“Azərbaycan tarixi” dərsliyinin həmmüəllifindən Cəmil Həsənliyə pedaqoji cavab
Bizi izləyin

Nida.az

“Azərbaycan tarixi” dərsliyinin həmmüəllifindən Cəmil Həsənliyə pedaqoji cavab

“Cəmil Həsənlinin son günlərdə yaratdığı polemika, “Azərbaycan tarixi - 5” dərsliyində “Talış xanlığı” haqqında məlumatın olmaması iradı tamamilə yersizdir”.


Bunu Publika.az-a açıqlamasında “Azərbaycan tarixi - 5” dərsliyinin həmmüəllifi Leyla Hüseynova deyib.


Dərsliyin həmmüəllifi Milli Şura sədri, tarixçi alim Cəmil Həsənlinin “Talış xanlığı”nın tarix dərsliklərinə salınmaması haqda yaratdığı polemikaya metodik təhlillə cavab vermək istədiyini bildirib: “5-ci sinif şagirdləri xanlıqlar dövrü haqqında məhdud məlumat alır. Çünki bu dərslik kurikulum tələbləri əsasında yazılıb. Dərslikdə Şəki xanlığı ilk xanlıq olduğuna, Qarabağ və İrəvan xanlıqları isə Azərbaycanın bugünkü bəlalarının məkanı olduğuna görə yer alıb. Gəncə xanlığı tarix fənni üzrə kurikulumun şəxsiyyət məzmun xəttini reallaşdırmaq üçün Cavad xanın qəhrəmanlığını əsas götürərək verilib. Heç bir mətndə bütün xanlıqlar-şimal və ya cənub xanlıqları sadalanmayıb. Xanlıqlar dövrünü, eləcə də Lənkəran xanlığını məktəblilər 8-ci sinifdə daha geniş şəkildə öyrənəcəklər”.


L. Hüseynova qeyd edib ki, 5-ci sinif şagirdləri qəhrəmanlarımız sırasında Həzi Aslanovun döyüş yolunu öyrənir: “Bu vətənpərvərlik tərbiyəsində böyük təsirə malikdir. Lənkəranda doğulub böyümüş Həzi Aslanov haqqında mətnin dərsliyə salınmasını vacib sayırıq. Lakin tarixçi alimin bölgələrdə şagirdlərin öz vətənini dərslikdə görə bilməməsinə olan narahatlığı əbəsdir. Hamımızın bir vətəni var - Azərbaycan! Hər kəs öz şəhərini, rayonunu, kəndini dərslikdə axtarmamalıdır. Xüsusən, 11 yaşlı kiçik azərbaycanlılara bölgə tarixini aşılamaqdansa, azərbaycançılığı aşılamağı üstün tutmalıyıq. Orta məktəb dərsliyini siyasətdə istifadə etməklə siyasətə yeni tərz gətirmək və guya polemika yaratmaqla ictimaiyyət arasında ziddiyyət toxumu səpmək heç bir azərbaycanlıya yaraşmaz”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm