• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Komitə sədri ilə Şeyxin qudası “toqquşdu”: “Bələdiyyənin kəsdiyi başa...”

  • Nida.az
  • 5 Fevral 2015 17:20
  • 1 271 Baxış
Komitə sədri ilə Şeyxin qudası “toqquşdu”: “Bələdiyyənin kəsdiyi başa...”

Milli Məclisin bu gün keçirilən Regional Məsələlər Komitəsinin iclasında çıxış edən komitə sədri Arif Rəhimzadə ilə komitə üzvü Hacı Qalib Salahzadə arasında mübahisə yaranıb.

Publika.az-ın məlumatına görə, bu gün keçirilən komitə iclasında çıxış edən millət vəkili Hacı Qalib Salahzadə deyib ki, bir sıra bələdiyyə sədrləri camaat tərəfindən seçilmədən, kimlərinsə vasitəsilə gəlib vəzifə tutublar: “Onlar nə cür yollasa gəlib seçiliblər. Nə yollasa gəlib ora çıxıblar. İndi nə edilməlidir? Mən sözümün üstündə dayanan adamam və bir daha deyirəm ki, artıq bu adamlar seçiliblər. İndi camaat necə etməlidir? Gedib o bələdiyyələrlə mübarizə aparmalıdır? Sual verirəm ki, həmin bələdiyyə nə etməlidir?”

Komitə sədri Arif Rəhimzadə isə bu cür cavab verib: “Siz hüquqşünassınız, uzun illər bələdiyyə sahəsində çalışmısınız, bu cür sualların verilməsi yersiz olmaqla bərabər, sizin bu sahədə biliyinizin çox səthi olduğunu göstərir”.

Bu zaman Hacı Qalib Salahzadə komitə sədrinin çıxışını kəsərək ona doğru danışdığını və səthi biliklərə malik olmadığını söyləyib: “Xahiş edirəm, sözlərimə hörmət edəsəniz”.

A.Rəhimzadə isə deputata cavabında bildirib ki, əgər hər hansı şikayəti varsa, bu barədə müraciət edə bilər: “Bir dəqiqə, xahiş edirəm çıxışımı gözləyin, mən sizi təhqir də etmirəm. Siz 4 ildir ki, bu komitənin üzvüsünüz, hüquqşünassınız, bələdiyyə işində işləyirsiniz. Əgər indiyədək bu məsələləri bilmirsinizsə, bu, sizə heç də başucalığı gətirmir”.

Hacı Qalib Salahzadə həmçinin bildirib ki, bələdiyyənin kəsdiyi başa söz olmamalıdır: “İndiyədək bələdiyyələrin səlahiyyəti elə vəziyyətdədir ki, onlar normal fəaliyyət göstərə bilmirlər. Bu gün Türkiyədəki bələdiyyələrin fəaliyyəti o səviyyədədir ki, bu qurum istənilən obyekti bağlasa, kimsə ona söz deyə bilməz. Necə deyərlər, onun kəsdiyi başa söz yoxdur. Bu, Azərbaycanda da belə olmalıdır. Amma bu gün Azərbaycanda bələdiyyələrin sərbəst fəaliyyətinə mane olan qurumlar yaradılır. Bu gün bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var. Bu cür davam edə bilməz. Bir çıxış yolu tapılmalıdır”.

Xatırladaq ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR