Məhkəmə Dərbənd merinə bəraət verdi: Abdulatipov – Yarəliyev savaşında yenilik – ÖZƏL
Bizi izləyin

Nida.az

Məhkəmə Dərbənd merinə bəraət verdi: Abdulatipov – Yarəliyev savaşında yenilik – ÖZƏL

Dərbənd şəhər məhkəməsi Şəhər Məclisinin sədri İmam Yarəliyev haqqında iddianı ləğv edib.


Publika.az-a Dərbənddən daxil olan məlumata görə, şəhər məhkəməsi İmam Yarəliyev haqda Rusiya federasiyası Cinayət Məcəlləsinin 86-cı maddəsinin ikinci bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə qaldırılan cinayət işinə xitam verib.

Dərbənd şəhər prokurorluğu isə məhkəmənin qərarından apelyasiya şikayəti verib.


Qeyd edək ki, Dərbənd şəhər rəhbəri İmam Yarəliyevlə Dağıstan rəhbəri Ramazan Abdulatipov arasında ciddi qarşıdurma yaşanır. Dərbənd Şəhər İcra Hakimiyyətinin tikinti və arxitektura idarəsinin müdiri əslən azərbaycanlı olan Kamil Seyidovun verdiyi ifadə əsasında qaldırılan cinayət işinin arxasında məhz Abdulatipovun dayandığı deyilirdi. Bütün mübarizə Dərbənd rəhbərliyi postu uğrunda aparılır. Abdulatipov Yarəliyevdən keçmiş ədliyyə naziri Azadin Rəhimovu vəzifəyə gətirməsini istəyir. İkinci tərəf bundan imtina etdikdən sonra qarşıdurma güclənib.

İ. Yarəliyev fevralın 11-də Cənubi Dağıstanın icma rəhbərlərini bir araya toplayaraq, fövqəladə toplantı keçirib. Toplantıda Abdulatipov sərt ittiham olunub və onun haqqında Kremlə məktub ünvanlanıb.
R. Abdulatipovun cavabının fevralın 27-də olacağı gözlənilir. Belə ki, Dağıstan rəhbəri 2300 nəfərin iştirakı ilə respublika üzrə toplantı keçirmək niyyətindədir. Tərəflər arasında baş verən qarşıdurma Kremldə narahatlıqla izlənilir.


Bir müddət öncə Publika.az-a daxil olan məlumatda, Yarəliyevin postundan getməsində Dərbənd şəhərinin hüquq-mühafizə orqanlarının rəhbərlərinin də maraqlı olduğu deyilirdi. Görünür, şəhərin məhkəmə sistemi Yarəliyevə, prokuror-polis sistemi isə Dağıstan rəhbərliyinə yaxındır. Yarəliyevə bu mübarizədə Rusiya prezidentinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi, ləzgi əsilli Sergey Melikovun dəstək verdiyi haqda informasiyalar var.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm