• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycan və Bolqarıstan arasında ilk siyasi məsləhətləşmələr

  • Nida.az
  • 7 Fevral 2014 19:16
  • 544 Baxış
Azərbaycan və Bolqarıstan arasında ilk siyasi məsləhətləşmələr

Fevralın 5-6-da Sofiya şəhərində Azərbaycan və Bolqarıstan arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfov Bolqarıstanın xarici işlər naziri Kristian Viqenin, Xalq Məclisinin sədr müavini Maya Bojidova Manolova, iqtisadiyyat və energetika naziri Draqomir Yovçev, Prezidentin xarici siyasət üzrə katibi Tixomir Stoyçev və xarici işlər nazirinin müavini Angel Veliçkovla görüşlər keçirib.

Keçirilmiş görüşlər zamanı Azərbaycan və Bolqarıstan arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilərək, münasibətlərin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğu qeyd olunub.

X.Xələfov ikitərəfli əlaqələrin inkişaf dinamikasından söhbət açaraq, bu yaxınlarda "Şahdəniz-2" layihəsinin yekun sənədinin imzalanması hadisəsinin Azərbaycan tərəfindən Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Məsləhətləşmələrdə hər iki tərəf ölkələrimiz arasında iqtisadi, humanitar, təhsil, turizm, kənd təsərrüfatı daxil olmaqla, bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi ilə bağlı həmfikir olduqlarını vurğulayıb.

X.Xələfov Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin mövcud durumuna dair məlumat verərək, ölkəmizin Aİ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olduğunu bildirib və bu istiqamətdə Aİ ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasını, readmissiya haqqında sazişin isə paraflandığını qeyd edərək, onun da cari ildə imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövcud "status-kvo"nun dəyişdirilməsi zərurətini qeyd edərək, Aİ-nin də bu xüsusda təsirli səylər göstərəcəyinə inam ifadə edib.

Həmsöhbətlər keçirilmiş ilk siyasi məsləhətləşmələrin mühüm əhəmiyyətini qeyd edərək, aparılan müzakirələrin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyini bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR