Millət vəkili Türkiyədən gələn KİV rəhbərləri ilə görüşüb
Bizi izləyin

Nida.az

Millət vəkili Türkiyədən gələn KİV rəhbərləri ilə görüşüb

Türkiyədən gələn KİV rəhbərlərinin iştirakı ilə “Azərbaycan həqiqətlərinin yayılmasında Türk Dünyası KİV və QHT-lərinin rolu və vəzifələri” adlı tədbir keçirilib.

Millət vəkili dos.dr. Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “ Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində təşkilatın dəvəti ilə ölkəmizdə səfərdə olan qardaş Türkiyənin GAP Qəzetçilər Birliyinin başçısı Zeynel Abidin Kıymaz, GAP Qəzetçilər Birliyinin üzvü, “Radyo-Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetçilər Birliyinin baş katibi Fəxrəddin Çelik, GAP Qəzetçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayxan, GAP Qəzetçilər Birliyinin başçısının müavini Durdu Mehmet Taş, “Kanal 35” TV-nin Yayın Yönətməni Xalid Tunç, “Bəyaz” TV-nin "Dinamit" proqramının aparıcısı və müəllifi Latif Şimşək Azərbaycanda Atatürk Mərkəzində respublikanın bir sıra QHT və KİV təmsilçilərinin də iştirakı ilə “Azərbaycan həqiqətlərinin yayılmasında Türk Dünyası mətbuat və mediyasının rolu və vəzifələri” adlı tədbirdə iştirak ediblər. İki qardaş ölkənin güncəl mövzularının qarşılıqlı olaraq hər iki ölkə mediasında inikası, özəlliklə Azərbaycan torpaqlarının işğalı faktı, işğalın uzun illərdir davam etməsinin acı nəticələrinin diqqətə çatdırıldığı konfransda ABAİ İB sədri, millət vəkili dos.dr. Qənirə Paşayeva, Atatürk Mərkəzinin müdiri, MM-in Mədəniyyət Komitəsinin sədri prof.dr. Nizami Cəfərov iştirak və çıxış etdilər. Qardaş ölkə KİV təmsilçilərini respublikamızda salamlamaqdan məmnun olduğunu bildirən prof.dr. N.Cəfərov, onlara görüşün keçirildiyi Atatürk Mərkəzi, Mərkəzin qurucusu və ilk fəxri sədri olmuş ümumilli lider Heydər Əliyevin Türk Dünyası ilə bağlı tarixi fikirləri, parlamentlərarası əlaqələr və media mənsubları arasında əlaqələr barədə fikirlərini bölüşdü. Azərbaycan tarixi, mədəniyyəti, Xocalı soyqırımı, Qarabağ, ümumən Azərbaycan həqiqətləri, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlərini bölüşən ABAİ İB sədri Q.Paşayeva, qonaqlara “Dağlıq Qarabağ münaqişəsi” kimi rəsmi istilahla ifadə edilən Ermənistanın işğalçılıq siyasəti – elan olunmamış müharibə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, bir çoxu qardaş xalqlara belə az məlum olan qətliamlar barədə geniş bilgi verib. Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması, Türkiyə, Türk dünyası və ümumən tərəqqipərvər dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri və QHT arasında işbirliyinin daha da üfüqü geniş miqyas almasının vacibliyindən söz açıb. Görüşdə eyni zamanda Azərbaycan-Türkiyə əlaqələri və işbirliyinin daha da dərinləşdirilməsi, tariximizin dünəni, bu günü və gələcəyi yönündə ətraflı fikir mübadiləsi aparılıb. GAP Qəzetçilər Birliyinin başqanı Zeynel Abidin Kıymaz, GAP Qəzetçilər Birliyinin üzvü, “Radyo-Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetçilər Birliyinin baş katibi Fəxrəddin Çelik, GAP Qəzetçilər Birliyi İH üzvü Mustafa Saim Ayxan, GAP Qəzetçilər Birliyi başçısının müavini Durdu Mehmet Taş, “Kanal 35” TV Yayın Yönətməni Xalid Tunc, “Bəyaz” TV-nin "Dinamit" proqramının aparıcısı və müəllifi Latif Şimşək Azərbaycanda olmaqdan, daha geniş tanımaqdan məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini, burada özlərini vətəndəki kimi hiss etdiklərini bildirib və Azərbaycanın, Qarabağ və konkret olaraq, Xocalı soyqırımı həqiqətlərinin daha geniş tanıdılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını və bu səfərin onlar üçün təcrübə baxımından böyük önəm daşıdığını deyiblər. Görüşdə həmçinin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın-Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, “Zirvə” Mədəniyyət və İncəsənət İB-nin sədri Şahin Ülvi, şairə Fəridə Ləman, DAK Qadınlar Təşkilatının sədri Dünyaxanım Əliyeva, Sumqayıtdakı Əli Kərim ad. Poeziya Klubunun direktoru İbrahim İlyaslı, tanınmış ictimai fəallar, QHT başçıları, KİV təmsilçiləri, aydınlar və b. öz fikir və mülahizələrini bölüşmüşlər. Qondarma “erməni soyqırımı” iddiasının “100 illiyi”inin yaxınlaşdığı zaman kəsiyində erməni diaspor və lobbi təşkilatlarının təbliğatına qarşı məqsədyönlü əks təbliğatın aparılması, həqiqətlərin dolğun şəkildə yayılması üçün birgə fəaliyyətin koordinasiya edilməsinin zəruriliyi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm