• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Putin qalib gəlsə, Qarabağın taleyi...” – Türkiyəli analitikdən PROQNOZ

  • Nida.az
  • 11 Fevral 2015 16:00
  • 1 706 Baxış
“Putin qalib gəlsə, Qarabağın taleyi...”  – Türkiyəli analitikdən PROQNOZ

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) başqanı, türkiyəli politoloq Hasan Oktay Publika.az-a müsahibəsində Ukraynadakı Qərb-Rusiya qarşıdurması, bunun Türk dünyasına, Azərbaycana və Qarabağa təsirlərini şərh edib.


- Ukrayna böhranı kəskin hal alıb. ABŞ Kiyevi silahlandırmaq istəyir. Bu gün sonuncu danışıqlar ola bilər. Sizcə, bu savaşdan Putin, yoxsa Obama sağ çıxacaq?


- Ukrayna üzərindən aparılan savaşda qalibin kim olacağı dəqiq deyil. Amma müharibənin daha çox davam edəcəyi görünür. Hətta Obamanın prezidentlik müddəti bu müharibəyə son verilməsinə çatmaya bilər. Yəni Obamanın bu savaşda qalib gəlmə şansı yoxdur. Digər tərəfdən, Ukraynanın daxili müharibəsi kimi cərəyan edən bu qarşıdurmadan heç kim qalib çıxmayacaq. Əgər Qərb bloku qazanarsa və bu, Putinin boyun əyməyi kimi qəbul edilərsə, o zaman Putin Rusiyasını çətin günlər gözləyir. Rusiya kiçilər, Putin iqtidarı itirər, Rusiya coğrafiyasında demokratik tələblərin səsi yüksələ bilər.

Rusiya coğrafiyasında və keçmiş sovet məkanında yaşayan türklər SSRİ-nin dağılmasından sonra yaşadıqları çətinliklərlə yenidən qarşılaşacaqları qorxusu ilə Ukrayna böhranında mümkün olduğu qədər tərəfsiz qalırlar, yaxud Putinə dəstək verirlər. Çünki türklər II Dünya müharibəsi zamanı cərəyan edən hadisələrin təkrarlanmasından qorxurlar.

Əgər bu qarşıdurmadan Rusiya qalib çıxarsa, Ukrayna məsələsində Putini dəstəkləyən türklər üçün daha təhlükəsiz gələcək təsəvvür etmək mümkündür. Çünki Putinin çətin durumda qaldığı bu günlərdə Rusiya türkləri ən azından tərəfsiz qalaraq verdikləri dəstəyin qarşılığını ruslardan alacaq.
ABŞ-Avropa Birliyi bloku Ukraynanı silahlandıracağı təqdirdə, daxili müharibə daha da alovlanacaq. Lakin bu qarşıdurma həmişə Ukraynanın daxili müharibəsi kimi təqdim olunacaq.


- Belə fikirlər var ki, Putin Ukraynadan sağ çıxarsa, post-sovet məkanı üçün yaxşı olmayacaq. Azərbaycan da daxil olmaqla bir çox ölkələrin suverenliyinə təhlükə yarana bilər. Siz necə düşünürsünüz?


- Bu savaşın qalibi olmaya bilər. Lakin nəticədə Putin məğlub olarsa, Rusiyada Putin sonrası bir gələcək qurulacaq. Rusiyanın zəifləməsi, hətta bölünməsi mümkündür. Bundan türklər və keçmiş sovet respublikaları böyük zərər görə bilər. Türkiyənin Ukrayna məsələsində neytral qalması və regionun təhlükəsizliyi uğrunda Putinlə müzakirələri davam etdirməsi sülh baxımından önəmlidir. Ankaranın bu yanaşması hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, Rusiyada və post-sovet məkanında yaşayan türklər üçün bir inam, təminat yaradır. Putin qalib gələcəyi təqdirdə keçmiş SSRİ sərhədlərini bərpa etmək üçün müəyyən addımlar ata bilər. Lakin ona dəstək olanlara qarşı yaxşı davranacağını gözləmək olar.


- Son günlər Dağlıq Qarabağ münaqişəsinin gələcək taleyinin Ukrayna münaqişəsinin nəticələrindən asılı olacağı haqda fikirlər səsləndirilir.


- Qarabağ məsələsində haqlı olduğunu dünyaya başa sala bilmədiyi bir vaxtda Ukraynanın düşdüyü vəziyyət əslində Azərbaycan üçün çox önəmlidir. Qərb Ukrayna məsələsində hər-hansı fikir, həll yolu irəli sürəndə Azərbaycan Qarabağ məsələsini gündəmə gətirəcək. Onsuz da Qərb Qarabağın göz görə-görə işğal edilməsinə səssiz qalıb. İndi Putin eyni taktikanı Ukraynaya tətbiq edir. Qərb ikili standart yanaşması irəli sürdüyü bir vaxt, Ukraynadan sonra Qarabağ məsələsində daha səmimi ola bilər. Türklər olaraq Ukraynadakı qarşıdurma bizi birinci dərəcəli məsələ kimi maraqlandırmır. Amma bunun nəticələri türkləri olduqca yaxından maraqlandıracaq. Buna görə də regionda proseslərin inkişafını yaxından təqib etməliyik. Ukraynanın ərazi bütövlüyü fonunda Azərbaycanın da ərazi bütövlüyünü gündəmə gətirilməsi olduqca önəmlidir.


- Yəni Ukraynadakı nəticələrdən asılı olaraq, Qarabağ üçün yeni gələcək gözləyə bilərik?


- Qarabağ məsələsi bütün hallarda Ukrayna böhranından sonra gündəmə gələcək. Ukrayna böhranı Qərbin istədiyi kimi həllini taparsa, o zaman Azərbaycan Qarabağ məsələsində eyni mövqenin sərgilənməsi üçün Avropanı sıxışdıracaq. Çünki bu gün Rusiya Ukraynada Qarabağda tətbiq etdiyi siyasəti yeridərək separatizmi dəstəkləyir.

Rusiyanın bu siyasəti uğurlu olsa, Qərb Qarabağda məsələnin ciddiliyini anlamadığı üçün Ukraynada böyük bir problemlə qarşılaşacaq. Belə olarsa, Qərb Qarabağ məsələsinə diqqəti artıracaq. Əvvəlcə Qarabağ münaqişəsi, sonra Ukrayna məsələsi üçün həll yolları axtaracaq. Yəni Rusiya Ukraynada apardığı siyasəti reallaşdırsa, Şərqi Ukrayna Qarabağdakı kimi status qazansa, o vaxt proseslərin yeni inkişafını gözləyə bilərik.

Lakin burda bir məqam da var. Türkiyənin Ukrayna məsələsində tərəfsiz qalması, Ərdoğan–Putin münasibətlərinin yaxşı səviyyəyə qalxması Rusiya coğrafiyasında yaşayan türklər üçün yaxşı nəticələrə səbəb ola bilər. Biz Rusiya coğrafiyasında və Ukraynada yaşayan türklərin bu qarşıdurmadan burunlarının belə qanamadan çıxmasını təmin etməkdir. Sonda Rusiyanın Qarabağ məsələsində yanaşmasına təsir edib Azərbaycanın mövqeyini dəstəkləməsinə də nail olmaq mümkündür. Türkləri və Türk dünyasını Ukrayna böhranının mənfi təsirlərindən qorumalıyıq.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR