MSK: Saat 15.00-ə kimi seçici fəallığı 32,44 faizdir
Bizi izləyin

Nida.az

MSK: Saat 15.00-ə kimi seçici fəallığı 32,44 faizdir

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 15.00-a olan seçki fəallığının nəticələrini açıqlayıb.

Publika.az-ın məlumatına görə, R.Gülməmmədov deyib ki, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində respublika üzrə saat 15:00-dək 481 93 82 seçicidən 156 33 57 nəfəri səs verib. Onun sözlərinə görə, saat 15.00-dək olan seçici fəallığı 32,44 faiz təşkil edib: “Ən fəal seçki dairəsi 53 saylı Quba-Qusar seçki dairəsi dairəsidir ki, 44,64 faiz seçici, yəni 20811 nəfər artıq səs verib. Ən passiv ərazi isə 21 saylı Nəsimi birinci seçki dairəsidir ki, bu da 22,64 faiz (7556 nəfər) təşkil edir”.

R.Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli “qaynar xətt”inə ümumi 80-dən çox müraciət daxil olub:

"Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".

Xatırladaq ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. 13 min 907 nəfər səkkiz siyasi partiya tərəfindən, 23 min 61 nəfər fərdi qaydada, 109 nəfər isə təşəbbüs qrupu tərəfindən namizəd irəli sürülüb. Seçkiyə qatılanlardan 18 min 284 nəfər namizəd bitərəfdir. Namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var. Ümumilikdə, 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verəcək. Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da məntəqələrin 20 faizini təşkil edir.

Builki bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyir. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir.

5 min 15 məntəqə üzrə keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatacaq.

Seçkilərin “exit-poll” tədqiqatını “ELS” Müstəqil Araşdırmalar Mərkəzi həyata keçirir.

MSK gün ərzində daha 2 dəfə, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat verəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm