• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

AXCP-dən Müsavata sərt “toy” ittihamları: “Sizdən uca olanlara dil uzatmayın” – Şok

  • Nida.az
  • 21 Oktyabr 2014 14:04
  • 421 Baxış
AXCP-dən Müsavata sərt “toy” ittihamları: “Sizdən uca olanlara dil uzatmayın” – Şok

Müsavat Partiyasının funksioneri, sabiq deputat İkram İsrafilin övladına toy etməsi və həmin toyda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin də iştirak etməsi AXCP tərəfindən “satqınlıq” kimi dəyərləndirildi.

AXCP mətbuat katibi Natiq Ədilov tərəfindən irəli sürülən bu iddia sosial şəbəkələrdə də xeyli müzakirə olundu.


“Fotolara baxanda isə ürəyim bulandı. Həm də özümüzü də qınadım. Gör bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? İndi su axıb, çuxurunu da tapıb”, - deyə N. Ədilov öz ittihamında bildirir.


Məsələ münasibət bildirən A. Mirzəzadə xeyir-şər anlayışında siyasi mənsubiyyətin olmadığını qeyd edib.


“Azərbaycan cəmiyyətində bir xeyir-şər anlayışı var. Artıq burda siyasi mənsubiyyət rol oynamır. Mənim qonşum tamam başqa siyasi düşüncə sahibi ola bilər, amma bu, mənim onunla gündəlik salamlaşmağıma, xeyir-şərində iştirakıma mane olmamalıdır. Azərbaycanda bu mədəniyyət var. Azərbaycanlılar bir qayda olaraq ta qədimdən gələn adət-ənənələrimizi həmişə qoruyub-saxlaya bilirlər”, - deyə millət vəkili bildirib.


İ. İsrafil də məsələyə eyni rakursdan yanaşıb. Bildirib ki, ailə-məişət məsələlərini gündəmə gətirərək siyasi don geyindirənlər normal insan deyillər “Mən siyasətə daxil olduğum gündən xeyir-şər məsələlərinə fərqli yanaşmışam, ənənələrin qorunmasını vacib hesab etmişəm. Aydın Mirzəzadəyə və məclisimizdə iştirak edən digər YAP nümayəndələrinə təşəkkürümü bildirirəm. Mən dəvət edildiyim yerlərdən qalmamışam, hüzr məclislərində isə siyasi mənsubiyyəti nəzərə almadan iştirak etmişəm. Bundan sonra da bu cür davam edəcəyəm. Adət-ənənələrə qarşı çıxmağı doğru hesab etmirəm”.


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə yenidən mövzuya qayıdaraq Natiq Ədilova haqq qazandırıb.


Publika.az xəbər verir ki, Əli Kərimlinin müavini “facebook” səhifəsində Müsavatı ittiham edərək bildirib ki, onlarda müttəfiq olmaz.


“Natiq bəy düz yazıb, ona görə də neçə illər çalışsaq da, bu adamlardan bizə müttəfiq olmadı, həmişə yarıda qoyub qaçdılar. Ancaq onun bu haqlı iradına cavab verməyə sözü olmayanlar arqument tapa bilmədikləri üçün yalana əl atıblar. Yalan yazan şəxslər iddia edirlər ki, Əhəd Abıyev mənim qayınatamdır və mən də Əli Kərimlinin müavini olduğum üçün sabah övladlarımın toyunda Əli bəy Əhəd Abıyevlə birgə otura bilərmiş”, - deyə o bildirib.


Daha sonra F. Qəhrəmanlı Ə. Abıyevin onun qayınatası yox, qayınatasının qardaşı olduğunu deyib.
Ardınca F. Qəhrəmanlı Müsavata qarşı olduqca sərt ittihamlar irəli sürüb: “Görünür, əqidə sahibi olmayanlar və ya ailəlikcə ideya sahibi olmağın nə demək olduğunu anlamayanlar bizi də bu cür görürlər. Zatən yayılan şəkillərdən görünür ki, YAP-çılarla badə qaldırıb sağlıq vurmaqda bu adamlar qəbahət heç nə görmürlər. Yox, bəylər biz sizdən fərqliyik və ona görə də sizlər cəbhəçi əxlaqı, cəbhəçi prinsipiallığı nədir bunu anlaya bilməzsiniz. Görünür, sizlər bu cür olmadığınız üçün liderləriniz də sizə layiqdirlər. Bu da sizin seçiminizdir. Ancaq heç olmasa, ayıbınıza kor olub mənən sizdən uca olanlara dil uzatmayın. Bu artıq siyasət deyil, daha çox həya məsələsidir. Bizlər siyasətdə necəyiksə, gündəlik həyatımızda da eləyik. Ona görə də indi meydanda biz, iqtidarın ətəyində isə sizsiniz”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR