• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sinan Oğan: “Rusiyanın Azərbaycanla müharibəsi, Türkiyəylə müharibə deməkdir” – MÜSAHİBƏ – FOTOLAR

  • Nida.az
  • 25 Fevral 2015 15:10
  • 1 300 Baxış
Sinan Oğan: “Rusiyanın Azərbaycanla müharibəsi, Türkiyəylə müharibə deməkdir” – MÜSAHİBƏ – FOTOLAR

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədr müavini, tanınmış strateji araşdırmaçı Sinan Oğanın Publika.az-a müsahibəsi:

“Rusiyanın Azərbaycana müharibə elan etməsi, Türkiyəyə müharibə elan etməsi deməkdir”

– Ukraynada baş verən hadisələr fonunda Qarabağda da müharibənin alovlanacağı ilə bağlı fikirlər ortaya atılır. Yaxın illərdə Dağlıq Qarabağda müharibənin başlanması nə qədər real görünür?

– Bu gün Ermənistanın Qarabağda yeni müharibə başlatmaq gücü və niyyəti yoxdur. Ermənistan bunu Rusiyanın dəstəyi ilə edə bilərdi. Amma Rusiyanın da bu gün Ermənistana deyil, güclü və zəngin Azərbaycana və Türkiyəyə ehtiyacı var. Yəni, onsuz da dünyadan təcrid olunmuş Rusiya Ermənistana yaxından dəstək vermək naminə Türkiyə və Azərbaycan ilə qarşı-qarşıya gələrmi? Əlbəttə ki, gəlməz. Bu yaxınlarda Gümrüdə baş verən hadisələrdən sonra rusların ermənilərə olan baxışı dəyişib. Bunu nəzərə alsaq, o zaman indiki halda Ermənistanın Azərbaycanla müharibəyə başlaması mümkünsüz görünür. Rusiyanın da indiki halda bu və ya digər formada Azərbaycana müharibə etməsi real görünmür. Çünki Rusiyanın açıq şəkildə Azərbaycana qarşı müharibə elan etməsi, Türkiyəyə qarşı müharibə elan etməsi deməkdir. Mən Rusiyanın bütün bunları nəzərə aldığı qənaətindəyəm.

Digər tərəfdən isə, müharibə etməyə Ermənistanın nə maddi, nə hərbi, nə də əhali imkanları kifayət etməz. İndi Azərbaycan ilə Ermənistan arasında mövcud olan fərq nisbəti çox dəyişib. Həm nüfuz olaraq, həm də iqtisadi baxımdan Azərbaycan Ermənistanı çox üstələyir. Bu gün dünyada Ermənistanın nüfuzu getdikcə daha da zəifləyir, Azərbaycanın nüfuzu isə artır. Ermənistan iqtisadiyyatı ildən-ilə daha da pisləşir, Azərbaycan iqtisadiyyatı isə güclənir. Bunun üçün indi hər ötən dəqiqə Ermənistanın əleyhinə işləyir. Əgər ermənilərdə zərrə qədər ağıl varsa, o zaman dərhal gedib sülh masasına oturub münaqişənin həllini dinc yolla həll etməlidirlər. Əks halda, bu münaqişə onsuz da həll olunacaq.

Ukraynada, İraqda, Suriyada baş verən hadisələrdən də Azərbaycanın deyil, Ermənistanın dərs çıxartması lazımdır. Çünki əks təqdirdə, Azərbaycan bir gün girib öz torpaqlarında olan işğalçıları darmadağın edər və heç kəsin də səsi çıxmaz. İndi əvvəlki zaman deyil. Bu gün dünyanın hər yerində müharibə var. Keçmişdə deyirdik ki, əgər müharibə baş versə, dünya buna nə isə deyər və sairə. Amma bu gün dünyanın o qədər problemi var ki, heç kəs kiçik Ermənistanın harayını eşitməz. Ona görə də əgər Ermənistanın ağlı varsa, gəlib sülh masasına otursun. Çünki indi Ermənistan itirməyə məhkumdur, ayrı yolu yoxdur. Dağlıq Qarabağda başlaya bilən bu müharibədən Ermənistanın qalib çıxması əsla mümkün deyil.

Ermənilərin ən çox ümid etdiyi məsələ qondarma soyqırımın 100 ili ilə bağlı yalan idi. Bu yalan da artıq ifşa olunub. İnanıram ki, ermənilərin bu təzyiq rıçaqına da ən yaxın zamanlarda son qoyulacaq.

Ermənilər gec-tez bölgədə Türkiyə və Azərbaycanla baş-başa qalacaqlar. Bu gün Ermənistan nə ABŞ, nə də Fransa ilə sərhəd deyil. Ermənistan Türkiyə, Gürcüstan, İran və Azərbaycan ilə sərhəddir. Hər şeyi dəyişdirmək olar, amma qonşunu dəyişdirmək mümkün deyil. Dolayısı ilə də, əgər ağlın varsa, o zaman qonşularında yaxşı keçinməyə çalışmalısan. Ermənistanın da ağılı varsa, o zaman gəlib Azərbaycan və Türkiyə ilə eyni masaya otursun, işğal etdiyi torpaqlardan geri çəkilsin və öz gələcəyini qurtarsın. Çünki Ermənistanın gələcəyi çox qaranlıq, bataqlıq görünür. Ermənistan Qarabağda işğalı çox davam etdirə bilməz. Qarabağ işğal olunanda Azərbaycan zəif idi, Ermənistan isə Rusiyanın sayəsində güclü idi. Amma indi Ermənistan zəif, Rusiya tənha, Azərbaycan və Türkiyə güclüdür. Ona görə də indi bütün şərtlər dəyişərək Türkiyə və Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə işləyir.

“Sarkisyan hakimiyyəti iqtidarı güc yolu ilə əldə saxlayır”

– Gümrü hadisələri bir daha göstərdi ki, Ermənistan əhalisi indiki iqtidarı istəmir. Erməni əhalisi Serj Sarkisyan hakimiyyətini devirə bilərmi?

– Hazırda Sarkisyan hakimiyyəti iqtidarı güc yolu ilə saxlayır. Keçirilən etiraz aksiyalarından da bəllidir ki, Ermənistan əhalisinin böyük əksəriyyəti Sarkisyanı hakimiyyətdə görmək istəmir. Əgər erməni diasporunun müdaxiləsi və təsiri olmasa, o zaman normalda Ermənistan əhalisi də hakimiyyətin yürütdüyü işğalçılıq siyasətinə qarşıdır. Bu gün Ermənistan əhalisinin böyük əksəriyyəti pul qazanmaq üçün Türkiyədə və digər ölkələrə gedib çalışırlar. Onlar da istəyir ki, sülh və əmin-amanlıq olsun, evlərinə yeməyə çörək gətirə bilsinlər və sairə. Hesab edirəm ki, narazı erməni əhalisinin dolanışıq dalınca xarici ölkələrə üz tutması da Sarkisyanın hakimiyyətdən getməsi üçün bir səbəb olacaq. İnşallah, Ermənistana sülhün və ədalətin yanında olan bir iqtidar gələcək. Əks təqdirdə, Ermənistan müharibənin gerçək üzünü görmək məcburiyyətində qalacaq.

“Sarkisyanla müqayisədə Levon Ter-Petrosyan daha çox sülh istəyir”

– Ermənistanda hakimiyyətə gəlmək istəyən müxalifət liderləri arasında ən şanslı namizədlərdən biri kimi bir zamanlar azərbaycanlılara qarşı qətliamlar törətmiş Levon Ter-Petrosyanın adı hallanır. Sizcə, Levon Ter-Petrosyan Ermənistanda yenidən hakimiyyətə gəlsə, bu, Dağlıq Qarabağın sülh yolu ilə ədalətli həllinə nə qədər kömək etmiş olar?

– Levon Ter-Petrosyanın da əli qana batıb, Qarabağda azərbaycanlılara qarşı törədilmiş qanlı hadisələrdə onun da bilavasitə iştirakı var. Yəni, Levon Ter-Petrosyan da günahsız deyil. Amma hakimiyyətdən gedəndən sonra Levon Ter-Petrosyanın bir az ağılı başına gəlib. Ən azından Serj Sarkisyanla müqayisədə Levon Ter-Petrosyan daha çox sülh istəyir. Əslində Qərb də bunu istəyir. Qərb Ermənistanın Rusiyadan asılı qalmasını istəmir. Türkiyə kimi Qərb də bu bölgədə sülh istəyir. Ona görə də Ermənistanda müharibəpərəst deyil, sülhpərvər bir rəhbərin gəlməsi vacibdir. Əks təqdirdə Ermənistan əhalisi də anlayır ki, onlar Azərbaycanla müharibə aparsalar, buna gücləri və imkanları çatmayacaq. Əslində Gümrü hadisəsi bir bəhanə idi. Bu hadisə Rusiyanın Ermənistana münasibətinin dəyişməsi, erməni əhalisinin Sarkisyana qarşı etirazı üçün bəhanə oldu.

Təbii ki, dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi də vacibdir. Bununla bağlı Azərbaycandan olan millət vəkili Azay Quliyevin də bir təklifi var idi. Bu, çox önəmli təklifdir.

Türkiyə və Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrləri sırasına qoşulması təklifi çox vacibdir. Mən bunu çox bəyənirəm və alqışlayıram. Türkiyə və Almaniyanın bura qoşulması ilə ATƏT-in Minsk qrupu çox fəal və səmərəli bir təşkilat halına gələ bilər. Ona görə də bu məsələnin üzərinə ciddi düşmək lazımdır.

“Türkiyə və Almaniya qoşulsa, Minsk qrupunun həmsədrləri siyahısında tarazlıq yaranar”

– Sizcə, Türkiyə və Almaniya da ATƏT-in Minsk qrupunun həmsədrləri sırasına qoşula bilər?

– Ola bilər. Çünki olma imkanları çox genişdir. Bu gün bu bölgənin ən önəmli ölkəsindən biri Türkiyədir. Avropanın da ən zəngin və nüfuzlu ölkəsi Almaniyadır. Almaniya zəngin olsa da, siyasətdə bir qədər kasıbdır. Almaniya da istəyər ki, bu cür yolla dünya siyasətində fəal iştirak etsin. Biz Türkiyə və Azərbaycan olaraq Almaniya kimi güclü dövləti də yanımıza çəkə bilərik. Bununla da ATƏT-in Minsk qrupunun həmsədrləri siyahısında bir tarazlıq yaranar. Çünki Minsk qrupunun həmsədrlərindən olan ABŞ, Fransa və Rusiya Ermənistana tərəf olduğu üçün, Türkiyə və Almaniya da bu tarazlığı düzəldə bilər.

“İŞİD Türkiyə, Qafqaz və Orta Asiya üçün real təhlükədir”

– Son vaxtlar dünya üçün böyük təhlükəyə çevrilmiş İŞİD Türkiyə üçün də problemə çevrilib. Bu yaxınlarda Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı da bununla bağlı xəbərdarlıq bəyanatı yayıb.

– Bu məsələni Türkiyə parlamentində ilk dəfə gündəmə gətirən mənəm. İŞİD-in Türkiyədə yatan hüceyrələri olduğunu və ölkəmiz üçün real təhlükə və təhdid olması barədə ilk dəfə mən açıqlama verərək gündəmə gətirmişəm. Bu gün də eyni fikirdəyəm. Amma çox təəssüf ki, hökumət mənim 6 ay öncə söylədiyimi indi söyləyir. Bu gün İŞİD Türkiyə üçün böyük təhlükə və təhdiddir. Amma İŞİD təkcə Türkiyə üçün deyil, həmçinin, Qafqaz və Orta Asiya dövlətləri üçün real təhlükədir. Hər kəs İŞİD-ə qarşı mübarizədə ayıq-sayıq olmalıdır. Çünki bu cür terror təşkilatlarının nə zaman kimi vurması bəlli deyil. Vaxtilə “Taliban” və “Əl-Qaidə” ABŞ tərəfindən keçmiş Sovetlər İttifaqına qarşı istifadə olunurdu və dəstəklənirdi. Amma sonradan bu terror təşkilatları çevrilib ABŞ-ın özünü vurdu.

Vaxtilə İsrail “Həmas” təşkilatını yaxından dəstəkləyirdi, amma sonradan bu təşkilat İsrailə qarşı oldu. İŞİD də eyni formada olan təşkilatdır. Kim dəstəkləyərsə, sabah onu da vuracaq.

Vasif Həsənli

Fotolar müəllifə məxsusdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR