Qərb-Rusiya-qaz üçbucağı və Bakı cəbhəsi: Qalib kim olacaq?
Bizi izləyin

Nida.az

Qərb-Rusiya-qaz üçbucağı və Bakı cəbhəsi: Qalib kim olacaq?

Avropa üçün enerji hazırda fövqəladə dərəcədə əhəmiyyətlidir. Qərblilər gələcəyi düşünmədən öz resurslarını sağa-sola xərclədi və çətin vəziyyətə düşdü. Belə bir vəziyyətdə Avropanın sanksiyaları Rusiyanı narahat etməyə bilər. Çünki faktiki olaraq onun qazına ehtiyac böyükdür və böyük ehtimalla Avropa İttifaqı rus qazını yenə alacaq.

Publika.az xəbər verir ki, Türkiyənin “haber7” saytı Rusiyanın alternativ yollarının da olduğunu qeyd edir. Belə ki, əgər Avropa imtina edəcəksə, Moskvanın Çin və Hindistan bazarı ehtiyatda qalır.

Digər tərəfdən, Britaniyanın bp şirkəti Rusiya ilə münasibətlərini yüksək səviyyədə saxlayır. Bu şirkət Rusiyada aktiv şəkildə işləyir. Nə Rusiya, nə də bp bir-birindən imtina etmək niyyətində deyil.

Bunu Avropa anlayır və alternativ yolların axtarılması istiqamətində çalışırlar. Hazırda əsas alternativ Azərbaycan qazıdır. Düzdür, bu, Avropanın ehtiyacını tam ödəməsə də, “Cənub qaz dəhlizi”nin təməlinin atılması Avropanın artıq real addımlara keçdiyini göstərir.

Əgər hansısa problem yaranmayacaqsa, yunan sərhədinə qədər uzanacaq TANAP-ın tikintisi gələn ilin yazında başlanacaq. Onun uzunluğu 1841 kilometr təşkil edəcək. Onun davamı olacaq 870 kilometr uzunluğundakı TAP İtaliyaya qədər uzanacaq.


Yaxın gələcəkdə “Cənub qaz dəhlizi” Rusiya üçün təhlükə olmayacaq. Bu daha çox Avropa üçün bazarın genişlənməsi və seçim imkanlarını artıracaq.


Azərbaycan və Türkiyə nə qazanacaq?


Boru kəməri Türkiyədən keçəcək və Türkiyə 6 milyard kubmetr qaz alacaq və bu həcm zamanla artacaq. Bu Ankara üçün fövqəladə dərəcədə əhəmiyyətlidir. Bu, siyasi və iqtisadi güc əldə etməyə imkan verəcək. Bundan başqa, Türkiyə Avropa İttifaqının enerji təhlükəsizliyini öz üzərinə götürəcək.

Eyni funksiya Azərbaycana da aiddir. Bakı öz məhsulu üçün əlavə bazar tapdı. Bu, iqtisadi üstünlük deməkdir, digər tərəfdən siyasi əhəmiyyəti olduqca yüksəkdir. Azərbaycan öz siyasətini şaxələndirməklə bi-birinə düşmən tərəflər arasında uğurlu manevrlər edir.


Bunu tərəflər, Avropa və Rusiya yaxşı anlayır. Ona görə də hər iki tərəf mənbə olan Azərbaycan cəbhəsində daha çox yer almaq istəyir. O faktdır ki, Rusiya Avropanı öz qaz asılılığından qarşıdakı illərdə də saxlayacaq. Amma Moskva uzaq mənzilli strategiyada Bakını itirmək və öz qazına qarşı kiçik də olsa əlavə alternativ qazanmaq istəmir. Avropa da bunun üçün Bakıda fəal işləməyə başlayıb.
Lakin bu cəbhədə kimin qazanacağı məlum deyil. Hər-halda qalibləri gələcək göstərir. İndiki məqamda isə əsas qalibin və qazanan tərəfin Bakı olduğunu demək mümkündür.


Asif Nərimanlı




Oxumağa davam et
Reklam
Reklam

Gündəm