Prezidentlər BMT Baş Assambleyasında görüşə bilər
Bizi izləyin

Nida.az

Prezidentlər BMT Baş Assambleyasında görüşə bilər

Ermənistan və Azərbaycan prezidentləri Paris görüşü zamanı dialoqun davam etdirilməsi barədə razılaşıblar. Bu görüşlərdən biri 2015-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının iclasında keçirilə bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının saytı məlumat yayıb.

Məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan Fransa prezidenti Fransua Olland ilə nahar görüşündə Qafqaz regionunun və Fransa ilə münasibətlərin inkişafı məsələlərini geniş müzakirə ediblər.

Fransa prezidenti Ermənistan və Azərbaycan prezidentlərini fikir ayrılıqlarının öhdəsindən gəlmək üçün lazım olan siyasi iradəni nümayiş etdirməyə və öz vətəndaşlarını sülhə hazırlamağa çağırıb. Olland münaqişənin nizamlanması prosesini inkişaf etdirmək üçün hərtərəfli sülh razılaşmasını hazırlamağı təklif edib.

“Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplərinə uyğun olaraq nizama salınması üçün öz səylərini aktivləşdirməyə çağırdı. O qeyd edib ki, status-kvo qəbuledilməzdir”, - deyə Yelisey sarayının məlumatında deyilir.

Azərbaycan, Ermənistan və Fransa prezidentləri üçtərəfli görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər.

Yelisey sarayının saytı həmçinin Fransa prezidentinin mayın 11-dən 13-dək reallaşdırdığı Cənubi Qafqaz səfərini xatırladıb: “Fransa prezidenti bu səfər zamanı Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasına sadiq olduğunu nümayiş etdirib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm