Sarkisyanın 32 dişi: İrəvan təlaşda
Bizi izləyin

Nida.az

Sarkisyanın 32 dişi: İrəvan təlaşda

Ermənistanda sosial partlayış gözlənilir. Bu ölkənin ekspertləri sadə insanların səbir kasasının daşdığını bildirirlər.


Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Ermənistan müxalifəti yaxın aylarda İrəvanda və bölgələrdə ciddi mitinqlərə hazırlaşır.


“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan ölkədə siyasi inhisarçılığın olduğunu, hakimiyyətin özbaşınalığa yol verdiyini bildirib.


“Savadlı mütəxəssisləri, Ermənistanda və onun hüdudlarından kənarda yaşayan erməniləri mövcud hakimiyyətin alternativinin formalaşması üçün birləşməyə dəvət edirəm. Bütün siyasi qüvvələr oyundan kənarda qalıb. Hakimiyyət isə ölkəni monopoliyaya alıb. Top indi hakimiyyətdədir. Lakin onun ömrü əbədi deyil. Bunu yuxarıda oturanlar yaxşı düşünməlidirlər”, - deyə o bildirib.


Sarukyan qeyd edib ki, Gümrü hadisələri, qiymət artımları, sosial problemlər ciddi partlayışın əsasını qoyub. Onun sözlərinə görə, bir daşın yerindən tərpənməsi yüz minlərlə insanın küçələrə çıxmasına səbəb ola bilər: “Bu, qarşısıalınmaz dalğa olacaq”.


“Lragir” saytı isə 2015-ci ilin yanvar ayının Ermənistan üçün sınaq olduğunu yazıb.


“Cəbhədə itkilər Ermənistan hakimiyyətinin “güclü ordu” mifini dağıtdı.
Gümrüdəki hadisələr ölkənin siyasi elitasının acizliyini göstərdi. Sən demə, Ermənistan Rusiyanın müstəmləkəsi imiş. Bu əvvəldən bəlli idi. Lakin Gümrü hər şeyi açıq şəkildə ortaya çıxartdı.

Türkiyə Rusiya ilə öz əlaqələrini sıx tellərlə bağlayır. Zaman həm də Azərbaycanın xeyrinə işləyir. İrəvan isə Moskvadan üz döndərmək fikrində deyil. AŞPA-da Rusiyanın əleyhinə çıxmaq İrəvanın vassal olmaqdan qurtulmaq üçün etdiyi zəif cəhd idi. Lakin hər şey cəhdlə başa çatır və ciddi əməli addım atılmır.

Orduda varlılarla kasıblar arasında sədd çəkilib. Varlı insanların övladları ya orduya getmir, ya da orduda padşah kimi yaşayırlar. Ermənistanda yaranmış vəziyyətdən yeganə çıxış yolu hakimiyyət dəyişikliyidir”.


Ermənistan parlamentinin deputatı Lyudmila Sarkisyan da yaranmış vəziyyətdən çıxış yolunu hakimiyyət dəyişikliyində görüb. Onun sözlərinə görə, çoxları bu mərhələ üçün hakimiyyətə vaxt verilməli olduğunu deyir: “Mən belə düşünmürəm. Bacarıqsız hakimiyyətin sonu çatıb. 2008-2014-cü illərdə iqtisadi böhran səbəbi ilə 300 min erməni Ermənistanı tərk edib. 2008-ci ildə ölkədə yoxsulluq səviyyəsi 27 faiz idi, 2013-cü ildə isə bu rəqəm 37 faizə çatıb. Ölkənin xarici borcu 5 milyard dollara yüksəlib”.


Sarkisyan qeyd edib ki, ölkə həm daxili, həm də xarici siyasətini dəyişməlidir: “Biz mitinqlərin keçirilməsinə nail olmalıyıq. Bununla növbədənkənar seçkilərin keçirilməsinə və yeni hakimiyyətin formalaşmasına nail ola bilərik”.

Rusiyanın “Vestik Kafkaz” saytı isə maraqlı iddia ilə çıxış edib.

Sayt Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin 3-4 deputatının Rusiyaya qarşı çıxmasının İrəvan üçün başağrısı olacağını yazıb.


“Bu, səsverməyə ciddi təsir etməsə də, Kreml üçün böyük şey demək idi. Söhbət gözlənilməz yerdən vurulan zərbədən gedir. İndi Sarkisyan başını quma batıraraq Kremldən gizləndiyini düşünür və sanki heç nə olmamış kimi davranır. Lakin bu kiçik etiraz cəhdi Moskvada yaddaşa yazıldı. Rusiyanın bundan sonra özünü necə aparacağını demək çətindir. Çünki o, öz müttəfiqi Ermənistanından ciddi dəstək gözləyirdi və AŞPA sessiyasında Rusiya nümayəndə heyəti erməni deputatlara tərəf baxmırdı. Lakin hər şey onların gözlədiyi kimi baş vermədi”.

Sayt Kremlin Ermənistana qarşı revanş edəcəyini istisna etmir: “Sarkisyanın özü də bunu yaxşı bilir. İndi Serj Kremlə hər dəfə 32 dişini göstərsə belə heç nə əvvəlki kimi olmaya bilər”.


Rusiyalı politoloq İqor Morozov hesab edir ki, Moskva özü üçün artıq nəticə çıxardıb: “Kim strateji əməkdaşdır, kim onu yarı yolda qoyub qaça bilər, kim daha ədalətlidir. Güman ki, bundan sonra Moskva münasibətlərində Bakıya daha çox simpatiya göstərəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm