• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Heydər Əliyev “KQB”-ni necə aldatmışdı?- TAM MƏXFİ

  • Nida.az
  • 12 Dekabr 2014 12:10
  • 1 470 Baxış
Heydər Əliyev “KQB”-ni necə aldatmışdı?- TAM MƏXFİ

Heydər Əliyev Moskvadan Dövlət Təhlükəsizlik Komitəsini (DTK – KQB) necə aldadaraq Azərbaycana gəlməsi hələ də müəmma kimi qalıb. Sovet İKP MK-nın baş katibi Mixail Qorbaçov 1987-ci ildə onu işdən uzaqlaşdıraraq Moskvadan çıxmasına imkan vermirdi.

Bu həmin vaxt idi ki, artıq ermənilərin Azərbaycana qarşı ərazi iddiaları gündəmə gəlmişdi və ardınca Qarabağ müharibəsi başlayacaqdı. Heydər Əliyevin Azərbaycana gəlişi Moskvanın planlarını poza bilərdi, böyük ehtimalla onun nəzarətə götürülməsi də bununla bağlı idi. Qorbaçov KQB-yə Heydər Əliyevi izləmək, onun Moskva sərhədlərindən çıxmaq cəhdlərinin qarşısını almaq tapşırığı vermişdi. Rusiyanın “Tam məxfi” verilişi də bir müddət öncə bu hadisələrlə bağlı maraqlı məqamları ortaya çıxardıb.

Heydər Əliyevin Siyasi Bürodan və baş nazirin birinci müavini postundan məhz Qorbaçova rəqib olduğu üçün uzaqlaşdırılmasından başlayaraq, əhəmiyyətli bir dövrü əhatələyən sənədli filmdə deyilir: “1980-ci illərdə belə bir fikir var idi ki, Andropov öldükdən sonra Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi ola bilər”.

Heydər Əliyevin xatirələrində bu fakt belə qeyd edilir: “Xarici və yerli mətbuatda çoxlu şayiələr və proqnoz xarakterli versiyalar var idi ki, mən SSRİ-nin Baş katibi ola bilərəm. Səhv etmirəmsə, “Times” qəzeti məni hətta SSRİ-nin “parlayan ulduzu” adlandırmışdı. Təbii ki, bu fikri artıq özümə yaxın buraxmağa başlamışdım”.

Bu cür şayiələr Qorbaçovun xoşuna gəlmirdi. Nəhayət, 1987-ci il oktyabrın 19-da Qorbaçov Heydər Əliyevi otağına dəvət edir və bu sözləri deyir: “Sən getməlisən”.

Daha sonra Əliyev “səhhətində olan problemə görə” vəzifəsindən istefa verir. Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi İlham Əliyev də işdən azad edilir və xaricə çıxışı yasaqlanır.

Azərbaycanda vəziyyətin çox ağır olduğu, iqtisadiyyatın tənəzzül etdiyi dövrdə Qorbaçov Heydər Əliyevə Moskvadan çıxmağa imkan vermir, KQB onun hər addımını izləyirdi. Ancaq Heydər Əliyev Moskvanı tərk edir və Azərbaycana qayıdır. Və bu vaxta qədər onun “KQB-“nin gözündən necə yayındığını bilən yoxdur.

Təbii ki, uzun illər “KQB”-də çalışmış, böyük kəşfiyyat təcrübəsinə malik olan bir insan üçün hansısa variant tapmaq çətin olmazdı. Amma hansı variant? Təsəvvür edin ki, bütün səlahiyyətləri əlindən alınmış, işdən çıxarılmış, hər addımına nəzarət olunan, qura biləcəyi bütün təmasları qapadılan bir şəxs vəziyyətdən çıxmaq üçün hansı addımları ata bilərdi?

Adının açıqlanmasını istəməyən MTN-nin keçmiş yüksək vəzifəli şəxsi bu barədə Publika.az-a bildirib ki, Heydər Əliyevin həmin vaxt “KQB”-nin nəzarətindən yayınaraq Moskvanı tərk etməsinin bir neçə yolları ola bilərdi. Onun sözlərinə görə, ilkin versiya “KQB” daxilində kimlərinsə ona yardım etməsidir: “İkinci versiya “KQB”-də çalışmış, amma ehtiyatda olanların dəstək verməsidir. Heydər Əliyevin özü uzun müddət “KQB”-də çalışmışdı və əməliyyat işini praktiki cəhətdən çox yaxşı bilirdi. Amma istənilən halda Moskvanın nəzarətində olan keçmiş Büro üzvünün hansısa yeri tərk etməsi iki variantda mümkündür. Ən böyük ehtimal daxildən dəstək, ikinci variantda isə ən yaxşı hazırlanmış əməliyyatdır”.

Keçmiş MTN-çi Heydər Əliyevin bu iki variantdan istifadə edə biləcəyini düşünür: “Amma onun Moskvadan çıxmağına özünün təşkil etdiyi xüsusi əməliyyat da səbəb ola bilərdi. Çünki həmin vaxt vəziyyət elə idi ki, sabiqlərdən kiminsə ona kömək etməsi inandırıcı görünmür. Güman ki, müəyyən dəstək olub, lakin bu dəstəyin miqyası onun “KQB”-ni azdırmağına yetərli olduğunu demək çətindir. Adətən, peşəkar kəşfiyyatçılar daha az ehtimal edilən versiyadan istifadəyə üstünlük verirlər”.

Sabiq kəşfiyyatçının fikrincə, Heydər Əliyevin zahiri görünüşünü dəyişdirərək Moskvanı tərk etməsi daha inandırıcıdır.

“Xüsusi əməliyyat dediyim də budur. Güman ki, o, zahiri görünüşünü dəyişərək, bu addımı atıb. Bu, Moskvanın ağılına gəlməzdi. Çünki Heydər Əliyevin həmin vaxt artıq xeyli yaşı var idi və kifayət qədər yüksək vəzifələrdə işləmiş nüfuzlu şəxs kimi tanınırdı. Moskva inanmazdı ki, bu yaşda olan şəxs belə bir addımı ata bilər. Amma bütün versiyaları analiz etdikdə daha çox bunun üzərində dayanmaq mümkündür”, - deyə o bildirib.

Digər maraqlı məqam Moskvadan Azərbaycana qədər olan uzun məsafənin necə qət edilməsidir. Sabiq MTN işçisinin fikrincə, kəşfiyyatçının belə məqamlarda təyyarədən istifadə etməsi az inandırıcıdır. Onun sözlərinə görə, Heydər Əliyev bunu etməzdi: “Maşınla başqa yerə gedib, ordan qatar, yaxud digər nəqliyyat vasitəsilə Azərbaycana gələ bilərdi. Yəni məsələnin tam tərsi - ən çox gözlənilən yox, ən az ehtimal olunan nəqliyyatdan istifadə etməsi ehtimalı var”.

Hər halda, Heydər Əliyev onun bütün addımlarını izləyən və bunun üçün bütün imkanlara malik olan “KQB”-ni azdıraraq Bakıya qayıtdı və Azərbaycanın gələcəyində müstəsna rol oynadı.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR