İŞİD-ə qarşı xüsusi plan: Bakı kiminlə birləşməlidir? - TƏHLİL
Bizi izləyin

Nida.az

İŞİD-ə qarşı xüsusi plan: Bakı kiminlə birləşməlidir? - TƏHLİL

Yaxın Şərqi qana boyayan İŞİD coğrafi baxımdan nə qədər uzaq olsa da, Azərbaycan üçün də təhlükə mənbəyi hesab olunur. Yerli və xarici ekspertlər zaman-zaman Bakıya İŞİD təhlükəsini xatırladırlar. Bu bir tərəfdən azərbaycanlıların da İŞİD tərkibində döyüşməsi, həmçinin ölkədə bu terror qruplaşmasına simpatiya bəsləyənlərin olmasından irəli gəlirsə, digər tərəfdən xilafət arzusuna olan İŞİD-in xəritəsinə Xəzər sahillərindəki bərəkətli Azərbaycan torpaqlarının da daxil olmasıdır.


Bu təhlükə avtomatik olaraq İŞİD-ə qarşı mübarizənin yollarını aktuallaşdırır. Bu gün ölkə daxilində İŞİD təhlükəsinə qarşı milli təhlükəsizlik orqanları mübarizə aparır, qanunvericilik yetərincə sərtləşdirilir və maarifləndirmə işinə start verilib. Müəyyən nəticələrin əldə edildiyini də demək mümkündür. Amma "xaricdən İŞİD təhlükəsi olarsa, Azərbaycan hansı addımı atmalıdır" sualı öz aktuallığını qorumaqdadır. Hazırda Suriya və İraqda İŞİD qüvvələrinə qarşı beynəlxalq koalisiyadan fərqli olaraq, Bakı üçün daha çox regional koalisiyanın qurulması daha sərfəli olar.


MDB ölkələri Strateji İnkişaf Mərkəzinin direktoru Aleksandr Qusevin də “Bakı və Moskva İŞİD-ə qarşı birləşməlidir” açıqlaması ilə bunu deyir.

Onun sözlərinə görə, Azərbaycan bu gün post-sovet məkanında İslam dünyasının mövqeyini önəmli şəkildə müəyyən edir: “Biz bunu nəzərə almalıyıq. Çünki Rusiya ərazisində İslam dininə inanan böyük sayda insan yaşayır. Bu cəhətdən Azərbaycan bizim üçün kifayət qədər böyük perspektivlər açır. Xüsusilə bu gün Yaxın Şərqdə yaranan “İslam dövləti” Azərbaycan və Rusiya üçün təhlükə mənbəyidir. Bakı və Moskva buna qarşı birləşməli, ümumi qlobal təhlükəsizlik prosesində birgə iştirak etməlidir”.


İŞİD tərkibində Şimali Qafqazdan olan döyüşçülərin, xüsusilə çeçenlərin çoxluğunu nəzərə alsaq, Azərbaycan üçün bu istiqamətdə Rusiya ilə birgə hərəkət məqbuldur. Çünki Şimali Qafqaz coğrafi baxımdan Azərbaycan sərhədlərinə yaxındır. Təsadüfi deyil ki, ekstremist qrupların daha çox yayıldığı Azərbaycanın şimal bölgəsinə radikal yanaşma da məhz bu bölgədən “ixrac” olunur.


Ötən ay “İslam Dövləti: MDB ölkələri üçün təhlükəsizlik təhdidi” mövzusunda keçirilən Bakı-Moskva-Astana videokörpüsündə birgə hərəkət haqda fikirlər səslənmişdi. Qazaxıstanlı deputat Tursunbek Omurzakovun sözlərinə görə, Qazaxıstan, Azərbaycan və Rusiya xüsusi xidmət orqanları yaxınlaşan təhlükə barədə ciddi düşünməlidir.

“Bu real təhlükə ilə mübarizə aparmaq üçün birgə qruplar yaradılmalıdır. İŞİD artıq beynəlmiləl xarakter daşıyır, bu təşkilatın liderləri açıq şəkildə Rusiyanı, Qafqazı, Qazaxıstanın qərbindəki neft yataqlarını təhdid edir”, - deyə deputat bildirib.

Videokörpüyə Moskvadan qatılan ekspertlər də İŞİD-in Mərkəzi Asiya və Rusiya üçün ortaq təhlükə olduğunu deyiblər.


Təhlükəyə qarşı Azərbaycanla birgə hərəkət barəsində Türkiyədən də fikirlər səsləndirilib. Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının direktor müavini, nüfuzlu türk politoloq Kamer Kasım bu günlərdə Publika.az-a müsahibəsində Bakı və Ankaranın İŞİD təhlükəsinə qarşı birgə hərəkət etməyə məcbur olduqlarını deyib: “Hər cür terrora qarşı Türkiyə və Azərbaycanın birlikdə və digər müttəfiqlərlə hərəkəti önəmlidir. Xüsusilə terrorçuların dövlət sərhədlərindən keçməsinin qarşısı alınmalı və ya tutulması üçün birgə hərəkət etməyə məcburdurlar”.


Azərbaycan və Türkiyənin xarici təhlükə hesab olunan İŞİD-ə qarşı birgə mübarizəsinin hüquqi əsasları da var. İki ölkə arasındakı hərbi müqavilələr bunu deməyə əsas verir.

Belə ki, 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin keçmiş prezidenti Abdulla Gülün imzaladığı “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin “Hərbi-siyasi və təhlükəsizlik məsələləri” bölməsinin birinci maddəsində deyilir: “Tərəflər qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəklər. Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar”.


Yenə həmin müqavilənin ikinci maddəsində isə qarşılıqlı hərbi yardım daha da konkretləşdirilir: “Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan tərəflər arasında razılaşdırılacaqdır”.


Daha sonra müqavilədə terrorçuluq və bu qəbildən digər hallara qarşı da birgə mübarizə önə çəkilir.


Bir müddət öncə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov da Publika.az-a açıqlamasında Türkiyə sərhədlərini təhdid edən İŞİD təhlükəsinə qarşı Bakının Ankaraya dəstək verə biləcəyini istisna etməyib.


Lakin bu məsələdə Bakının daha çox öz marağından çıxış etməsi fikirləri də gündəmdədir.


Sabiq təhlükəsizlik zabiti, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev Publika.az-a açıqlamasında buna qarşı xüsusi hazırlanmış planın olduğunu deyib: “Hər bir dövlətin xüsusi xidmət və hüquq mühafizə orqanlarının ölkənin təhlükəsizliyinə təhdidlə bağlı keçiriləcək tədbirlərlə bağlı xüsusi hazırlanmış planı var. Eyni zamanda, bu planda tərəfdaş dövlətlərin xüsusi xidmət orqanları ilə də birgə və hər bir hadisə ilə bağlı ayrılıqda razılaşdırılmış maddələr var. Düşünürəm ki, bu tədbirlər planı ilə hərəkət etmək lazımdır. Bu gün İŞİD-lə bağlı hər dövlətin öz maraq və təhdid dərəcəsi olduğu üçün birgə hərəkət etmək məsələsinin də öz dərəcə və qədəri olmalıdır”.


A. Nağıyev İŞİD təhlükəsi qarşısında Rusiyanın və Türkiyənin öz maraqlarından çıxış etdiyini bildirib: “Türkiyə İŞİD-lə mübarizədə öz maraqlarından çıxış edir və hərbi müdaxilədən imtina edir. Rusiya isə Suriya ilə həmrəylik və müttəfiqlik nümayiş etdirir. Bizim də öz maraqlarımız var. Əsas məsələ ölkədə dini qarşıdurmanın yaranmaması və bu zəmində baş verə biləcək hər bir təhdidin qarşısının vaxtında alınmasıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm