Ankara və Bakıdakı “Ağsaçlı”: Hər şeyi onlar idarə edir? - Şok
Bizi izləyin

Nida.az

Ankara və Bakıdakı “Ağsaçlı”: Hər şeyi onlar idarə edir? - Şok

Müsavatda baş verənlərin arxasında “Ağsaçlı”nın barmağı var.


Publika.az xəbər verir ki, bu iddia ilə dünən partiyadan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy çıxış edib.


“Oyuncaq başqan plan üzrə məni və Əlövsət Talışxanlını “ağsaçlının” məsləhəti ilə partiyadan kənarlaşdırmalı, sonra da digər narazıları qorxutmaq üçün Vurğun Əyyubu və Qubad İbadoğlunu cəzalandırmalı idi.
Hikmət bəyin iki gün əvvəlki açıqlaması axmaqları taktikanı dəyişdirməyə vadar etdi. Məni partiyadan xaric edib, Əlövsət bəyə töhmət elan etdilər. Bununla Hikmət bəyi fikrindən döndərəcəklərini düşündülər. Onların planı gerçəkləşmədi. Töhmətə layiq gördükləri Əlövsət Talışxanlı Hacılını başqan saymağı qüruruna sığışdırmadığı üçün istefasını bəyan etdi. Daha sonra Hikmət Hacızadə Hacılı dəstəsini intizarda qoymayaraq istefa bəyanatını açıqladı”, - deyə o, iddiasında bildirib.


Bu iddia əsas sualı ortaya çıxarır. Müsavatın “Ağsaçlısı” kimdir? Bir qədər həqiqətdən uzaq olsa da, Müsavat Partiyasında zarafatla “dərin dövlət” dedikləri köhnə Divan üzvləri var. Misal üçün, Xalq Partiyasının sədri Pənah Hüseynin bu “dərin dövlətin” üzvləri arasında olduğuna dair söyləntilər olub. Təbii ki, bu cür personajlar Azərbaycanda məşhur olan Türkiyənin “Kurtlar Vadisi” serialından sonra ortaya çıxıb. Personajlar film kimi romantik olsa belə, ümumi proseslərdə hansısa barmağın olduğuna dair iddialar kifayət qədərdir.


Publika.az Səxavət Əlisoydan “Ağsaçlı”nın kim olduğunu öyrənməyə çalışsa da, başqanlığa keçmiş namizəd bu barədə danışmağın hələ tez olduğunu deyib: “Vaxtı gələndə bu haqda danışacağıq. Bundan başqa, bir sıra faktlar ortaya çıxacaq və biz öz mübarizəmizi sona qədər aparacağıq”.


Müsavatın VIII qurultayından öncə (o vaxt hələ İsa Qəmbər başqan idi və bütün bunlar baş verməmişdi) “Ağsaçlı” məsələsi gündəmə gəlmişdi.


Söhbət Rəsulzadəni sağ görmüş həyatda olan yeganə silahdaşı, Türkiyədə Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünaldan gedir.


Qurultaya sayılı günlər qalmışdı və qəfil Qubad İbadoğlunun Ankara səfəri ortaya çıxdı. Media bundan xəbərsiz idi, yalnız sonradan İbadoğlunun öz dilindən məlumat yayıldı.


“Bu gün Müsavat Partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin ruhu, Müsavat Partiyasını İsa bəyə əmanət edən ağsaqqalların yadigarı Cəmil Ünalın qarşısında mənəvi borcumu yerinə yetirdim. Rəsulzadənin məzarını ziyarət etdim, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil bəylə və dərnəyin üzvləri ilə Müsavatın dünəni, bu günü və sabahı barədə söhbətləşdirk. Cəmil bəyə qurultayqabağı vəziyyət barədə məlumat verdim, platformamın əsas istiqamətlərini çatdırdım. Onun ağıllı fikirlərini dinlədim, ağsaqqal məsləhətlərinə qulaq asdım. Ürəyi Azərbaycanda olan Cəmil bəyin vətən sevgisini, Müsavata olan güvənini gördüm və çox fərəhləndim”, - deyə Q. İbadoğlu seçki öncəsi Ankara səfəri haqda bunları demişdi.


İbadoğlunun Ankara səfərindən sonra C. Ünas sentyabrın 27-i Müsavatın qurultayında iştirak etmək üçün Bakıya gəldi. Məmməd Əmin Rəsulzadəni sağ görmüş sonuncu silahdaşının sözünün Müsavat üçün qanun olduğunu nəzərə alsaq, nəticələrin onun mövqeyindən asılı olduğunu demək olardı.
Həmin vaxt yayılan məlumatlara görə, C. Ünal Arif Hacılını dəstəkləyib. Bu xəbərlər qurultaydan öncə yayılmışdı. İbadoğlunun Ankara səfəri də “Ağsaçlının” dəstəyini qazanmaq istəyi idi.

Həmin vaxt Müsavat fəallarından birinin Publika.az-a verdiyi məlumatda bəzi qaranlıq məsələlər ortaya çıxmışdı. Məlumata görə, C. Ünaldan dəstək almaq çətin olsa da, İbadoğlu ən azından özünü Rəsulzadənin silahdaşına, başqa sözlə, Müsavatın “ağ saçlısına” tanıtmaq üçün Ankaraya səfər edib.


Bu kontekstdə S. Əlisoyun “Ağsaçlı” iddiası diqqət çəkir. Müsavatın Ankaradakı “Ağsaçlısı”nın baş verənlərlə nə qədər əlaqəsinin olduğunu demək çətindir. Amma Bakıdakı “ağsaçlının” birbaşa müdaxiləsi daha inandırıcı görünür. Söhbət öz istəyi ilə başqanlığı təhvil verən İsa Qəmbərdən gedir.

Qurultay günü, seçki keçirilməmişdən öncə xüsusi hadisə baş verdi. Tədbirin birinci hissəsinin sonunda keçmiş Məclis sədri Arzu Səmədbəyli tribunaya çıxaraq, onun və dostları üçün İsa Qəmbərin başqan olaraq qalacağını dilə gətirdi. “Mənim və dostlarım üçün başqan və lider İsa Qəmbər olaraq qalacaq. Elçibəyin ölümündən sonra AXC-nin əsas simaları İsa Qəmbəri lider olaraq qəbul edib. Onların əksəriyyəti bu gün burda oturub. İsa Qəmbər başqanlıqdan getməklə ölkənin demokratik inkişafına öz töhfəsini verəcək. Lakin bu, onun liderliyinə heç bir xələl gətirməyəcək. İsa bəy 90-cı illərdən Azərbaycan siyasətində əsas simalardan biridir. Burda yeni başqan seçiləcək. Amma başqanın kim olmasından asılı olmayaraq Müsavatın lideri yenə də İsa Qəmbərdir”, - deyən A. Səmədbəyli İsa Qəmbərin 2018-ci il prezident seçkilərinə namizədliyinin irəli sürüdüldüyünü bəyan etdi və bu yekdilliklə qəbul edildi. Bu, keçmiş başqanın öz gələcək statusunu təmin etməsi idi.


Hazırda Müsavatda baş verənlər İsa Qəmbərin gələcək stautusnu təhlükə altına atır. Partiya parçalana və onsuz da zəif olan gücünü bir qədər də itirə bilər. Onun 2018-ci ilə hazırladığı elektorat bölünə, beləliklə arzular ürəklərdə qalar. Bu baxımdan, baş verənlərdə İsa Qəmbərin “Ağsaçlı” olaraq iştirakı inandırıcıdır. Burda yeni başqanın birbaşa ona yaxınlığı və idarəçilikdə daim onunla məsləhətləşməsi də diqqətlərdən yayınmamalıdır.


Asif Nərimanlı




Oxumağa davam et
Reklam
Reklam

Gündəm