• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sərdar Cəlaloğlu: “Onlarla namizəd ortaya çıxa bilər” - MÜSAHİBƏ

  • Nida.az
  • 19 İyun 2012 19:05
  • 150 Baxış
Sərdar Cəlaloğlu: “Onlarla namizəd ortaya çıxa bilər” - MÜSAHİBƏ

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Publika.Az-ın suallarını cavablandırıb

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünü necə dəyərləndirirsiniz?

- Son vaxtlar hadisələr elə intensiv inkişaf edir ki, atəşkəş rejiminin aradan qaldırılması və müharibə vəziyyətinə keçməsi gözlənilir. Biz bunu hər iki dövlətin ritorikasından da görürük. Azərbaycan tərəfi ərazisinin işğal edilməsi faktını gümdəmə gətirir, Ermənistan isə öz müttəfiqləri ilə birlikdə işğalın nəticələrin qoruyacağını bəyan edir. Təbii ki, bu məqamda danışıqların davam etdirilməsi müsbətdir. Amma bu danışıqlar ictimaiyyəti aldatmaq üçündürsə heç bir mənası yoxdur.

- Son görüşdə ABŞ tərəfindən irəli sürülən yeni təkliflərin müzakirə olunduğu deyilir...

- Dünya bir şeyi bilməlidir ki, ədalətli sülh olmayan yerdə münaqişəni bu gün boğa bilərlər, amma bir neçə vaxtdan, yəni dünyadakı siyasi situasiya dəyişəndən sonra konfliktin yenidən alovlanması şübhəsizdir. Ona görə də bu münaqişənin yeganə düzgün həlli yolu beynəlxalq hüquq normalarına hörmət etməkdir.

İndiki halda münaqişəni siyasi müstəvidə həll etməyə cəhd edirlər. Bu isə xalqların, eləcə də bölgədə uzunmüddətli sülhün xeyrinə olan bir qərar olmayacaq. Hesab edirəm ki, indiki halda ATƏT-in Minsk Qrupunun mövqeyi yanlışdır. Prosesi siyasi müstəvidən çıxararaq hüquqi müstəviyə daşımaq lazımdır. Ermənistan tərəfi beynəlxalq hüquqa uyğun şəkildə cəzalandırılmalıdır. Bunun başqa bir alternativi yoxdur.

Azərbaycan daxilindəki həmrəyliyin olmamasından istifadə etməklə hansısa güzəşt qopardıla bilər. Güzəştli sülh isə uzunmüddətli olmayacaq. Yalnız ədalətli sülh uzunmüddətli ola bilər.

İrəli sürülən yeni təkliflər münaqişənin hüquqi müstəvidə həllinə yardım edəcəksə, onları dəstəkləmək olar.

- Bir çoxları uzun müddətdən sonra ABŞ-ın prosesdə ilk dəfə fəallaşdığını dilə gətirirlər. Siz necə düşünürsünüz?

- ABŞ-ın heç bir fəallığını görmürəm. Bir şey məlumdur ki, Rusiyanın razılığı olmadan prosesdə irəliləyişə nail olmaq mümkün deyil. Bunu biz Suriya məsələsində də görürük. Baxmayaraq ki, Suriya ilə Rusiyanın ortaq sərhəd yoxdur. Məhz Rusiyanın mövqeyinə görə Suriya problemi indiyədək həll edilməyib.

Hesab edirəm ki, bu məsələlərdə Rusiya ilə razılaşmaq lazımdır, Rusiyanı inandırmaq, Rusiyanın başqa sahələrdəki maraqlarını təmin etmək gərəkdir. Münaqişədə Ermənistan yox, Rusiya tərəfdir, bu, ermənilərin özlərinə də məlumdur. Rusiya razı olmadan Ermənistan Dağlıq Qarabağı azad etmək istəsə, görəcəyik ki, Abxaziya və Cənubi Osetiya kimi həmin ərazi də Rusiyanın işğalı altındadır.

Nə qədər ki, Rusiya bu məsələdə neytrallaşdırılmayıb və onun maraqları təmin olunmayıb, ABŞ-ın da nəyisə dəyişəcəyini düşünmək çətindir. Yalnız münaqişə vasitəsilə Rusiya Azərbaycan və Ermənistanı nəzarət altında saxlayır. Münaqişə həll olunacağı halda Rusiya ya yeni təsir vasitələri tapmalı, ya da elə bir beynəlxalq problem yaratmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında itirilən mövqelər başqa üsullarla təmin edilsin.

- Münaqişənin həlli ilə bağlı siyasi partiyalar zaman-zaman müxtəlif proqramla çıxış ediblər. ADP bu istiqamətdə nə edib?

- Vaxtilə biz də təkliflər paketi hazırlayaraq Prezident Administrasiyasına göndərmişik. Biz hər iki tərəfin qələbəsini təmin edəcək bir təkliflər paketi hazırlamışdıq. Ermənilər Dağlıq Qarabağın müstəqilliyini, Azərbaycan isə Dağlıq Qarabağ üzərində suveren hüquqlarını qorumaq istəyir. Ermənilərin müstəqillik istəyi bir neçə hüququn birliyindən ibarətdir. Təklif etmişdik ki, həmin hüquqlar ayrı-ayrılıqda verilsin.

Yəni ermənilərin dediyi kimi Dağlıq Qarabağ Ermənistana birləşdirilməsin, sadəcə olaraq Dağlıq Qarabağa Ermənistanla daha sıx əlaqələrini təmin edəcək bir neçə hüquq verilsin. Əvəzində Azərbaycan Dağlıq Qarabağ üzərində suveren hüquqlarını saxlasın.

Belə olan halda həm Dağlıq Qarabağ Ermənistanla daha sıx əlaqədə olacaq, həm də Azərbaycan özünün Dağlıq Qarabağ üzərində suveren hüquqlarını təmin edəcək. Əks halda ayrı-ayrılıqda bu məsələ nə Ermənistanın, nə də Azərbaycanın xeyrinə həll olunacaq...

- Sizinlə “Qarabağ” blokunda təmsil olunan Ümid Partiyasının sentyabr ayında keçiriləcək qurultayında partiya sədri İqbal Ağazadənin 2013-cü il prezident seçkisinə namizədliyi irəli sürüləcək. Bəs ADP-nin seçki istiqamətində hansı planları var?

- İndiki halda yalnız bir şeyi fikirləşirik. Bu da mümkün qədər müxalifətin vahid namizədinin müəyyən edilməsidir. Hər partiya öz namizədini müəyyənləşdirə bilər, bu haqqı heç kim həmin partiyanın əlindən ala bilməz. Amma bu yol müxalifətin uduşuna gətirib çıxarmayacaq.

Burada bir məqam da var ki, ayrı-ayrı partiyalar öz namizədlərini müəyyənləşdirməklə, sonradan öz aralarında razılığı gələ bilərlər. Biz elə qərarlar qəbul edək ki, ümumi maraqlar naminə birləşməyi bacaraq. Güzəştə getməyi bacarmalıyıq. Hərə öz namizədini müəyyən etməsi ilə bağlı qərarları xeyirli hesab etmirəm. Namizəd müəyyən edilməlidir, eyni zamanda göstərilməlidir ki, həmin partiya müxalifətin vahid namizədinə məsələsinə açıqdır.

- Ümid Partiyasının belə bir addım atması vahid namizəd məsələsi ilə bağlı müxalifətin ortaq mövqeyə gəlməsində çətinliklərin olacağına işarə deyilmi?

- Təbii ki, şəxslər öz namizədliyini irəli sürəndən sonra, müəyyən bir məqsədə yaxınlaşdığını hiss etdikləri vaxt başqa birisinin namizədliyi naminə geriyə addım atması, güzəştə getməsi çox çətindir. Amma hər halda düşünürəm ki, indiki şərait fərqli qərarların qəbul olunmasını tələb edirsə, nə etməli?..

- Vahid namizəd məsələsinin müzakirəsi əksər hallarda İctimai Palata ilə məhdudlaşdırılır...

- Təbii ki, İctimai Palatanın tutduğu mövqe düzgün deyil. İctimai Palatada hesab edirlər ki, bu qurum müxalifətin yeganə güc mərkəzi olmalıdır. Düşünürəm ki, İctimai Palata hansı məqsədlər üçün yaradılıbsa, həmin istiqamətdə də fəaliyyət göstərməlidir. Buna paralel olaraq müxalifətin ciddi bir birliyini yaradılmalıdır. Bu gün müxalifətə vahid bir güc mərkəzi lazımdır ki, siyasi məsələləri orada müzakirə edə bilək.

- Hər halda bütün ehtimalları nəzərə almaq lazımdır. ADP-nin təklikdə prezident seçkilərinə getməsi ehtimalı nəzərdən keçirilirmi?

- Bu, ən pis variantdır. Hesab edirəm ki, ən realı seçkilərə birlikdə getməkdir. Təbii ki, ayrı-ayrılıqda seçkilərə getsək, onlarla namizəd ortaya çıxacaq. Bu da müxalifətin dağınıq şəkildə seçkilərə getməsidir.

- Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa mətbuata açıqlamasında bildirib ki, hakimiyyət siyasi islahatlar keçirməlidir. Parlament və parlamentdən kənar partiyaların siyasi islahatlarla bağlı mövqeyi nə dərəcədə uzlaşır?

- Parlament müxalifəti bizim fəaliyyət göstərdiyimiz şərtlərlə fəaliyyət göstərmədiyi üçün hadisələrə baxışımız da fərqlidir. Məmmədəmin Rəsulzadənin gözəl bir sözü var idi: “Real birlik o halda yarana bilər ki, birliyə daxil olan qüvvələrin hamısı eyni təhlükə qarşısında qalsın”.

Bizim yaşadığımız çətinliklərin heç birini parlament müxalifəti yaşamır. Düşünmürəm ki, onlarla bizim hansısa ortaq mövqeyimiz olsun. İslahatların keçirilməsi tələbi özünü aldatmaqdır. İslahatlar bu vaxta kimi aparılmayıbsa, yenidən bununla bağlı təklifləri və tələbləri dilə gətirmək vaxt itkisidir.

-Hansı islahatlara ehtiyac var?

-İlk növbədə Konstitusiya islahatlarına ehtiyac var. Dövlətin forması düzgün müəyyənləşdirilməli, parlament üsul-idarəsinə keçilməlidir. Parlament respublikasına keçid olsa, cəmiyyətdə partiyaların rolu artar, şəxsiyyətləri rolu isə azalar.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR