Əhməd Oruc: “Mənim Jirinovski ilə heç bir oxşarlığım yoxdur”
Bizi izləyin

Nida.az

Əhməd Oruc: “Mənim Jirinovski ilə heç bir oxşarlığım yoxdur”

Azadlıq Partiyasının sədri Əhməd Orucun Publika.az-a müsahibəsi:

- Ötən həftə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycanda səfərdə oldu və bir sıra görüşlər keçirdi. Bu səfər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Amma nədənsə sizin partiyanın bununla bağlı hər hansı mövqeyi olmadı...

- Konkret bu məsələ ilə bağlı mənə heç kim müraciət etmədi. Mən də Jirinovskinin səfəri ilə bağlı xüsusi olaraq açıqlama vermədim.

- Sosial şəbəkələrdə gedən bəzi müzakirələrdə sizi “Azərbaycanın Jirinovskisi” adlandıranlar da oldu. Bundan xəbəriniz oldu?

- Ola bilməz. Mən birinci dəfədir bunu sizdən eşidirəm. Yəqin, siz məni Hafiz Hacıyevlə səhv salırsınız. Axı mənim barəmdə bunu kim deyib? Harada deyib?

- Dedim axı, sosial şəbəkələrdə...

- Mənim xarakterim tamam başqadır. Mənim Jirinovski ilə heç bir oxşarlığım yoxdur. Sırf milli maraqlara xidmət edən adamam. Hər zaman da milli dəyərləri və prinsipləri rəhbər tutmuşam.

- Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyir ki, Jirinovskini mən ağıllandırmışam...

- Hafiz Hacıyev bunu deyə bilər. Çünki o da Jirinovski tipində olan bir adamdır. Ümumiyyətlə, Hafiz Hacıyev nə deyir, desin də.

- Partiyanızda hansı yeniliklər gözlənilir?

- Bilirsiniz ki, biz də Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunuruq. Oktyabrın 18-də isə müstəqillik günü ilə bağlı ADP-nin qərargahında Demokratiya və İnsan Haqları Mərkəzi konfrans keçirəcək. Hazırda biz də bu konfransa hazırlaşırıq. Konfransda Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan siyasi partiyaların iştirakı nəzərdə tutulur.

Bundan əlavə, oktyabrın 8-də Müsavat partiyasının qərargahında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni müzakirə edəcəyik.

- Müsavat partiyasının yeni başqanı seçildi. Bununla bağlı mövqeyiniz necədir?

- İlk növbədə, Arif bəyi təbrik edirəm və uğurlar arzu edirəm. Mən Arif bəylə 20 ildən çoxdur ki, dostam. Hesab edirəm ki, bu gün Müsavat partiyasına digərindən daha çox onun başqanlıq etmək haqqı var. Müsavatçıların onu başqan seçməsini də təqdir edirəm.

- Amma ötən gün Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev Müsavat partiyasına çağırış edərək, sentyabrın 27-də baş tutmuş qurultayın qərarlarının ləğv olunmasını təklif edib. Bəs buna münasibətiniz necədir?

- Hər kəs yaxşı bilir ki, Rəsul Quliyev bu kimi dayanıqsız mövqelər sərgiləyir. Biz bunu vaxtilə Milli Şura ilə bağlı da müşahidə etdik. Çünki Milli Şura yeni yaradılanda, Rəsul Quliyev bunu böyük uğur hesab etdi, amma bir qədər sonra isə o, Milli Şuranın əleyhinə bəyanatlar verməyə başladı.

İndi də Rəsul bəydir də. Yəqin ki, okeanın o tayından Rəsul bəyə Azərbaycan bu cür görünür.

- Bu yaxınlarda AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu “Azadlıq” qəzetində “Əl-müxalifət və əl müxalifəti” sərlövhəli müəllif yazısında AXCP-dən savayı, digər bütün müxalifət partiyalarını hökumətə işləməkdə ittiham edib. Bu ittihamların bir ucu da sizə toxunur...

- İnanmıram ki, Kamil bəy bizim haqqımızda bu cür fikirlər söyləsin. Kamil bəy bizim haqqımızda bu cür sözləri nə deməz, nə də deməyə risk etməz.

- Adətən, sizin adınız gələndə, inəkləriniz yada düşür. İnəkləriniz lağa qoyulanda xətrinizə dəymir?

- Bu yaxınlarda bir müxalifət partiya funksioneri inəklərimə sataşmışdı. Mən onlara demək istəyirəm ki, mənim inəyim onlardan çox yuxarı səviyyədədir. Çünki inəyim halal zəhmətlə çalışır, öz işi ilə məşğul olur. Allahın ona verdiyi funksiyanı inəyim halal zəhmətlə yerinə yetirir. Ona görə də mənim inəyimə toxunmaq asan məsələ deyil.

- Hazırda neçə baş inəyiniz var?

- İndi azdır, kommersiya sirri olsa da, sayını sənə deyəcəm. Hazırda 2 baş inəyim var.

- İnəyinizin sayı azalıb. Olmaya, böhran keçirirsiniz?

-Yox, heç bir böhran keçirmirəm. Sadəcə olaraq, təsərrüfatımın profilini dəyişmişəm. Bu ildən arıçılıqla məşğul olmağa başlamışam. Artıq Qusarda və Bakıda özümə məxsus olan arıçılıq təsərrüfatım mövcuddur. Bu il yaratdığım arıçılıq təsərrüfatımdan hələ ki bal götürə bilməmişəm. Hələlik 6 yeşik arıdır. Bir neçə gün əvvəl isə dadına baxmaq üçün həmin yeşikdən bir çərçivə bal çıxartdıq. Təsərrüfatı öz həyətimdə yaratmışam.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm