• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı

  • Nida.az
  • 31 Yanvar 2015 11:17
  • 450 Baxış
Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında yaranmış mürəkkəb vəziyyət yalnız o halda dəyişə bilər ki, ABŞ, Avropa İttifaqı (Aİ) ölkələri, o cümlədən Fransa bu məsələdə böyük fəallıq göstərsinlər.

Bu barədə Trend-ə müsahibəsində ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Transatlantik ictimaiyyətin ölkələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini özlərinin əsas prioritetinə çevirməli, bu məsələni Rusiya ilə müzakirə etməli və bu ölkəni başa salmalıdırlar ki, əgər o, Aİ ilə yaxşı əlaqələrə malik olmaqda maraqlıdırsa, оnda münaqişənin nizamlanmasında irəliləyişə yardım etməlidir.

M.Brayza qeyd edib ki, hazırda Qərb Rusiya və Ukrayna ətrafında yaranmış vəziyyətə görə öz diqqətini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına cəmləşdirə bilmir: "Bu gün bu məsələdə sürətli irəliləyişə nail olmaq üçün yaxşı baza yaranıb. ATƏT-in Minsk qrupunu hansısa görünən nəticələr əldə etmədiyinə görə tez-tez tənqid edirlər, amma bu belə deyil. Minsk qrupu Azərbaycan və Ermənistan prezidentləri ilə birlikdə danışıqların çərçivəsini müəyyən edib. 2008-ci ildə Madrid prinsipləri əsasında razılaşma əldə olunub. Həmin prinsiplər kompromisə əsaslanır və Azərbaycana öz ərazi bütövlüyünü bərpa etmək imkanı verir”.

Sabiq səfirin sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərləri öz xalqlarına əldə olunan razılaşmaların həyata keçirilməsinin zəruriliyini izah etmək üçün Qərb ölkələrinin rəhbərlərindən, o cümlədən ABŞ-dan lazımi qədər siyasi dəstək görmürlər.

KİV-də ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi barədə məlumatı şərh edən diplomat qeyd edib ki, Türkiyə və Almaniyanın qrupa əlavə edilməsi qətiyyən mümkün deyil.

Onun sözlərinə görə, Ermənistan heç vaxt Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi qəbul etməyəcək: "Bu, Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağı halda mümkün ola bilər, lakin bu halda da Azərbaycan razı qalmayacaq. Azərbaycan Türkiyənin Ermənistan ilə sərhədləri açmasına imkan verməz. Bundan əlavə, Ermənistan dünyanın heç bir ölkəsindən Türkiyədən qorxduğu qədər qorxmur, Ermənistan Türkiyənin Minsk qrupunun üzvü olmasına icazə verməz".

Diplomat bildirib ki, Almaniya da münaqişənin həllinə əhəmiyyətli töhfə verməyə qadir deyil: "Mən Almaniyanın nə üçün təklif edildiyini bilmirəm, Almaniyanın bu məsələdə necə kömək edəcəyini anlamıram. Hesab edirəm ki, Aİ daha səmərəli olardı, çünki Avropa İttifaqı ABŞ və Rusiyanın tərəfdaşıdır".

M.Brayza hesab edir ki, ümumilikdə, Minsk qrupunun danışıqlar prosesindən kənarlaşdırılması və prezidentlərə vasitəçilərsiz danışmaq imkanı vermək daha effektiv olardı: "Daha vasitəçilərə ehtiyac yoxdur, tərəflər görüşlərin təşkili məsələləri ilə məşğul olacaq xüsusi nümayəndələr təyin edə bilərlər. Münaqişələri əbədiləşdirməyə çalışan Rusiyanın üzv olduğu ATƏT-in Minsk qrupunun mövcudluğu qeyri-məntiqi görünür. Əsas odur ki, prezidentlər birbaşa danışsınlar. İndi beynəlxalq vasitəçiləri günahlandırmaq asandır, lakin vasitəçilər heç nəyi həll etmirlər, onlar həll yollarını müəyyən edirlər".

Münaqişənin həlli məsələsinin irəliləyişində Ermənistanın hərəkətlərini şərh edən diplomat deyib ki, ərazilərlə bağlı Ermənistana status-kvonu saxlamaq sərfəlidir, ancaq bu, davam edən təhlükəsizliyin təhdidi, həmçinin iqtisadi itkilər baxımından Ermənistan üçün əlverişli deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR