Nida.az
Əli Həsənov: “Dövlətin məqsədi gənclərin inkişafını təmin etməkdir”
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a
müsahibəsi
- Əli müəllim, ölkə Prezidenti cənab İlham Əliyev
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf
Strategiyası"nın təsdiq olunması ilə bağlı sərəncam imzalamışdır.
Bu sənəd hansı zərurətdən meydana gəldi?
- Hər bir ölkədə müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin
möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək intellektə
malik gənc nəslin yetişdirilməsindən, onların cəmiyyət həyatının
bütün sferalarında fəal iştirakından birbaşa asılıdır. Azərbaycan
gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə
kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı
gənclər siyasətinin mühüm rolu vardır. Əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki,
bu gün ölkə gəncləri ictimai həyatın bütün sahələrində aktiv
fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial
tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin
hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi,
təşkilati-hüquqi şərait və təminatların yaradılmasını
sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək
etmişdir. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin
mühüm tərkib hissəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
gənclərlə birbaşa bağlı olan dövlət proqramları qəbul olunmuşdur
ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet
sahələrində müsbət dəyişikliklər baş vermiş və ciddi uğurlar əldə
olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş
aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı
artırılmışdır. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının
gənclər siyasətində iştirakını təmin edən hüquqları
genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək
verilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun yaradılması, respublikanın 30-a yaxın
şəhər və rayonunda gənclər mərkəzlərinin inşası və s. ölkə
başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir.
Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf,
təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın
maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına
kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, əldə
olunan uğurlar, Azərbaycanın yeni inkişaf imkanları, habelə dünyada
baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı
yeni sənədlərin qəbulunu zəruri edir. Buna görə də ölkə gənclərinin
hərtərəfli inkişafını təmin etmək məqsədilə "2015-2025-ci illərdə
Azərbaycan gənclərinin İnkişaf Strategiyası" cənab Prezident
tərəfindən təsdiq olunmuşdur.
- Bu sənədin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr nədən
ibarətdir?
- Məqsəd və vəzifələrə keçməzdən əvvəl istərdim ki, qısa şəkildə
Strategiyanın hədəf qrupları ilə bağlı fikirlərimi bildirim. Təsdiq
olunmuş sənəddə gənclərin ayrı-ayrı sosial qruplarına münasibətdə
hərtərəfli yanaşma formalaşdırmaq baxımından, onların statusunu və
identifikasiya meyarlarını müəyyənləşdirmək zərurəti yaranmışdır.
Buna görə də ilk dəfə olaraq, Strategiyada Azərbaycan gəncliyinin
müxtəlif sosial qrupları müəyyənləşdirilmişdir.
Əsas məqsədinə gəlincə isə, Strategiya 2015-2025-ci illəri əhatə
edən dövrdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün
tələblərinə uyğun inkişaf etdirməyi, həmin potensialdan Azərbaycan
Respublikasının mənafeləri naminə istifadə etməyi, yeni nəsildə
fəal vətəndaşlıq mövqeyi formalaşdırmağı nəzərdə tutur.
Gənclərin gündəlik qayğılarından tutmuş, ictimai-siyasi proseslərdə
fəal iştirakı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının
səmərəli təşkili, məşğulluğun artırılması və s. bu kimi digər
məsələlər Strategiyanın əsas vəzifələri sırasındadır.
Nəzərdə tutulan hər bir vəzifənin arxasında ciddi fəaliyyət
dayanır. Buna görə də gənclərlə işləyən heç bir qurum bu işdə
yaxasını kənara çəkməməli, yeni nəslin hərtərəfli inkişafına səy
göstərməlidir.
Strategiya gənclərin elm, texnika, mədəniyyət, incəsənət
sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran
tədbirlərin həyata keçirilməsini, televiziya kanallarında yeniyetmə
və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar
verilişlərin hazırlanmasını, gənclər arasında ixtisas və peşə
seçimini, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq
səviyyəsini artırmağı, gənc mütəxəssislərin bilik və bacarıqlarını
işəgötürənlərin tələblərinə uyğunlaşdırmağı, əlilliyi olan gənc
mütəxəssislərin sosial müdafiəsini gücləndirməyi, gənclər üçün
aktual olan məsələlərin həllində qeyri-hökumət təşkilatlarının
iştirakını stimullaşdırmağı, xarici ölkələrdəki gənclərimizin
fəaliyyətinin əlaqələndirilməsini, onlar tərəfindən Azərbaycan
həqiqətlərinin dünyaya yayılması istiqamətində aparılan işlərə
dəstək verilməsini və digər məsələləri əhatə edir.
Tam əminliklə deyə bilərəm ki, bu Strategiya ölkə gənclərinin
həyatına yeni rəng qatacaq və ciddi əhəmiyyətə malik olacaqdır.
- Əli müəllim, son olaraq, Strategiyadan gözləntilərinizi
öyrənmək istərdik.
- Bu günə qədər gənclərlə birbaşa bağlı olan “Azərbaycan Gəncliyi
Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)”
və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın
icrası, habelə əldə olunan nəticələr söyləməyə əsas verir ki,
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"
da Azərbaycan gənclərinin iqtisadi, humanitar və sosial həyatında
yeni səhifə açacaqdır.
Sözsüz ki, belə əhatəli sənəddən gözləntilər çox böyükdür. Eyni
zamanda görülən hər bir işin məntiqi sonluğu olmalıdır.
Strategiyanın gənclərimizin sosial problemlərinin həlli, onların
işsizlik səviyyəsinin aşağı salınması, təhsil səviyyəsinin və peşə
təhsili alanların sayının artması, əmək bazarının tələblərinə cavab
verən rəqabətqabiliyyətli gənc kadr potensialının
formalaşdırılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması,
elm və texnika sahəsində çalışan gənclərin sayının artması və digər
sahələrdə əhəmiyyətli nəticələr verəcəyinə əminəm.
Şübhə etmirəm ki, əlaqədar dövlət orqanlarının, qeyri-hökumət
təşkilatlarının və fəal gənclərimizin birgə səyləri nəticəsində
Strategiyada müəyyənləşdirilən vəzifələr uğurla həll olunacaq,
qarşıdakı 10 ildə gənc nəslin fiziki, intellektual və mənəvi
inkişafının təmin edilməsi sahəsində daha əhəmiyyətli addımlar
atılcaqdır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR