İsa Qəmbər razılıq verib: Qubad İbadoğlunun “qələmi qırılır”
Bizi izləyin

Nida.az

İsa Qəmbər razılıq verib: Qubad İbadoğlunun “qələmi qırılır”

“Divanda Qubad İbadoğlunun partiyadan çıxarılması qərarı verilə bilər”.


Bunu Publika.az-a adının açıqlanmasını istəməyən Müsavat üzvlərindən biri bildirib.


Onun sözlərinə görə, Q. İbadoğluya dəvət göndəriləndən sonra Arif Hacılının onu ciddi şəkildə tənqid etməsi hər şeyi aydın şəkildə göstərir: “Arif bəy indiyə qədər gözləmə mövqeyində dayansa da, artıq İsa Qəmbərin “dobrosunu” alıb. Partiyanın əksər üzvləri Arif Hacılının tərəfindən çıxış edir. Qubad bəyin “qələmini qırıblar”.


Məlumata görə, A. Hacılı Qubad İbadoğlunu partiyadan uzaqlaşdırmaqla bütövlükdə ADR-i neytrallaşdırmaq niyyətindədir. İsa Qəmbərin xələfi narazıların partiyada qalmaması fikrini müdafiə edir.


“O, İsa bəyi inandırmağı bacarıb. Arif bəy hesab edir ki, narazıların partiyada qalması Müsavatın gələcəyini təhlükəyə atır. Amma Qubad bəyin Divana gəlməcəyini bilə-bilə ona dəvət göndərməklə manevr edir. Yəni Qubad bəy Divana gələrsə, yeni rəhbərliyin legitimliyini tanımış hesab olacaq və “sındırılacaq”. Gəlməsə, hörmətsizlik etdiyi əsas gətirilərək, partiyadan çıxarılacaq. Hər iki mənada onun Müsavatdan çıxarılacağı gözləniləndir. Qubad İbadoğlu Müsavatdan kənarlaşdırılacağı təqdirdə, istər-istəməz onun tərəfdarları bir-bir istefa ərizələrini yazacaqlar. Arif bəy ssenarini belə qurub”, - deyə məlumatda qeyd edilib.


Q. İbadoğlunun bir müddət öncə partiyadan çıxarılan Səxavət Əlisoyun taleyini yaşayacağı gözlənilir. Belə ki, Arif Hacılını sərt tənqid edən S. Əlisoy görüş üçün partiyaya dəvət edildi. O, dəvətdən imtina edəndən sonra, haqqında çıxarılma əmri verildi.


Q. İbadoğlu Publika.az-a açıqlamasında Divanın dəvəti haqda düşündüyünü deyib. Onun sözlərinə görə, əsas fəaliyyətini təsisçisi olduğu ADR-in təşkilatlanmasına sərf etmək niyyətindədir. ADR təsisçisi Müsavatdan çıxarılmasını da istisna etmir.


“Gərək onların iddia etdiyi kimi, nizamnamə pozuntuları sübut olunsun. Necə olacağı bəlli olacaq. Lakin burda nizamnamə əsasında deyil, siyasi müstəvidə qərar verildiyi ortadadır. Mən İsa Qəmbərə də, Arif Hacılıya da görüşüb problemləri müzakirə etməyi təklif etmişdim. Görünür, onlar hər şeyin belə qalmasında, daha çox gərginlik olmasında maraqlıdırlar”, - deyə o vurğulayıb.


Qubad İbadoğlu ilə birlikdə Divana dəvət olunan ADR üzvü, Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədlini də eyni tale gözləyir.

E. Məmmədli Publika.az-a açıqlamasında Divana şəxsən dəvət olunmadığını deyib: “Məni Divana şəxsən dəvət etməyiblər. Sadəcə olaraq, Səxavət Soltanlı “Facebook”da qapalı qrupdakı statusunda bu barədə yazmışdı”.

Lakin o, Divanın toplantısında qatılmaq niyyətində olduğunu bildirib: “Bir qədər vaxt məhdudiyyətim var. Onu həll etsəm, mütləq gedəcəm”.


“Səxavət Əlisoy kimi Divana qatılmayacağınız halda Müsavatdan çıxarıla bilərsinizmi” sualına MQB-nin sədrinin cavabı belə olub: “Mən istər sıravi müsavatçı, istərsə də Qadınlar Birliyinin sədri kimi siyasi fəaliyyətimdə heç vaxt nizamnamədən kənara çıxmamışam. Birlik mütəmadi iclaslar keçirir, tədbirlər hazırlayır və partiyanın bütün toplantılarında iştirak edir. Əgər partiyadan çıxartmaq niyyətləri varsa, hər şey aydın olacaq”, - deyə MQB sədri bildirib.


Qeyd edək ki, Müsavat Divanının növbəti toplantısı fevralın 2-də baş tutacaq. Toplantıya dəvət olunan narazılara qarşı partiya nizamnaməsini pozulması ittihamları irəli sürüləcək.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm