Amerikadan Qarabağda müharibə anonsu – ŞOK İDDİA
Bizi izləyin

Nida.az

Amerikadan Qarabağda müharibə anonsu – ŞOK İDDİA

Yayda Dağlıq Qarabağda müharibə başlaya bilər.


Publika.az xəbər verir ki, belə bir şok iddia ilə ABŞ-ın “Newsweek” jurnalı çıxış edib.


Son aylar təmas xəttində gərginliyin artmasından bəhs edən jurnal yazır ki, bir il ərzində atəşkəs 5 min dəfə pozulub: “Dağlıq Qarabağda atəşkəs rəsmən 1994-cü ildə elan olunub. Lakin sərhəd boyu atışmalar indiyə qədər zaman-zaman baş verir. Ekspertlər son dövrlər baş verən atışmaların miqyasını daha yüksək hesab edirlər. Çünki iriçaplı texnikalardan da istifadə halları var. Baş verənlər müharibə ehtimalını artırır”.


Jurnal Rusiyanı münaqişəni qızışdırmaqda ittiham edir.


“Rusiya Ermənistana da, Azərbaycana da silah satır. Hər iki ölkə ordunun təchizatına ciddi fikir verir. Bu, mümkün müharibəyə hazırlaşmaqdır. Analitiklər bu ilin yayından etibarən müharibənin başlaya biləcəyi ehtimalını müdafiə edir. Rusiyanın özü də regionda təsirini qorumaq üçün belə bir müharibədə maraqlı ola bilər”, - deyə məqalədə bildirilir.


Londonda yerləşən Müharibə və Sülh İnstitutunun rəhbəri Con Makleod “Newsweek”ə açıqlamasında müharibə təhlükəsinin həmişə olduğunu deyib. Onun sözlərinə görə, hazırda təmas xəttində baş verənlər bu təhlükəni artırır.


“Biz müharibədə Rusiyanın iştirakı, yaxud onun maraqları haqda dəqiq danışa bilmərik. Lakin ruslar getdikcə aktiv regional oyunçu kimi çıxış edir və bu oyunlarda onların maraqları şübhəsizdir”, - deyə ingilis ekspert vurğulayıb.


Con Makleod Rusiyanın “müharibə təhlükəsi”ni bəhanə edərək öz “sülhməramlılarını” regiona yeridə biləcəyini istisna etmir.


Ermənistandan olan ekspert Riçard Kirakosyan da Rusiyanın münaqişədən regiona müdaxilə üçün istifadə edə biləcəyini deyib. Onun sözlərinə görə, Moskva region ölkələrinə qarşı əlavə təsir imkanı əldə etmək üçün münaqişəni qızışdıra və “sülhməramlı qüvvələrini” yeridə bilər.


“Newsweek” ABŞ-ın Dağlıq Qarabağın qondarma rejiminə maliyyə yardımı ayırmasına da toxunub. Bunun Azərbaycanda narahatlıqla qarşılandığını bildirib.


“Hər iki tərəf son aylarda silahlardan istifadədə daha həvəsli görünür. Bu isə sülh danışıqlarını iflasa uğradır. Baş verənlər yaxın vaxtlarda müharibə başlaya biləcəyini deməyə əsas verir”, - deyə jurnal qeyd edib.


Qeyd edək ki, ötən ayın sonlarında rusiyalı politoloq Andrey Petrov Ermənistanın may ayında təmas xəttində təxribatı genişləndirəcəyini açıqlamışdı.

“Qarşıdakı üç ayda cəbhədə gərginlik tədricən artacaq. Bu, iyun ayında Azərbaycanın I Avropa Yay Oyunlarını keçirməsi ilə bağlıdır və İrəvan həmin ərəfədə fəallaşmağa cəhdlər edəcək. Ermənistan faktiki olaraq sosial və iqtisadi göstəricilərə görə Azərbaycandan geri qalır. İrəvana münaqişə həm də iqtisadi məğlubiyyəti ört-basdır etmək üçün lazımdır. Digər tərəfdən, “erməni soyqırımı”nın 100 illiyi və I Avropa Yay Oyunları təxribatlar üçün əlverişli məqamdır”, - deyə politoloq qeyd etmişdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm