Müsavatda rayon təşkilatları da bölünür: sabah yeni dönəm başlaya bilər
Bizi izləyin

Nida.az

Müsavatda rayon təşkilatları da bölünür: sabah yeni dönəm başlaya bilər

Müsavat Partiyasında qurultaydan sonra sular durulmaq bilmir. Yeni rəhbərlik vəziyyətin nə qədər yaxşı olduğunu desə də, narazılar təşkilatlanmaq istiqamətində hər keçən gün daha çox çalışırlar.


Sabah Müsavat üçün yeni dönəm başlaya bilər. Qubad İbadoğlunun rəhbərliyi ilə narazılar partiya qərargahına toplaşaraq öz qərarlarını verəcək. Əsas müzakirə mövzusu MNTK-nın verdiyi rəylə bağlıdır.
Narazıların partiya daxilində qruplaşma istiqamətində növbəti addımlar atacağı gözlənilir.


Partiya başqanının sabiq müşaviri, Qubad İbadoğlu tərəfdarı olan Hüseyn Məlik Publika.az-a açıqlamasında məqsədlərinin partiyanı parçalamaq yox, düşdüyü durumdan xilas etməkdir: “Partiyanın əksəriyyəti rəhbərlikdən narazıdır və heç kim qərargaha getmir. Vaxtilə adamla dolu olan qərargahda indi heç kimi tapa bilməzsiniz. Amma onlar narazıların az olduğunu deyir. Bəs nə üçün Müsavatda adam tapmaq olmur?”


H. Məlik hər şeyə sabah aydınlıq gətiriləcəyini deyib. Onun sözlərinə görə, mübarizələrini sona qədər davam etdirəcəklər: “Geri çəkilmək fikrimiz yoxdur. Çünki bizim mübarizəmiz müsavatçılıq mübarizəsidir”.


Qeyd edək ki, Qubad İbadoğlu noyabrın 8-də keçiriləcək görüşlə bağlı tərəfdarlarına müraciətində məqsədin Müsavatı arzuolunmaz durumdan çıxarmaq olduğunu bildirib.


Qarşı tərəfsə deyilənlərlə razılaşmır. Arif Hacılının müavini Osman Kazımov Publika.az-a partiyanın normal fəaliyyət göstərdiyini və qərargahın boşalmadığını deyib. Onun sözlərinə görə, Müsavat saat kimi işləyir: “Müsavat həmişə canlı orqanizm kimi olub və bu gün də aktiv fəaliyyəti davam edir. Xəbərlərdən də görə bilərsiniz ki, rayonlarda yenidən təşkilatlanma aparılır, müşavirələr keçirilir. Qarşı tərəf onlarsız partiyanın heç nə olduğunu düşünürlər. Hesab edirlər ki, onlar yoxdursa, deməli Müsavatda adam qalmayıb. Halbuki, onların sayı çox azdır”.


O. Kazımov narazıların baş verənləri məqsədli şəkildə şişirtdiyini deyib. O, bunu Müsavatı gücdən salmaq cəhdi kimi qiymətləndirir.


Başqanın digər müavini Nüşabə Sadıqlı da deyilənlərlə razılaşmır. Onun fikrincə, partiyada heç bir parçalanma olmayacaq: “Belə bir ab-hava da yoxdur. Hər kəs öz işindədir. Biz bələdiyyə seçkilərini müzakirə edir, təşkilatlanmanı sürətləndirir, partiyanı gücləndiririk. Biz iş görürük, ona görə də boş söhbətlərə vaxtımız yoxdur. Kimin boş vaxtı varsa, nədən istəyir danışsın”.


Bu arada Müsavatın bir sıra rayon təşkilatlarında narazılıqların baş qaldırdığı xəbərləri yayılıb. Xüsusilə Suraxanı rayon təşkilatının tam tərkibdə etirazı var. Onların Qubad İbadoğluya dəstək verdiyi deyilir.

Bir müddət öncə tam tərkibdə istefa verən Tovuz rayon təşkilatı isə Qubad İbadoğlu tərəfindən Arif Hacılıya qarşı mübarizəyə qoşulublar. Publika.az-a məlumat verən adının açıqlanmasının istəməyən rayon təşkilatının üzvü Tovuz rayon təşkilatından istefa verən müsavatçıların təşkilatlanmaya başladığını deyib.

Onun sözlərinə görə, dünən Aşağı Quşçular kəndində istefa verənlərlə görüş keçirib. Əsas məqsəd Müsavatı arzuolunmaz durumdan çıxarmaqdır. Məlumatlara görə, istefa verənlər Tovuzda Müsavatın alternativ yerli təşkilatını yarada bilərlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm