• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya nəşri: “Bakı 7 rayonu silah işlətmədən ala bilər”- Təhlil

  • Nida.az
  • 14 Oktyabr 2014 13:19
  • 1 196 Baxış
Rusiya nəşri: “Bakı 7 rayonu silah işlətmədən ala bilər”- Təhlil

Ermənistanın Avrasiya İttifaqına girişi dəqiqləşdi.

Yerevan gələn ilin yanvarından ittifaqda fəaliyyətə başlayacaq. Ekspertlər düşünür ki, bu gediş müəyyən mənada çökən erməni iqtisadiyyatını dirçəldə bilər. 2015-ci ilin 2 yanvar tarixindən Ermənistan ümumi gömrük rüsumlarının 2 faizini ala biləcək.

Beynəlxalq Valyuta Fodnunun Ermənistan missiyasının başçısı Xorton Markas hesab edir ki, gömrük rüsumlarından gələn gəlir büdcəyə xeyir verəcək. Bu, 150-200 milyon dollar dəyərində qiymətləndirilir.
Eyni zamanda, 2022-ci ilə qədər Ermənistanda bəzi sahələr güzəştlər əldə edəcək. Misal üçün, yumurta və bal, meyvə-tərəvəz kimi yeyinti sənayesi, həmçinin Atom Elektrik Stansiyasının müasirləşdirilməsi istiqamətində aparılan işlər bura daxildir.

Rusiyanın Ermənistana dəstəyi daha da artacaq, xüsusilə erməni ordusunun silahlandırılması Moskva tərəfindən həyata keçiriləcək.
Moskva Yerevana ianələrlə də yardım edəcək. Bu hələ ki 1 milyard dollara qədərdir, amma 2022-ci ilə qədər 10 milyarda qədər arta bilər.


Publika.az xəbər verir ki, Ermənistanda hər kəs bu dəstəkdən məmnun deyil, xüsusilə Dağlıq Qarabağın erməni sərhədlərindən kənarda qalması əsas etiraz motividir.

Rusiyanın “Vestik Kafkaza” nəşri yazır ki, Sərkisyan bu addımı müxalifətlə razılaşdıqdan sonra atıb. Belə ki, onun Avropa Birliyinə inteqrasiyadan imtina etməsini sərt tənqid edən müxalifət Qarabağsız ittifaqa girməsini tənqid etməyə heç tələsmir.
Diqqətçəkən məqam budur ki, Ermənistanın özü də qondarma “DQR”-i tanımır, münaqişə zonasına girməyi başqa dövlətlər istəmir.

Erməni mətbuatının tənqidləri də maraqlıdır. Misal üçün, belə pasajların birində “Ermənistan sərbəst xarici siyasət hüququndan məhrum olur”.
Onsuz da, Ermənistan uzun müddət belə bir müstəqilliyə sahib deyildi.

Nəşr qeyd edir ki, ittifaqın üzv ölkələri - Qazaxıstan, Belarusiya, hətta Rusiyanın özü belə ittifaq daxilində münaqişəli ərazi istəmir.


“Belə olduğu təqdirdə, Qarabağ səhraya atılmış tənhalar kimi qalır. İndi Ermənistanı və işğal edilmiş Qarabağı nə gözləyir? Nəzərə alsaq ki, erməni sərhədi ilə işğal edilmiş ərazilərin sərhədlərini gömrük postları ayıracaq və bura ümumi gömrük xidməti edəcək, bu, Bakıya ən azı ətraf 7 rayonu silah işlətmədən almaq imkanı verir”, -deyə nəşr bildirir.

Nəşr qeyd edir ki, Yerevanda ümid edirlər ki, Qarabağa malların daşınması və ordakı malların çıxarılmasını qaçaqmalçılıq yolu ilə edə biləcəklər. Beləliklə, Moskva buna diplomatcasına göz yumacaq və həmin mallar Rusiya bazarlarına çıxarılacaq. Yerevan ona da ümid edir ki, gömrükdən qaçırılacaq mallar gələcəkdə Birləşmiş Ərəb Əmirlikləri, İordaniya kimi Yaxın Şərq ölkələrinə də aparıla biləcək.
Lakin Moskva buna göz yumsa belə, Qazaxıstan və Belarusiyanın bununla razılaşacağı çətindir. Ən azından burda onların öz maraqları da var. Hansı ki, Astana və Minsk nə üçün bazara əlavə qaçaqmalın girməsinə razı olsun, axı bu bazarlarda həm də onların öz malları satılır.


Nəşr yeganə yol kimi Moskvanın diplomatik səylərini artırması və Yerevanı ətraf 7 rayonu qaytarmağa razı salmasını göstərir. Əks təqdirdə, bölgədə yeni müharibə başlaya bilər.


Qeyd edək ki, “Karnegi” fondunun eksperti Tomas de Vall da bu günlərdə BBC-yə müsahibəsində Ermənistanın 7 rayonu qaytarmasının ən doğru yol olduğunu bildirib. Onun fikrincə, Ermənistan Avrasiya ittifaqına daxil olmaqla sərhədlərini daha da qapadı: “Burda çıxış yolu Azərbaycan və Türkiyənin blokadanı qaldırmasıdır ki, bu da münaqişənin müəyyən qədər həllindən asılıdır. Azərbaycan daha böyük müstəqillik istəyirsə, onda dünyaya inteqrasiyasını daha da sürətləndirməlidir. Qarşılıqlı güzəştlər əsasında Azərbaycan Qərb və Şərq arasında əhəmiyyətli strateji dəhlizə çevrilə bilər. Əlbəttə, güzəştlərə nail olmaq bir qədər çətindir. Lakin itirilmiş torpaqlar qaytarılacaq, qaçqın və məcburi köçkünlər geri qayıdacaq. Bu, Azərbaycanı gücləndirə bilər. Güzəştlər danışıqlar masasında müzakirə edilməlidir. Azərbaycan Laçın dəhlizindən başqa Dağlıq Qarabağ ətrafında 7 rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququ verilir. Regionun son statusu uzunmüddətli dövr ərzində qeyri-müəyyən olaraq qalır və 20-30 il sonra referendum keçirilir. Bu dövr üçün Azərbaycan və Ermənistan münasibətləri qurulur. Azərbaycan Ermənistanı iqtisadi cəhətdən xeyli qabaqlayır. Azərbaycan Ermənistan üzərində “yumşaq gücü” istifadə edə bilər. İnsanlar doğma yurdlarına qayıdacaqlar, təhlükəsizlik vəziyyəti və həyat şəraiti yaxşılaşacaq”.


Publika.az-ın bu günlərdə apardığı təhlildə də Qarabağın azad olunması şanslarının artdığı qeyd olunur (http://www.publika.az/p/46188).

Belə ki, Ermənistan ittifaqa üzv olandan sonra Dağlıq Qarabağa heç bir yardım edə bilməyəcək, yaxud da bu yardımlar şərtlər daxilində baş verəcək. Bu günə qədər Yerevanın maliyyə yardımı ilə ayaq üstə qalmağa çalışan qondarma “DQR”-nin separatçı rejimi bu yardımdan məhrum olacaq. Çünki birliyin sərhədlərini ora daxil olan ölkələrin birgə yaratdıqları gömrük xidməti qoruyacaq. Yəni ermənilərin burda sui-istifadəyə yol vermələri çətin olacaq. Beləliklə, onsuz da böhranda olan “DQR” rejimi zəifləyəcək. Bu isə Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarmaq şansını artırır. Rəsmi Bakı ya müharibə yolu ilə, ya da sosial böhranda olan Qarabağın erməni icmasını öz qanadı altına almaqla buna nail ola bilər.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR