Bələdiyyə seçkilərinə 9103 kişi, 4090 qadın namizədliyini irəli sürüb
Bizi izləyin

Nida.az

Bələdiyyə seçkilərinə 9103 kişi, 4090 qadın namizədliyini irəli sürüb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bu günə qədər 118 seçki dairəsində yerləşən 1607 bələdiyyənin 1336-da 13 193 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürdüyünü deyib. Onun sözlərinə görə, namizədliklə bağlı müraciət edənlərin 9103 nəfəri kişi, 4090 nəfəri qadındır: “İndiyədək 5996 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 45 imza vərəqi geri namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Ümumilikdə 2763 nəfərin namizədliyi fərdi qaydada, 156 nəfərin namizədliyini təşəbbüs qrupları, qalan şəxslərin namizədliyi isə 9 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və s.) tərəfindən irəli sürülüb. Namizədliyini irəli sürənlərdən 11 628 nəfər ali, 868 nəfər orta ixtisas, qalan qisim orta təhsillidir”.

M. Pənahov bələdiyyə seçkiləri ilə bağlı 150 min qeydiyyatdan çıxma vəsiqəsi hazırlanacağını deyib.

“Səsvermə günü qeydiyyatda olduğu seçki məntəqəsində səsvermə imkanı olmayan seçicilərə digər məntəqələrdə şərait yaradılmalıdır. Prezident seçkilərində vətəndaş ölkədə istənilən məntəqədə səs vermək hüququna malikdir. Parlament seçkilərində isə vətəndaşın müvafiq seçki dairəsinin istənilən məntəqəsində qeydiyyatdan çıxma vəsiqəsi götürməklə səs vermək hüququ var. Bələdiyyə seçkilərində də vətəndaş yaşadığı bələdiyyənin ərazisində istənilən məntəqədə səs verə bilər. Bir bələdiyyə daxilində bir bələdiyyə varsa, seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi mümkün deyil. Ancaq həmin bələdiyyə ərazisində iki məntəqə varsa, belə seçicilərin qeydiyyatdan çıxmaq vəsiqəsi götürməklə səs verməsinə şərait yaradılmalıdır”, - deyə MSK sədri bildirib.

İclasda çıxış edən MSK katibi Arifə Muxtarova dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq artıq yekun protokolların nümunələrinin formaları müəyyən edilib. Karbonlaşdırılmış kağızdan buklet formasında bələdiyyə və məntəqə seçki komissiyalarının sayına uyğun olaraq yekun protokollar hazırlanıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

MSK-nın iclasında bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri də qeydə alınıb. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər təsdiqlənib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm