid hərbi komanda yaratması gözlənilən idi. Lakin bu həm də üç ölkənin birgə hərbi addımı olaraq da qeyd olunmalıdır. Hansı ki Ukrayna böhranı gündəmə gələndən sonra NATO-nun təşəbbüsü ilə Polşa, Baltikyanı ölkələr və Ukrayna arasında birgə hərbi briqadalar yaradıldı. Ukrayna NATO-nun üzvü deyildi, amma ortada Rusiya təhlükəsinin olması Şimal Alyansının nizamnamə çərçivəsindən kənar olsa da, Şərqi Avropada belə bir addım atmağa vadar etdi.

Sirr deyildi ki, Kreml Ukraynada itirdiklərinin Qafqazda təkrarlanmağına imkan verməyəcəkdi. Bunun üçün əsas hədəf Azərbaycan olmalı idi. Çünki Ermənistan Moskva üçün de-fakto federasiya statusu daşıyır. Gürcüstan üzünü Avropaya tutub. Hər tərəflə eyni məsafəyə saxlamağa çalışan Azərbaycan Cənubi Qafqazın açarıdır. Bakını təsir altına almaqla Tiflisi də “zəbt etmək” mümkündür.

Amerikanın nüfuzlu beyin mərkəzi “Stratfor” də bildirirdi ki, Qafqazla bağlı hazırladığı analizdə bildirir: “Moskva Bakını əldə saxlamaq və Qərbə meyllənməyinin qarşısı kəsmək üçün bütün vasitələri dövriyyəyə çıxarıb”.

Bu ilin 6 may tarixində üç ölkənin liderlərinin Tiflisdə keçirilən görüşü də çox şeylərə aydınlıq gətirir. Hətta Publika.az-a daxil olan məlumatda deyilirdi ki, üç ölkə NATO-nun bazasında yeni hərbi ittifaq yarada bilər və bu ,Tiflis görüşündə müzakirə olunub.

Bütün gedişlərsə Moskvaya qarşı ikinci cəbhənin məhz Qafqazdan açılmasıdır.

Bu proseslərin kontekstində Azərbaycan, Gürcüstan və Türkiyənin bölgədə vahid hərbi qərargah yaratmaq istəyi təsadüfi hesab olunmur. Məqsəd magistral boru kəmərlərinin müdafiəsi olsa da, bu hərbi müstəvidə atılan ilk addımdır.


Politoloq Rövşən İbrahimov hesab edir ki, üç ölkə üçün də taleyüklü olan magistral boru kəmərləri müdafiəyə böyük ehtiyac duyur: “Hər bir strateji obyektin, şübhəsiz, önləyici tədbirlərə ehtiyacı var. Buna görə də Azərbaycan, Gürcüstan və Türkiyənin vahid beynəlxalq qərargah yaratmaq istəyi təbiidir. Son kataklizmlər fonunda bu vacib məsələdir və əminəm ki, üç ölkə bu işi yaxşı bacaracaq”.

Gürcü ekspert Nika Çitadzenin də fikrincə, magistral boru kəmərlərinin mühafizəsinin artırılması lazımdır.

“Biz 2008-ci il 5 avqustda BTC-nin Türkiyə ərazisindən keçən hissəsindəki terror aktlını yaxşı xatırlayırıq. Görünür beynəlxalq qərargahın yaradılması bu tipli hadisələrə qarşıdır. Xüsusilə də indiki geosiyasi proseslər fonunda təhlükəsizlik problemləri kifayət qədərdir”, - deyə gürcü ekspert bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm