Qənirə Paşayeva Pakistan Müsəlman Liqasının prezidenti ilə görüşüb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Pakistan Müsəlman Liqasının prezidenti ilə görüşüb

Pakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Pakistan Müsəlman Liqası(Qaidi Azam) Prezidenti Chaudhry Shuyat Hussain ilə görüşüb.

Görüş zamanı Q.Paşayeva bildirib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib. Millət vəkili xatırladıb ki, o istər jurnalist fəaliyyəti zamanı, istərsə də son 9 illik deputatlıq fəaliyyəti dövründə dəfələrlə bu ölkəyə səfər edib, görüşlər keçirib, həmçinin jurnalist araşdırmaları ilə məşğul olub: “Mən hələ o zamandan Pakistan xalqının və dövlətinin Azərbaycan xalqını və dövlətini nə qədər çox sevdiyini öz gözlərimlə görmüşəm, hiss etmişəm. Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını o cümlədən sizin bu məsələlərdə prinsipal mövqeyinizi və dəstəyinizi Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. Millət vəkili ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Pakistan Müsəlman Liqası(Qaidi Azam) Prezidenti Chaudhry Shuyat Hussainə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması, Ermənistanın dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardıqları siyasət və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də parlamentin spikerinə geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Dost Azərbaycanı hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistan Müsəlman Liqası(Qaidi Azam) Prezidenti Chaudhry Shuyat Hussain münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib.

Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistan Müsəlman Liqasının(Qaidi Azam) birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Müsəlman Liqası(Qaidi Azam) Prezidenti Chaudhry Shuyat Hussain bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. Sizi Azərbaycanda görməkdən məmnun olacağıq deyən millət vəkili Qənirə Paşayeva Pakistan Müsəlman Liqası(Qaidi Azam) Prezidenti Chaudhry Shuyat Hussainə müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Pakistan Müsəlman Liqası(Qaidi Azam) Prezidenti Chaudhry Shuyat Hussainə hədiyyə olunub. Millət vəkili Qənirə Paşayeva Pakistan Müsəlman Liqası(Qaidi Azam) Prezidenti Chaudhry Shuyat Hussainə Pakistan, Pakistan-Azərbaycan münasibətləri ilə bağlı yazdığı kitabla da bağlı geniş fikir mübadiləsi aparıb.Pakistan Müsəlman Liqası(Qaidi Azam) Prezidenti Chaudhry Shuyat Hussain belə bir önəmli addıma görə təşəkkürünü bildirərək Pakistanı Azərbaycanda, Azərbaycanı da Pakistanda daha da geniş tanıdan layihələrin böyük önəmi daşıdığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm