Sülhəddin Əkbər: “Dedi-qodu müxalifətə olan inama ciddi zərbə vurur”
Bizi izləyin

Nida.az

Sülhəddin Əkbər: “Dedi-qodu müxalifətə olan inama ciddi zərbə vurur”

“Dedi-qodu və intriqalar xalqın müxalifətə olan inamına ciddi zərbə vurur. Bundan da hamımıza pay düşür”.


Bunu Publika.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər müxalifətdəki son durumlara münasibət bildirərkən deyib.


S. Əkbər Müsavatla AXCP arasında uzun illərin davam edən qarşıdurmaya da münasibət bildirib: “Bu partiyalar arasında intriqaların kökü Azərbaycan milli azadlıq hərəkatına gedib çıxır. Bildiyiniz kimi, milli azadlıq hərəkatının bir təşkilatı var idi - Azərbaycan Xalq Cəbhəsi. Yəni yalnız bir siyasi təşkilat var idi. İndi sizin nəzərdə tutduğunuz partiyalar və onların liderləri də bu qurumda təmsil olunurdu. Həmin vaxt da fikir ayrılıqları, ziddiyyətlər mövcud idi. Lakin çoxpartiyalı sistem formalaşmadığı üçün bu ziddiyyətləri yoluna qoymaq mümkün olurdu. Həm də Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy həyatda idi və onun nüfuzu bir çox məsələləri həll edirdi. Sonradan Azərbaycan Xalq Cəbhəsindən siyasi partiyalar çıxmağa başladı. Əslində bu normal proses idi və ölkədə çoxpartiyalı sistemin əsası qoyulurdu. Bir təşkilat daxilindən çıxan partiyalar ayrıldıqca onlar arasında ziddiyyətlər kəskinləşirdi”.


AzDP sədri hesab edir ki, eyni siyasi düşərgədən çıxan qüvvələr arasında mübarizə düşərgələr arası mübarizədən kəskin olur.


“Bu baxımdan illərdir yığılan fikir ayrılıqları, ziddiyyətlər, şəxsi münasibətlərdə olan durum və digər faktorların hamısı bunun üçün mənəvi-psixoloji zəmin yaradır. Elektoratın bir olması və onun uğrunda da mübarizənin aparılması əslində normal prosesdir. Sadəcə olaraq, Azərbaycanda çoxpartiyalı sistemin tarixi və ənənəsi təzə olduğu üçün bu münasibətlər təbii şəkildə tənzimlənmir. Bu təbii tənzimləmədən keçmədiyindən vəziyyət mürəkkəbləşir, siyasi qüvvələr arasında konfrantasiya güclənir. Mən bu vəziyyətdən çıxış yolunu seçki prosesində, siyasi normallaşmada görürəm. Şübhəsiz ki, seçkidə xalqın səsini alanlar irəli keçəcək, ala bilməyənlər müxalifətdə olacaq. Lakin görünən budur ki, indi dedi-qodu və intriqalar səviyyəsinə düşən proses davam edəcək. Bu xalqın müxalifətə olan inamına ciddi zərbə vurur, bundan da hamımıza pay düşür. Ona görə də, indi yaranan vəziyyət bizim hamımızı narahat edir”, - deyə S. Əkbər vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm